Corc İstmen - məşhur ixtiraçı
"Persona" rubrikasında bu dəfə dünyanın daha bir nüfuzlu ixtiraçısı barədə söhbət açacağıq. Haqqında məlumat verəcəyimiz Corc İstmen məşhur ixtiraçı olması ilə yanaşı, "Eastman Kodak" şirkətinin qurucusu kimi tarixə düşüb.
Corc İstmen 1854-cü ildə ABŞ-ın Nyu-York ştatının Uotervill şəhərciyində elə də zəngin olmayan biznesmen ailəsində dünyaya gəlib. Yeddi yaşında ikən atası vəfat edib. Cəmi yeddi il orta təhsil olan İstmen məktəbi ataraq sığorta şirkətinə, həftəlik 3 dollar əməkhaqqı ilə işə düzəlir. Aldığı məvacib ailəsinin dolanışığına ancaq çatdığı üçün Corc əlavə olaraq "Roçester" bankına işə düzəlir, gecələr isə mühasibatlığı öyrənir.
İstmen Santo-Dominqoda dincələn zaman şəhərin bütün gözəlliyini fotolentə çəkmək istəyib. Aldığı fotokamera çox böyük olduğundan, daşınması və istifadəsi çətin olur və o, bu ideyadan yan keçməli olur. Elə bu vaxtdan onun fikri ancaq fotoqrafiya ilə bağlanır. Beləliklə o, bu prosesi maksimum dərəcədə asanlaşdırmağı qarşısına məqsəd qoyur.
İlk fəaliyyəti
1879-cu ildə İstmen quru bromjelatin fotoqrafik lövhələrin hazırlanması üçün dəzgah qurur və 1880-ci ildə bu lövhələri istehsal edir. 1881-ci il, 1 iyun tarixində "İstmenin quru lövhələr şirkəti"ni (ing.Eastman Dry Plate Company) qeydiyyatdan keçirir. 1883-cü ildə bütün şüşə lövhəli fotokameralarda istifadə edilə bilən rulon fotolentlər istehsal etməyə başlayır. 1884-cü ildə İstmen-Stronq əməkdaşlığı yeni, "Quru lövhələr və fotolent istehsalı şirkəti"nin (ing.Eastman Dry Plate and Film Company) yaranmasına səbəb olur.
Corc İstmen və "Kodak"
1888-ci ilin yayında Kodak markalı ilk fotokamera istehsal edilir. Fotokamera böyük olmayan qutudan, bir sürgü sürətli, sabit diafraqma ilə təchiz olunmuş, 2.5 m-dən sonsuzluğa kimi aydın təsvir əldə etməyə imkan verə bilən kamera idi. Fotokameraya 100 kadrdan ibarət fotolent yükləmək mümkün idi. Bütövlükdə kameranın qiyməti 25 dollar təşkil edirdi.
Beləliklə, "Siz düyməni basırsınız - biz qalanı edirik" (You press the button, we do the rest) şüarı altında Corc İstmen bütün dünyanın foto həvəskarlarına ilk sadə fotoaparatı təqdim etdi. Bununla da o, şəkil çəkmənin yorucu və mürəkkəb prosesini sadə və əlçatan etdi. Bu deviz şirkətin bir çox reklamlarında istifadə olunur və Roçesterdəki fabrikin fasadını bəzəyirdi. Xatırladaq ki, İstmen şirkətin reklamına xüsusi diqqət ayırıb. Belə ki, "Kodak"ın ilk məhsulunun reklam mətnlərini şəxsən özü yazıb.
Kodak adı da İstmenin tapıntılarından biridir. Corc İstmen deyirdi: "Mən bu sözü özüm fikirləşdim. "K" əlifbada mənim sevimli hərfimdir. O mənə güclü və yaddaqalan görünür. Əvvəli və sonu "K" hərfi ilə bitən çoxlu sayda kombinasiyaları nəzərdən keçirdim. "Kodak" mənim cəhdlərimin nəticəsidir".
İstmen çalışırdı ki, şəkil insanların gündəlik həyatının ayrılmaz hissəsi olsun. Şirkət birinci beynəlxalq korporasiya hesab edilir ki, dünyanın bütün ölkələrində ticarət markasını praktik olaraq tanıyırlar. Uzun illər "Eastman Kodak Company" şirkəti yeni fotoməhsulların və texnologiyaların hazırlanması üzrə lider olub.
Artıq XX əsrin başlanğıcında "Eastman Kodak" şirkəti nazik pərdənin ən müxtəlif tipləri üçün fotoaparatların böyük miqdarda modelini istehsal edirdi. Şirkət dünyanın ölkələrində bölmələrini qurmuşdu. Bu xarici bölmələrdən bəziləri fotoaparatların şəxsi modellərini buraxırdılar. Məsələn, alman "Kodak AG-ı Retina" kamerasını buraxırdı. "Eastman Kodak" Kanada, Meksika, Böyük Britaniya, Fransa, Almaniya, Avstraliya, Argentina, Braziliya və İspaniyada bölmə və zavodlara malik idi.
1930-cu il, 18 iyul tarixində "Eastman Kodak" şirkətinin səhmləri "Dow Jones Industrial Average" indeksinin tərkibinə daxil edilib.
Bu gün "Kodak" şirkəti yalnız öz foto məhsulları ilə məşhur deyil, həm də istirahət və əyləncə, biznes və elmi araşdırmaların müxtəlif sahələrində fəaliyyət göstərir. Onun fəaliyyətində daha çox təsvir və rəqəmli məlumatların birləşməsi texnologiyaları istifadə olunur.
Lakin son illər "Kodak" şirkətinin işləri heç də yaxşı getmir. 2007-ci ildən bəri şirkət 1,8 milyard dollar itirib və 2011-ci il iyun ayının 30-na olan vəziyyətə əsasən, onun hesabında ilin əvvəlində 1,6 milyard dollar olub.
"Kodak" şirkəti kömək üçün "Lazard Ltd." firmasına rəqəmsal şəkillərin emalı texnologiyaları ilə bağlı təxminən 1100 patentin satışı məqsədilə müraciət etmişdi.
Səhmdarlar "Kodak" İdarə heyətinə şirkətin satış imkanını nəzərdən keçirmək xahişi ilə müraciət etmişdilər. Bazar iştirakçıları qeyd edirdilər ki, "Kodak" 2007-ci ildən bəri gəlir əldə etmir, buna görə də maliyyə vəziyyətinin yaxşılaşması üçün mühüm tədbirlər lazımdır.
2012-ci ilin yanvar ayından iflasa uğrayan şirkət dirçələrək yenidən fəaliyyət göstərməyə başlayıb. "Kodak" rəhbərliyi şirkətin yeni texnologiyalarla təchiz olunaraq rəqəmsal çap və elastik qablaşdırma kimi sahələrə də yönəldildiyini açıqlayıb.
Məlumat üçün bildirək ki, "Eastman Kodak" ABŞ-da ətraf mühitin ən böyük çirkləndiricilərindən biri hesab edilir. 2008-ci ildə Nyu-York ştatında atmosfer və su tullantılarının həcminə görə korporasiyalar arasında birinci yerdə qərarlaşıb.
Korporasiya 2002-ci ildə Massaçusets Universitetinin Siyasi və İqtisadi Tədqiqatlar İnstitutunun (Political Economy Research Institute) "Toxic 100" siyahısında ABŞ şirkətləri sırasında ilk beşlikdə olub.
Ötən il şirkət qəbul edib ki, Roçesterdə öz qərargahının altında 1,5 kq yüksək kalorili urana malik nüvə reaktorunu saxlayır.
C.İstmen haqda maraqlı faktlar
İstmen həmişə şirkətinin əməkdaşlarına xüsusi diqqət ayırıb. O, ilk dəfə olaraq işçilər üçün pensiyaya gedərkən məvacib, həmçinin əmək qabiliyyətini itirdikdə məvacib verilməsini və həyat sığortasını tətbiq edib.
İstmen "İstmen musiqi məktəbi"nin təsisçisidir. Xeyriyyəçiliyi ilə kifayət qədər məşhur olub. Xüsusilə stomatoloji klinikalara köməklik göstərib. İstmenin həmçinin böyük miqyasda şəxsi şəkillər kolleksiyası olub.
Maraqlıdır ki, o həm də kulinariya və dülgərliklə maraqlanıb. Bu fəaliyyətin hər iki növündə müəyyən uğurlara nail olub.
Ömrünün son iki ilində İstmenin səhhəti kəskin pisləşir və həkimlərdən öyrənir ki, sağalmaz xəstəliyə düçar olub. Bu gün bu xəstəliyin adı fəqərə kanalının stenozudur. İstmenin anası da ömrünün son iki ilində bu xəstəlikdən əziyyət çəkib. 14 mart 1932-ci ildə odlu silahdan ürəyinə atəş açaraq öz həyatına son qoyub. Ömrünün sonuna kimi ailə həyatı qurmayan İstmen Roçesterdə, sahibi olduğu "Kodak" şirkətinin ərazisində dəfn edilib.
Cahangir Atakişiyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL