waplog

İKT müsabiqəsi üzrə məsləhət seminarları oktyabrın 1-də başa çatır



Prezident yanında Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə elan etdiyi 2-ci məqsədli İKT müsabiqəsi (EİF-RİTN-MQM-2/İKT-2-2013-7(13)) üzrə məsləhət seminarları oktyabrın 1-də başa çatacaq. Fonddan verilən məlumata görə, seminarların keçirilməsində məqsəd qrant iddiaçılarına müsabiqəyə təqdim olunacaq layihələrin tərtibatı üzrə məsləhətlərin verilməsi, ortaya çıxan sualların cavablandırılmasıdır. “İKT-2” müsabiqəsi çərçivəsində əvvəlki məsləhət seminarları 10, 17 və 24 sentyabr tarixlərində keçirilib. 
 
Qeyd edək ki, müsabiqə “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 29-cu bəndinin icrası - “İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi” məqsədi ilə keçirilir. Elmin İnkişafı Fondu tərəfindən 2013-cü ildə İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə bir neçə qrant müsabiqəsinin (pilot layihə, fundamental-tətbiqi xarakterli layihələr və s. üzrə) keçirilməsi qərara alınıb. Bu məqsədlə müsabiqə şərtləri, elmi istiqamətlər və prioritetlər müəyyənləşdirilib.
 
2-ci İKT müsabiqəsinə gəlincə, o, fundamental-tətbiqi, axtarış-innovasiya, maddi-texniki təminat, elmi tədbirlərin təşkili və b. tipli layihələri əhatə edir. Nəzərdə tutulan 3-cü birgə müsabiqə çərçivəsində isə İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərin və irəli sürülmüş ideyaların qiymətləndirilməsi planlaşdırılır.
 
Müsabiqənin prioritetləri sırasına İKT və elmi tədqiqatların informasiya təminatı; innovativ inkişaf məsələləri; informasiya resursları; İKT-nin tətbiqi məsələləri; informasiya cəmiyyəti, e-hökumət və humanitar siyasət problemləri; inkişaf indeksləri sistemi, İKT və sosial həyat (tibbi-psixoloji, ailə, cəmiyyət və s.); kibertəhlükəsizlik; informasiya təhlükəsizliyinin siyasi, elmi-nəzəri və texnoloji problemləri; fərdi məlumatların qorunması; “Yaşıl” İKT həlləri; Distant təhsil və İKT tədris resursları; vətəndaşların İKT biliklərinin artırılması; internetdə söz azadlığı, insan hüquqları; internetin idarə olunması; biometrika və kriptoqrafiya; vebometrika; elmmetrika; beynəlxalq və istinad indeksləri; Azərbaycanda elm sahəsində vəziyyətin qiymətləndirilməsi; Azərbaycan elmi jurnallarının elektronlaşdırılması və indeksləşdirilməsi problemləri; İKT üzrə beynəlxalq konfrans (forum və ya festivalın) keçirilməsi və b. məsələlər daxildir. 2-ci məqsədli İKT müsabiqəsi (EİF-RİTN-MQM-2/İKT-2-2013-7(13)) sentyabr - oktyabr aylarını əhatə edir. Bu müddət ərzində layihələr qəbul olunur, onların texniki və elmi ekspertizası işi təşkil edilir.
 
Müsabiqənin nəticələrinin isə noyabrın 10-da  açıqlanması planlaşdırılır.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL