Azərbaycanın İT şirkətləri kompüter piratlarına qarşı bəyannamə imzalayıb
Azərbaycanın “Bakinity”, “BestComp Group” və “Bestel” şirkətləri “Əqli mülkiyyət hüquqlarının qorunması Bəyannaməsi”ni imzalayıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bəyannaməyə görə, şirkətlər sifarişçiləri və müştəriləri yalnız lisenziyalı proqram məhsullarıyla təchiz etməlidir, lisenziyasız proqram təminatının yayılması və istifadəsi isə qanunsuz və şirkətlərin əqli mülkiyyət hüquqlarının pozulması kimi hesab olunur.
“Kompüter piratçılığı iqtisadiyyatı daha zəif, onun inkişafına və yeni iş yerlərinin açılmasına maneə yaratmasını nəzərə alsaq, piratçılığın səviyyəsinin azaldılması və lisenziyalı proqram təminatının istifadəsi yalnız düzgün seçim deyil, həmçinin milli iqtisadiyyatın artımının vacib amillərindəndir. Bütövlükdə, piratçılığın qarşısının alınması “Microsoft”un prioritet istiqamətlərindən biridir”, - deyə “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov bildirib.
"Əqli mülkiyyət hüquqlarının qorunması yerli kompüter avadanlığı və proqram təminatı bazarının inkişafına yol açacaq və ümumiyyətlə, ölkənin iqtisadiyyatının inkişafına müsbət təsir edəcək", - deyə “Bakinity” şirkətinin baş direktoru Eldar Qəmbərov vurğulayıb.
Son zamanlar Azərbaycanda fəaliyyət göstərən İT şirkətlər kompüter piratçılığının ölkəyə vurduğu ziyanı dərk edərək, saxta məhsulların yayımı və istifadəsinə açıq şəkildə qarşı çıxırlar. Bu addım informasiya texnologiyaları bazarının və ümumiyyətlə, iqtisadiyyatın inkişafına yol açacaq. “Bakinity”, “BestComp Group” və “Bestel” şirkətləri tərəfindən sözügedən bəyannamənin imzalanması müəllif hüquqlarına hörmət edən digər şirkətlərə nümunə olacaq və ölkədə piratçılıq probleminin həllində əsas rol oynayacaq.
“IDC” və “BSA”-nın tədqiqatına əsasən, Azərbaycanda kompüter piratçılığı təhlükəli səviyyədədir və 87% təşkil edir. Bu yaxınlarda “BSA” və “INSEAD” tərəfindən aparılan birgə tədqiqat onu göstərib ki, lisenziyalı proqram təminatı bazarının artımı saxta proqram təminatı bazarının həcminin analoji artması ilə müqayisədə Azərbaycan iqtisadiyyatına daha müsbət təsir göstərəcək. Lisenziyalı proqram təminatı bazarının 1% artması milli istehsalın 38 mln. ABŞ dolları artmasına gətirib çıxaracaq. Halbuki, saxta proqram təminatı bazarının analoji artımı milli istehsalın cəmi 19 mln. dollar artmasını təmin edir. Göründüyü kimi, lisenziyalı proqram təminatı bazarının 1%-lik inkişafı əlavə 19 mln. dollar iqtisadi mənfəətin əldə olunmasını təmin edə bilər. Bununla yanaşı, Azərbaycanda lisenziyalı proqram təminatına yatırılan hər əlavə 1 dollar 380 dollar həcmində investisiyanın geri qaytarılmasına (ROI) və ÜDM-in artmasının stimullaşdırılmasına səbəb olur. Müqayisə üçün, pirat proqram təminatında bu rəqəm 28 dollara bərabərdir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL