waplog

Səlim Müslümov: “Lokal şəbəkələr fiber-optik kanallarla mərkəzi informasiya sisteminə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb”



Pensiya təyinatının avtomatlaşdırılması davamlı pensiya islahatı tədbirlərinin məntiqi nəticəsidir. Bu sıraya pensiya təyinatı alqoritminin sadələşdirilməsi, ödənilən sosial sığorta haqlarının fərdi uçotunun təşkili, sistemdə Avropa standartlarına uyğun müasir infrastrukturun qurulması, fondun serverlərində nadir məlumat bazalarının yaradılması kimi kompleks tədbirlər daxildir.
 
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov oktyabrın 6-da prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məlumat verib. Fond sədrinin sözlərinə görə, bu ilin iyul ayında Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda avtomatlaşdırılmış pensiya təyinatına başlanıb:
 
 “Pensiya yaşına çatmış vətəndaş heç bir orqana getmədən və heç bir sənəd təqdim etmədən Fondun “Mərkəzi Çağrı Sistemi”nə zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini söyləməklə ona avtomatik olaraq pensiya təyin edilir və vətəndaşa təyin olunan pensiyanın məbləği və plastik pensiya kartını ala biləcəyi tarix və müvəkkil bankın ünvanı bildirilir. Eyni zamanda, vətəndaşa müvafiq məlumatlar çap olunaraq üzərində onun şəkli də olan rəsmi bildiriş göndərilir. Bu islahat tədbiri sistemdə  şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, insan amilinin rolunun son dərəcə azaldılmasına səbəb olub. İki aydan bir qədər az vaxt ərzində 500 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb ki, bunlardan 170-i Bakıda, 330 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlardır”.
 
 
Hesabat dövründə Dövlət Sosial Müdafiə Fondunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm tədbirlər görülüb:
 
 “Şöbələr üçün yeni inzibati binalar tikilib, hər bir şöbədə lokal şəbəkələrin yaradılması işi davam etdirilib, bu şəbəkələr fiber-optik kanallarla mərkəzi informasiya sisteminə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb. Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı artırılıb və “Elektron hökumət” portalının statistikasına əsasən, DSMF-nın göstərdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlər sırasına daxil olub. Bu ilin 8 ayında 84 min nəfərdən çox şəxs “Elektron hökumət” portalı vasitəsilə bu xidmətlərdən istifadə edib. Bununla da 2013-cü ilin 9 ayında Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi tədbirlər sayəsində ölkədə aparılan pensiya islahatlarında mühüm nailiyyətlər əldə edilib”.



Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL