waplog

Səhv və təsadüflərin səbəb olduğu ixtiralar


Kompüter qarşısına keçərək “Ctrl+Alt+Del” kombinasiyasını basan insanların bəlkə də çoxu yanlış qərarın nəticəsində meydana gələn komandadan istifadə etdiklərini ağıllarından belə keçirmirlər. Harvardda xeyriyyə məqsədilə yığılmış vəsaitlərlə bağlı sentyabrın 21-də böyük auditoriya qarşısında müsahibə verən Bill Qeytsin bununla bağlı səmimi etirafı gülüş doğursa da, əslində zarafat deyil. “Niyə “Windows”da işə başlamaq üçün “Ctrl+Alt+Del” basılmalıdır və bu kimin ideyası idi” sualına gülüşlə cavab verən Qeyts bildirib ki, bu qərar səhv idi: “Lakin  günahkar mən yox, “IBM” şirkətinin mühəndisi Devid Bredli olub.

Hansı ki, “Microsoft” üçün əlavə klaviatura yaratmaqdan imtina etmişdi”. Ona görə “Ctrl+Alt+Del” kombinasiyasını istifadə etməyin yeganə üsulu istifadəçi adına daxil olmaq üçündür ki, hansısa bir kənar zərərverici proqramlar bu cür pəncərə yaradıb istifadəçi şifrəsini oğurlaya bilməsin. Məhz “Ctrl+Alt+Del” kombinasiyasını sistemi yenidən başlatmaq üçün fikirləşən Bredli də 2 il əvvəl çıxışlarının birində bu məsələyə münasibət bildirib: “Mən ola bilər ki, bu kombinasiyanı fikirləşmişəm, amma onu Bill Qeyts  məşhur edib”.
 
Nə ilk, nə də son olmayan yanlış qərarlar
 
Amma bu məşhurluq nə ilk, nə də son deyil. Tarixdə hər hansı yanlışlıq və ya təsadüf nəticəsində yeni ixtiralara yol açıldığını təsdiqləyən kifayət qədər faktlara rast gəlmək mümkündür. Məsələn, “Google” axtarış sisteminə müraciət edənlər bəlkə də bu adın haradan qaynaqlandığına diqqət etməyiblər. 1996-cı ilin yanvar ayından fəaliyyətə başlayan “Google” həmin dövrdə Kaliforniyadakı Stenford Universitetinin doktorantura pilləsində təhsil alan tələbələr - Larri Peyc və Serqey Brin tərəfindən tədqiqat layihəsi olaraq ərsəyə gəlib. Ənənəvi axtarış sistemlərindən köklü fərqlənməyi qarşıya məqsəd qoyan saytın rəhbərləri sonsuz məlumat imkanı olan internetdə axtarış prosesini daha sadə vəziyyətə gətirmək üzərində işlərini davam etdirirlər. Yeni axtarış sisteminin adını xeyli fikirləşən Larri Peyc və Serqey Brin seçiləcək adla sistem tərəfindən emal edilən informasiyanın miqdarının böyüklüyünü ifadə etmək istəyirdilər.
 
Orfoqrafik səhvlə məşhurlaşan “Google”
 
Belə bir məqamda - axtarış sistemi üçün ad axtarışında onlara kolleqalarından sistemin riyazi anlamda “Googol” adlandırılması təklifi gəlir. Belə ki, sadəcə, riyaziyyatda istifadə olunan ən böyük saylardan biri məhz “Googol” adlanır. İlk dəfə məşhur Amerika riyaziyyatçısı Edvard Kasnerin yaxın qohumu Milton Sirotta istifadə edilən 1 googol sayı 10 üstü 100-ə bərabərdir və 1 rəqəminin sonuna 100 ədəd sıfır yazmaqla alınan ədəd “Googol” adlanır. Beləliklə, təklifin ardınca dərhal belə bir domen adının məşğul olub-olmadığı yoxlanılır. Domen adının azad olduğunu müəyyənləşdirən sayt rəhbərləri yeni axtarış saytını məhz bu adla qeyd etmək istədilər, amma domen ad qeydiyyat sisteminə daxil edilən zaman sözün yazılışında səhvə yol verildi: düzgün variantda “googol.com”-un yerinə “google.com” daxil edildi. Amma bu yeni icad da Larrinin xoşuna gəldi. Beləliklə, orfoqrafik səhvdən yaranan “Google.com” bu gün ən məşhur və ən çox müraciət edilən axtarış sistemidir.
 
CNN-in sağ insanlar üçün nekroloq hazırlığı
 
Yanlışlıqlar vurduqları ziyana baxmayaraq, gülüş də doğurur. Məsələn, CNN-in saytında 2003-cü ilin 16 aprelində baş verən texniki səhv bir sıra məşhur insanlar üçün qabaqcadan hazırlanmış nekroloqların açıq girişinə imkan yaratdı. Bu yanlışlıq sağ insanlar üçün hazırlanmış həmin nekroloqların nəşri ilə nəticələndi. Nekroloqları hazırlanan tanınmışların siyahısında Dik Çeyni, Ronald Reyqan, Fidel Kastro, II İoann Pavel, Nelson Mandela və başqalarının adları vardı.
 
“Hakerlər”ə həyatın ironiyası
 
Daha bir gülməli fakt isə 1995-ci ildə ekranlara çıxan və ABŞ istehsalı olan elmi fantastika janrında çəkilmiş “Hakerlər” filminin rəsmi saytı ilə bağlıdır. Belə ki, qəribə təsadüf üzündən filmin rəsmi saytı naməlum hakerlər tərəfindən “sındırılmışdı”. Saytın orijinal versiyası isə itirilmişdi.
 
“Nobel” qazandıran səhv
 
Tamam təsadüfün nəticəsi olan uğurlu ixtiralar sırasında da xeyli maraqlı faktlara rast gəlmək olar. Məsələn, bu gün tibdə geniş istifadə olunan penisillinin sırf bu üzdən meydana çıxması faktı da hər kəsə məlum deyil. Onun ixtiraçısı Aleksandr Fleminq hər cür təcrübəni həyata keçirməyi sevərək, demək olar ki, öz laboratoriyasında yaşayırdı. Bütün diqqəti elmdə olan bu insan hətta düz iş stolu arxasında yeyir, yır-yığışa isə nə həvəs, nə də vaxt tapırdı. Beləliklə, stafilokok bakteriyalarının tədqiqatı zamanı sırf təsadüfdən böyük ixtiraya yol açıldı: nümunələrdən biri kifin təsirindən məhv olmuşdu. Penisillin tapıntısı Fleminqə 1945-ci ildə hətta “Nobel” mükafatı da qazandırdı.
 
Elmə, sənətə, incəsənətə fədakar sədaqətin təcəssümü kimi təqdim olunan “Nobel” də bir yanlışlıq nəticəsində meydana gəlib
 
Yeri gəlmişkən, bu gün elmə, sənətə, incəsənətə fədakar sədaqətin təcəssümü kimi təqdim olunan “Nobel” mükafatı da bir yanlışlıq nəticəsində meydana gəlib. Sən demə, içkiyə başları qarışaraq, onun təsirindən hər şeyi qarışdıran jurnalistlər səhvən milyoner Alfred Nobelin ölümü ilə bağlı nekroloq çap edirlər. Nekroloqda xoşagəlməz insan kimi təqdim olunan Alfred özü haqda yazılanları oxuduqdan sonra həyatdan köçdükdən sonra belə mənfi təəssüratla yadda qalmaq istəmir və bütün varidatını öz adına olan fond və mükafat müəssisəsinə vəsiyyət edir.
 
Mikrodalğalı sobanın əhvalatı
 
Bu gün məişətdə geniş istifadə olunan mikrodalğalı sobanın da tarixi bir xoşagəlməzlikdən başlayır. Amerikalı Persi Spenser ilk radarlarda istifadə olunan mikrodalğalı radiosiqnalları yaradan cihazın təkmilləşdirilməsi üzərində işləyirdi. Bir dəfə maqnetronda (cihaz belə adlanırdı) ayaq üstə işləyən mühəndis şalvarının arxa cibinə qoyduğu şokoladı yemək üçün əlini cibinə salır. Əli tamamilə ərimiş şokolada bulaşan mühəndis düşdüyü vəziyyətlə bağlı bütün təhqiredici ifadələri işlədib sakitləşdikdən sonra düşünür: “Mən axı mikrodalğalı sobanı ixtira etdim!”
 
 
Maraqlı bir təsadüflə ixtira tarixinə düşən stiker
 
Loru dillə desək, kağız-kuğuz içində itib-batanlara stiker adı çox tanışdır. O da maraqlı bir təsadüflə tarixə düşən ixtiralardan biridir. Dəftərxana mallarının istehsalı ilə məşğul olan Amerika şirkətinin əməkdaşları uzun müddət akril yapışqanının təkmilləşdirilməsinə çalışsalar da, cəhdlər müvəffəqiyyətsizliyə uğrayırdı. Yeni yapışqan əla yapışırdı, amma qətiyyən bərkitmirdi. Bax, bu nöqtədə əhəmiyyətli sınağın əsl hədəfi unuduldu. Spenser Silver və Artur Fray əldə olunan nəticədə dayandılar və bu addım şirkəti 20 milyard dollarlıq illik dövriyyə ilə transmilli kompaniyaya çevirdi. Bu qazanılmış uğur isə sırf təsadüflə ixtira edilən stikerin hesabına baş verib.
 
Yaranışından 15 il sonra “həyat qazanan” “Superkley”
 
Kleydən söz düşmüşkən, bu gün geniş istifadə edilən “Superkley” yaranışından məhz 15 il sonra özünə “həyat qazana” bilib. Hər şey isə 1942-ci ildə başlayır. Həmin ildə “Kodak” şirkəti silah - top nişanları üçün şəffaf plastik kütlə axtarırdı. Firmanın əməkdaşlarından biri Harri Kuver keçirdiyi sınaqlarda yeni bir maddə aldı. Bu maddə hər şeyə yapışır və yapışdığı istənilən materialı korlayırdı. Həmin dövrdə “hər şeyi korlayan” bu maddədən istifadə olunmadı. Beləliklə, düz 15 il sonra o uğursuz təcrübəni xatırlayan Kuver “Superkley”i patentləşdirdi. Daha maraqlısı da odur ki, yapışqanın ilk istehsalına başlayan da elə həmin “Kodak” şirkəti oldu.
 
Sınmayan şüşənin ixtirasına tənbəllik “yardım” edib
 
Sınmayan şüşənin ixtirası ilə bağlı məsələnin kökündə isə tənbəllik dayanırmış. Amma fransız kimyaçısı Eduard Benediktusun tənbəllik etdiyi məsələ sınan şüşələri yeniləməklə bağlı deyildi. Kimyaçı sınaq şüşələri və kolbaları yumağa tənbəllik edirdi. Hədsiz tənbəlləşdiyi günlərin birində Eduardın əlindən sınaq şüşəsi düşür, amma sınmır. Sadəcə, kolbadan dağılan maye buxarlanır, divarlarda isə onun incə qatı iz salır. Demə, kolbanın sınmamasının səbəbi uzun müddət içində saxlanılan etil efiri, etanol və nitrat məhlulları olub. Yeri gəlmişkən, “Volvo” şirkəti Benediktusun ixtirasını 1944-cü ildən tətbiq etməyə başlayıb. Ümumiyyətlə, səhv və ya təsadüflərin səbəb olduğu ixtiraların sayı bununla bitmir. Biz isə yazıya bu ixtiralarda özünü doğruldan məşhur “Yanlış da bir naxışdır” deyimi ilə nöqtə qoyuruq.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL