waplog

Rəqəmli yayıma keçid televizor seçiminə yenidən baxılmasını gündəmə gətirir


"Azərbaycan Respublikasının ərazisində rəqəmli televiziya yayımına keçidin təmin olunması" "İKT ili" üzrə Tədbirlər Planının əsas bəndlərindən biridir. Sözügedən bənd üzrə "Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı"na uyğun olaraq, aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülməkdədir. Belə ki, əhali yaşayan ərazilərin 96 faizini rəqəmli TV ilə təmin edən TV yayım şəbəkəsi qurulub və Milli Televiziya və Radio Şurasının müvafiq qərarı ilə açıq paketə daxil olan (AzTV, İdman, Mədəniyyət, İTV, Lider TV, ANS TV, ATV, Space TV, Xəzər TV və TRT-1) TV proqramlarının bu şəbəkə vasitəsilə yayımına Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müvafiq texniki imkanlar yaradılıb. Hazırda ölkə ərazisində analoq TV proqramlarının rəqəmli TV proqramları ilə paralel olaraq yayımı həyata keçirilsə də, qarşıdakı hədəf ilin sonuna qədər tam rəqəmli yayıma keçiddir.
 
Mənəvi cəhətdən köhnəlmiş analoq televizorlardan kütləvi imtina
 
Hazırda dünya ölkələrində əsasən rəqəmli televizorların istehsal və istifadə edildiyini, rəqəmli TV yayımı üzrə milli standartın qəbul edildiyini nəzərə alsaq, Azərbaycanda milli standartlara malik rəqəmli televizorların istehsalına daha çox üstünlük verilməsi şəksizdir. Bu amilləri əsas tutan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu  (AZPROMO) da düz bir əvvəl DVB-T və ya DVB-T2 MPEG-4 çevirici qurğusu olmayan, mənəvi cəhətdən köhnəlmiş analoq televizorların istehsalının məhdudlaşdırılması və rəqəmli televizorların istehsalına başlanılması üçün müvafiq tədbirlərin görülməsini tövsiyə etmişdi. Məsələnin bir tərəfi istehsalçı şirkətlərə tövsiyələrdən ibarətdirsə, ikinci tərəf olan alıcılar-istehlakçılar da zəruri tövsiyələrə ehtiyac duyurlar. Çünki uzun illər boyu bazarda dominant mövqedə dayanan analoq televizorlardan istifadə edənlər onun alışı zamanı da az qala satıcılar qədər püxtələşmiş, peşəkar və məlumatlı sayılırdılar. Amma sürətlə yenilənən texnoloji erada rəqəmli televizorları tanımaq və bir-birindən fərqləndirmək o qədər də sadə prosedur deyil. Bu səbəbdən sadalanan məsələlər televizor seçiminə də yenidən baxılmasını gündəmə gətirir: "Hansı televizorları almalı?" "Rabitə dünyası" sualın cavabını İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDX) ilə birgə araşdırıb.
 
Televizor seçimi çətinləşir
 
Dövlət Xidmətindən qeyd edilir ki, durmadan təkmilləşən müasir televizorlar təkcə dizayn gözəlliyinə görə yox, həm də yüksək görüntü keyfiyyətinə görə fərqlənirlər: "Hal-hazırda televizorların 10 mindən çox modeli istehsal edilir. Bu səbəbdən televizor seçimi zamanı onun hansı xüsusiyyətlərinin nəzərə alınması kifayət qədər çətinləşir. Televizor həyatımızın mühüm tərkib hissəsidir. Sırf texniki baxımdan yanaşdıqda televizor televiziya siqnallarını qəbul və vizual təsvir etmək üçün istifadə olunan qurğudur. Təsvirlərin rənginə görə qara və rəngli televizorlar mövcuddur. Hazırda demək olar ki, əsasən rəngli televizorlardan istifadə edilir və televiziya ötürmələri üçün rəqəmli sistemlərin tətbiqi həyata keçirilir. Bu yeni sistem şəklin və səs qəbulunun keyfiyyətini artırmağa imkan verir. Ona görə də hər bir istehlakçının bu avadanlıqları alarkən aldanmamaq üçün nə etməli olduğunu bilməsi vacibdir".
 
Televizorun ən geniş yayılan növləri: plazmalı, mayekristallı və işıqdiodlu
 
Televizorlar əsasən ekran tipinə, quruluşuna, ölçülərinə, qiymətinə görə təsnifləşdirilir: "Hazırda televizorun ən geniş yayılmış növləri plazmalı, mayekristallı və işıqdiodlu olanlardır. Plazma televizorlar işə salınarkən qazın köməyi ilə təzyiq vurulur və ekran işıqlanır. Effektinə, kontrast və rəngötürücülüyünə görə plazma televizorlar xüsusilə müsbət mənada seçilirlər. Ekran yaxşı görüntü yaradır və toz yığmır. Bu tip bütün televizorların kompüter çıxışları olur və uzun müddət işləyirlər".
 
Plazma tiplilərin bazardan sıxışdırılacağını güman edənlər niyə yanıldılar?
 
Bütün texnologiyalarda olduğu kimi, yeni nəsil televizorların da rəqabətə daha davamlı olduğu düşünülür. Dövlət Xidmətindən bildirilir ki, işıqdiodlu televizorların da meydana çıxması ilə çoxları plazma tiplilərin bazardan sıxışdırılacağını güman edirdi. Amma bu güman özünü doğrultmadı: "Çünki bir sıra cəhətlərinə görə plazma tiplilər hətta onlardan üstün xüsusiyyətlərə malik olduğunu sübut edə bildilər". Belə ki, plazmaların eni 10-15 sm-dən artıq olmur ki, bu da onların mənzildə daha az yer tutmasına şərait yaradır. Plazma ekranlı televizorlar həmçinin işıqlılığına və böyük diaqonalda buraxıldığına görə digərlərini üstələyir və məhz bu baxımdan böyük ailələr üçün uyğundur.
 
"Məhz belə bir texnologiyaya görə görüntünün qara effekti ziyan çəkir"
 
Maye kristallı televizorlar ekranı maye kristallı hissələrdən ibarət olduğuna görə belə adlanırlar: "İşə düşən zaman siqnalın təsiri ilə kristallar ekranda yerdəyişməyə məruz qalır, lampanın buraxdığı işıq bu cür tənzimlənir və displeydə görüntü bu yolla dəyişir. Məhz belə bir texnologiyaya görə görüntünün çox mühüm bir parametri olan kontrastı və qara effekti ziyan çəkir. Bununla mübarizə üçün istehsalçılar son illər ekranın işıqlanması üçün lampadan yox, işıqdiodlardan istifadə edirlər. Bu kontraslığın artmasına və işıqötürücülüyün yaxşılaşmasına imkan verir. Bu tipli televizorlarda şəklin sürətlə dəyişməsi nəticəsində görüntü korlana bilər. Üstünlüyü isə enerji sərfinin az olması, elektromaqnit dalğalarının mövcud olmamasıdr. Bu xüsusiyyətləri onlardan kompüter üçün monitor kimi istifadə etməyə də imkan verir".
 
Təbiiliyi ilə seçilən LED-lər ancaq bununla fərqlənmir
 
Xidmətdən bildirilir ki, işıqdiodlu (LED) televizor isə digərlərindən görüntüsünün təbii olması ilə seçilir. Bu modellərdə mikrosxem olduğuna görə istifadəçi görüntüsünü idarə edə, ehtiyac olduğu təqdirdə onun kontraslığını formatlaşdıra bilər: "Bu cür televizorlar yüngül və nazik olduqlarına görə divarda xüsusilə gözəl görünürlər. Bundan əlavə, onlar ensiz ekrana malikdir və xeyli az enerji sərf edir. Lakin bu cür televizor digərləri ilə müqayisədə nisbətən bahadır. Proyeksiyalı televizorlar keyfiyyət və böyük görüntü həcminə görə məşhurlaşmışlar. Buna baxmayaraq, LED-lər bəzi xüsusiyyətlərinə görə plazma və maye kristallılarla eyni səviyyədə olsalar da, bir sıra mühüm cəhətlərə görə onlardan geri qalırlar. Kineskopik teleqəbuledicilər praktiki olaraq bazarda yoxdurlar, lakin yenə də onları müəyyən üsullarla tapmaq mümkündür. O qədər də yüksək qiymətə malik deyillər. Onların görüntü xarakteristikası (kontrast və işıqlılığı) yaxşı səviyyədədir. Əsas çatışmazlıqları kiçik həcmli olması, görüntüsünün geometrik inkarı və yüksəksəviyyəli videonu canlandırmaq imkanlarının olmamasıdır. Çox seyr edilən zaman gözlər üçün yorucudur".
 
Alıcını düşündürənlər
 
Qiymət amilinə də toxunan ASİHMDX qeyd edir ki, bu, əsas etibarilə televizorun ekranının diaqonalı və funksiyalarından asılıdır. Onların ekran ölçüləri isə  standartlaşdırılır: "Ticarət şəbəkələrindən televizor əldə etmək istəyərkən hər bir istehlakçı təbii ki, müəyyən çətinlik qarşısında qalır. Burada onun funksiyaları, ekranının həcmi, forması, korpusunun rəngi və s. bu kimi amillər hər bir insanı düşünməyə məcbur edir. Çünki bir sıra göstəricilərinə görə televizorlar demək olar ki, bir-birinə çox yaxındır. Bunun üçün ilk növbədə televizorun ekran tipi seçilməlidir. Yəni hansı televizoru almaq istədiyinizi dəqiqləşdirin".
 
Məsləhət: tezliyi 120 hersdən başlayan televizorlar seçmək məqsədəuyğundur
 
Televizor seçərkən onun həcmi də nəzərə alınmalıdır: "Belə ki, otaq kiçikdirsə, iri həcmli televizor insanda təəssüratı və rahatlığı pozacaq. Məhz bu səbəbdən otaq həcminə görə diaqonalın seçilməsi vacibdir. Ekranın nizamlanması da unudulmamalıdır. Çünki görüntünün keyfiyyət və detallaşması bundan asılıdır. Nə qədər yüksək nizamlanarsa, görüntü daha kontraslı və dəqiq olacaq. Kadrların dəqiqliyi üçün standart 60 hersdir. Amma hətta bu halda da görüntüdə qüsurlar olur. Belə halların olmaması üçün tezliyi 120 hersdən başlayan televizorlar seçmək məqsədəuyğundur. Bundan başqa, bütün zəruri interfeys və tünerlərin olduğuna əmin olmaq lazımdır".
 
Orijinal mal aldığınıza əmin olmaq üçün...
 
Seçilən televizor mütləq yerində qoşulub yoxlanmalıdır: "Funksiyalar, idarə olunması ilə bağlı mağaza əməkdaşına zəruri olan suallarınızı verin. Qablaşdırılmazdan öncə cihazın korpusunu, ekranını yaxından nəzərdən keçirin, hər hansı bir qüsur aşkarlanarsa, almaqdan imtina edin. Alan zaman orijinal mal aldığınıza əmin olmaq üçün keyfiyyət sertifikatını soruşmağı unutmayın".
 
 
İstehlakçı aldığı mürəkkəb texniki malların nümayişini tələb edə bilər
 
Qurumdan qeyd edilir ki, ticarət şəbəkələrinə daşınarkən televizorlar amortizasiya imkanları olan individual qablara yerləşdirilir: "İstehlakçı tərəfindən əldə edilərkən isə karton materiallı qablarda olurlar. Televizorları mexaniki zədələnmələrdən qorumaqla bütün növ nəqliyyat vasitələri ilə daşımaq olar. Onları kəskin kimyəvi təsirlərin mövcud olduğu mühitdə saxlanmasına icazə verilmir. Eyni zamanda onu da bildirmək istəyirik ki, ölkə qanunvericiliyinə əsasən istehlakçılar ticarət obyektindən alınmış malın keyfiyyəti ilə bağlı zəruri məlumatları tələb etmək hüququna malikdir. İstehlakçı aldığı mürəkkəb texniki malların, o cümlədən televizorun keyfiyyətini, komplektliyini yoxlamaq, onun düzgün və təhlükəsiz istifadəsinin nümayiş etdirilməsini satıcıdan tələb edə bilər. Satıcı isə istehlakçının bu tələblərini yerinə yetirməyə borcludur". Ticarət obyekti texniki cəhətdən mürəkkəb malları satışa müvafiq qaydada hazırlamalı, sazlanması və xırda təmiri işlərini aparmalıdır. Bu malların satışı zamanı obyekt onların yoxlanması üçün müvafiq şərait yaratmalıdır.
 
Qüsur və ya saxtalaşdırma aşkarlanarsa, zəmanət talonu hüquqlarınıza dəstək verər
 
Eyni zamanda hər bir istehlakçı bilməlidir ki, televizorlar zəmanət müddəti ilə satılmalıdır. Zəmanət müddəti onun zəmanət talonunda, pasportunda və ya nişanlama kağızında (yarlıqda) yaxud mala əlavə olunan digər sənəddə göstərilməlidir. Mal zəmanət müddəti ilə satılarkən, satıcı onun pasportunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur. Bu, ona görə edilir ki, istehlakçı həmin müddət ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkar edilərsə, qanunvericiliklə müəyyən edilmiş hüquqlarını tələb edə bilsin.
 
İstehlakçı hüquqlarını bilərsə...
 
Bu hüquqlar sırasında isə istehlakçının zəmanət müddəti ərzində aldığı malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüquqları yer alır. Hüquqlarınıza malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsi, müqavilənin ləğv edilməsi və çəkdiyi zərərin ödənilməsini tələb etmək də daxildir. Qanunvericiliyə görə, satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Bir sözlə, istehlakçı hüquqlarını bilərsə, xoşagəlməz hallarla rastlaşmaq ehtimalı da minimuma enər.
 
 
Televizorda yaranan qüsurların aradan qaldırılması ilə bağlı şikayətinizə o halda baxılacaq ki...
 
Dövlət Xidməti qəbz, kassa çeki və s. kimi rəsmiləşmələrin aparılmasına diqqət olunmasını da vacib sayır: "Nəzərə alın ki, istehlakçının aldığı televizorda yaranan qüsurların aradan qaldırılması ilə bağlı tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və s.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir".
 
Qüsurlu televizor almaqdan sığortalanmağın şərtləri
 
Ona görə də Dövlət Xidməti müvafiq seçim etdikdən sonra alqı-satqı müqaviləsinin bağlanmasını vacib sayır: "Yəni satıcı tərəfindən sizə malın həmin mağazadan alınması və s. barədə məlumatları təsdiq edən sənədləri tələb edin. Bu, gələcəkdə sizin qarşılaşacağınız fors-major hallardan sığortalanmağınız üçün vacibdir".
 
14 gün ərzində təmir olunmayan televizorun yerinə əvəzsiz mal tələb edə bilərsiniz
 
ASİHMDX-dən o da bildirilir ki, zəmanətli təmir aparılarkən malın zəmanət müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Mal dəyişdirildikdə, zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır. Televizor 14 gün ərzində təmir olunmazsa, istehlakçının tələbi ilə satıcı (icraçı) televizorun təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir.
 
Televizor alanlar hüquqlarının müdafiəsində də aktiv olmalıdırlar
 
Dövlət Xidməti vurğulayır ki, əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının tələbləri təmin olunmur. Ona görə də hər bir istehlakçı televizor alarkən qeyd olunanları nəzərə almalı və hüquqlarının müdafiəsində aktiv olmalıdır. Bunun üçün isə televizorun ixtisaslaşdırılmış firma mağazalardan alınması məqsədəuyğundur".
Bu gün söylənilənlərə əməl edən alıcının onun hüquqlarına məhəl qoymayan satıcılarla rastlaşmaq ehtimalı da kifayət qədər çoxdur. Belə qanun pozuntularına rast gələn istehlakçıların isə üz tutacağı bir ünvan var: bu halda dərhal Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edilməlidir.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL