Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan məktəblisi bürünc medala layiq görülüb
İyulun 22-dən 28-dək Tailandın kurort məkanı Pattayada məktəblilərin XXIII Beynəlxalq İnformatika Olimpiadası keçirilib. Azərbaycan komandasının üzvü Azad Salahlı olimpiadada bürünc medala layiq görülüb.
Xatırladaq ki, dünya ölkələrində təhsilin və innovativ təhsil texnologiyalarının inkişafında mühüm rol oynayan Beynəlxalq İnformatika Olimpiadası ilk dəfə 1989-cu ildə keçirilib. Ölkəmiz Beynəlxalq İnformatika Olimpiadasına 1993-cü ildən dəvət alsa da, onda 1994-cü ildən başlayaraq iştirak edir. 1996, 1997, 2004-cü illərdə iştirakçılarımız bürünc, 2003-cü ildə isə gümüş medal qazanıblar. 2004-cü ildən hər il nəticələr daha yaxşı olub. Lakin ildən-ilə olimpiadanın səviyyəsi çətinləşdiyindən xüsusi hazırlıq olmadan burada uğur qazanmaq mümkün deyil.
XXIII olimpiadada dünyanın 77 ölkəsindən 304 məktəbli iştirak edib. İştirakçı ölkələrin sayına görə Beynəlxalq İnformatika Olimpiadasını yalnız Riyaziyyat Olimpiadası ilə müqayisə etmək olar. Sərf olunan vəsaitə gəlincə isə BİO başqa fənn olimpiadalarını üstələyir. Hazırda YUNESKO-nun himayəsi altında məktəblilər arasında 13 elm sahəsi üzrə Beynəlxalq Olimpiada keçirilir.
Olimpiadanın qaydalarına görə, hər bir komandanın tərkibində dörd məktəbli ola bilər. Əvvəlki illərdə olduğu kimi, bu il də komandamızın tərkibi müəyyənləşdirilərkən informatika üzrə respublika olimpiadasının, proqramlaşdırma üzrə tələbələr arasında keçirilmiş olimpiadanın, beynəlxalq səviyyəli onlayn olimpiadaların nəticələri, o cümlədən şagirdlərin yaşı nəzərə alınmışdır. Sonuncu meyarın mahiyyəti ondan ibarətdir ki, təxminən eyni göstəriciləri olan iki məktəblidən, daha aşağı sinifdə təhsil alan şagirdə üstünlük verilmişdir. Beləliklə, Tailand olimpiadasında ölkəmizi VIII-XI sinif şagirdlərindən ibarət komanda təmsil edirdi.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan məktəblilərinin olimpiadaya hazırlığı AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzinin nəzdində yaradılmış Olimpiya Mərkəzində aparılmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun və "İnfomas" ictimai birliyinin elmi-metodiki və təşkilati, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə olimpiadaya hazırlıq dərsləri İTİ, BDU və digər ali təhsil müəssisələrinin aparıcı alim və mütəxəssisləri tərəfindən aparılmışdır. Komanda üzvlərinə "Kombinatorika", "Ehtimal nəzəriyyəsi", "Qraflar nəzəriyyəsi" və riyaziyyatın digər sahələri üzrə mühazirə və məşğələlər keçirilmişdir. İyun ayının 1-dən iyul ayının 17-dək davam etmiş treninqlər Bakı Dövlət Universitetinin dosenti, Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandasının rəhbəri Ramin Mahmudzadənin rəhbərliyi altında aparılmışdır.
Məlumat üçün onu da bildirək ki, ölkəmizin Beynəlxalq İnformatika Olimpiadasında iştirakı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin olimpiada tədbirləri sisteminə daxil edilib. Beynəlxalq Olimpiadanın Təşkilat Komitəsinin rəsmi dəvəti əsasında Azərbaycan Respublikasının təhsil naziri respublika yığma komandasının olimpiada yarışlarına göndərilməsi haqqında əmr imzalayır. Əmrdə respublika komandasının tərkibi və olimpiadada iştirakla bağlı maliyyə xərclərinin ödənilməsi qaydası müəyyən olunur. Hər bir iştirakçı ölkənin nümayəndə heyəti tərkibinə komandanın rəhbəri, onun müavini və 4 şagird daxil ola bilər. Nümayəndə heyətinin tərkibinə əlavə olaraq başqa şəxslər də (iştirakçıların məşqçiləri, informasiya sahəsində məsləhətçi və mütəxəssislər və s.) daxil edilə bilər.
Beynəlxalq İnformatika Olimpiadası hər il keçirilir. Hazırda 2015-ci il də daxil olmaqla növbəti olimpiadaların keçiriləcəyi ölkələr müəyyənləşdirilib. Növbəti XXIV Beynəlxalq İnformatika Olimpiadası 22-29 sentyabr 2012-ci il tarixində İtaliyada keçiriləcək. Sentyabr ayından Ramin Mahmudzadənin rəhbərliyi ilə istedadlı şagirdlərin seçiminə başlanılacaq. Oktyabr ayından olimpiadaya qədər həmin şagirdlərlə hazırlıq aparılacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL