Nəsimi adına Dilçilik İnstitutunun yeni strukturunda “Kompüter dilçiliyi” şöbəsi də yer alıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Nəsimi adına Dilçilik İnstitutunun yeni strukturunu təsdiq edib. AMEA-nın prezidenti, akademik A.Əlizadə Rəyasət Heyətinin iclasında akademiyada struktur islahatlarının davam etdirildiyini bildirib:
“Ölkə Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda qloballaşma dövrünün tələblərinə uyğun olaraq, AMEA-nın Dilçilik İnstitutunun strukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının müasirləşdirilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq, institutun yeni strukturunun layihəsi hazırlanıb”.
AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdulla iclas iştirakçılarını institutun yeni elmi-tədqiqat şöbələri və qurumları ilə tanış edib. Yeni strukturda Müasir Azərbaycan dili, Dil tarixi və dialektologiya, Nəzəri dilçilik, Tətbiqi dilçilik, Türk dilləri, Hind-Avropa, Qədim dillər və mədəniyyətlər, Sosiolinqvistika və dil siyasəti, Kompüter dilçiliyi və Monitorinq elmi-tədqiqat şöbələri yer alıb. Bundan əlavə, institutda elmi-yardımçı qurumlar sırasında "Türkologiya" və "Dilçilik İnstitutunun əsərləri" jurnallarının redaksiyaları da fəaliyyət göstərəcək.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL