waplog

“Bu gün qabaqcıl texnologiyaların tətbiqi xüsusi aktuallıq kəsb edir”


“Dünya İqtisadi Forumunun reytinq cədvəlinə əsasən, Azərbaycan iqtisadiyyatının artım tempi son 3 ildə 57-ci yerdən 39-cu yerə yüksəlib. Bu fakt onu deməyə əsas verir ki, ölkəmiz müstəqil şaxələndirmə siyasəti sayəsində iqtisadi-siyasi dividendlər qazanır. Nüfuzlu beynəlxalq təşkilatlar etiraf edirlər ki, Prezident İlham Əliyevin enerji resurslarından asılılığın azaldılmasına, innovasiyalı və ya başqa sözlə "ağıllı" iqtisadiyyatın yaradılmasına yönəlmiş siyasəti, "qara qızıl"ın intellektual kapitala çevrilməsi real nəticələr verir”.
 
“ICTnews” xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə söyləyib. Akademik “yap.org.az” saytına verdiyi müsahibədə deyib ki, milli iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində bu ilin ilk yeddi ayında qeyri-neft sektoru daha 10 faiz artıb. Bu isə o deməkdir ki, geniş əhatəli iqtisadi siyasət yürüdən ölkəmiz iqtisadi rəqabət qabiliyyətini daha da yüksəltməkdədir.
 
 
A.Əlizadə deyib ki, bu gün müəyyən problemlərin mövcudluğuna baxmayaraq Azərbaycan elmi inkişaf etməkdə, qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir:
 
“Bu prosesin əsasında Prezident İlham Əliyevin elmə böyük qayğısı dayanır. Bu gün Azərbaycan elmində ciddi islahatlar həyata keçirilir. Həyata keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə edilməsi, ölkənin intellektual resurslarının innovativ əsaslarla səfərbər edilməsi, müxtəlif elm sahələrinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, elmlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, elm və təhsilin inteqrasiyası, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi elmin özünün prioritet fəaliyyət sahəsinə çevrilməsi və s. kimi məqamlar xüsusi aktuallıq kəsb edir. Bu prosesdə elm və texnologiyaların qloballaşması prosesi xüsusi olaraq nəzərə alınır. Bunun əlamətlərindən biri müxtəlif ölkə alimləri arasında elmi informasiya mübadiləsinin genişləndirilməsidir”.
 
 
AMEA prezidenti əlavə edib ki, müasir dövrün müstəqil dövlətləri üçün intellektlə hakimiyyətin vəhdəti getdikcə daha böyük əhəmiyyət kəsb edir. Dövlət idarəetməsində bu prinsipin əsas götürülməsinin nəticəsidir ki, Azərbaycanda da modernləşmə istiqamətində həyata keçirilən ardıcıl siyasət özünün yeni intellektual səviyyəsinə qalxıb: “İndi cəmiyyətin ayrı-ayrı sosial qruplarının dövlət quruculuğunda fəal iştirak etməsinə və öz müstəqil dövlətinin keşiyində durmasına daha çox ehtiyac yaranıb. Bu prosesdə Azərbaycan cəmiyyətinin gənc, güclü, perspektivli intellekt sahiblərinin dövlətimizin həyata keçirdiyi siyasətin avanqardına çevrilməsi üçün zəmin yaranıb.
 
Ötən ilin dekabrında cənab İlham Əliyevin fərmanı ilə təsdiq olunan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkəmizin növbəti illərdə mövcud imkan və resursları nəzərə almaqla davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi prinsiplərinin reallaşdırılması ilə səciyyələnir. Bu konsepsiyada Azərbaycanın gələcək inkişafı əsasən ənənəvi iqtisadiyyatdan "bilik iqtisadiyyatı"na keçid prinsipinin reallaşdırılması istiqamətində müəyyənləşdirilmişdir. Bu prinsiplərin həyata keçirilməsi isə ilk növbədə elmi-innovativ yanaşmanın gücləndirilməsini, elm-təhsil və elm-istehsalat arasında əlaqələrin artırılmasını, innovasiya fəallığının yüksəldilməsini tələb edir.
Cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm cəhətlərindən biri də vətəndaşın sosial fəallığı ilə siyasi-ideoloji yetkinliyin bir-birini tamamlamasını təmin etməklə bağlıdır. Bu, intellektlə mənəvi-əxlaqi dəyərlərin harmoniyası sayəsində reallaşdırılır. Bu kursun nəticəsində Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi baxımdan inkişaf edərək regionun lider dövlətinə çevrilib.
Azərbaycanda sosial-iqtisadi, siyasi sistemin təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi ilə yeni bəşəri idarəetmə üsulunun tətbiqi cənab İlham Əliyevin beynəlxalq aləmdə şəxsi nüfuzunun ildən-ilə artmasına gətirib çıxarıb”.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL