waplog

Naxçıvanda “Elektron ödəniş məkanının formalaşması və ödəniş alətləri ilə iş” mövzusunda ikigünlük kurs keçirilib


Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublika (MR) İdarəsində muxtar respublikada fəaliyyət göstərən banklar və digər kredit təşkilatlarının, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə “Elektron ödəniş məkanının formalaşması və ödəniş alətləri ilə iş” mövzusunda ikigünlük kurs keçirilib.
 Tədbiri Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin sədri Səbuhi Məmmədov açaraq bildirib ki, muxtar respublikada son illər elektron ödəniş sistemlərindən istifadə genişlənib, ödəniş kartlarının sayı 1 oktyabr 2013-cü il tarixə 178 min 992, bankomatların sayı 85, POS-terminalların sayı isə 212 olub. Əməkhaqqı və pensiyaların, sosial müavinətlərin ödənilməsinin 97,5 faizinin, qeyri-dövlət sektorunda isə əməkhaqlarının 27 faizinin ödəniş kartları vasitəsilə aparıldığını bildirən idarə sədri əlavə etmişdir ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlar və pensiya təminatı üzrə ödəniş kartlarının sayı 120 mindən çoxdur.

Bildirilib ki, muxtar respublika üzrə orta hesabla hər 100 nəfər vətəndaşa 40,5 ədəd kart düşür.

Qeyd olunub ki, muxtar respublikada hər bir təsərrüfat subyektinin və geniş əhali təbəqəsinin elektron ödəniş xidmətlərindən daha fəal istifadəyə təşviq edilməsi, maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması, iqtisadi dövriyyədə olan pul kütləsinin nağdsız dövriyyəyə cəlb edilməsi, əhalinin nağdsız hesablaşmalara keçid vərdişlərinin formalaşdırılması, dövlət orqanlarının və digər kütləvi xidmət qurumlarının daxili informasiya sistemlərinin elektron ödəniş sistemlərinə texnoloji inteqrasiyasının təmin olunması zəruri məsələlərdən biridir.

Vurğulanıb ki, dövlət qurumlarının korporativ informasiya sistemlərinin Naxçıvan Muxtar Respublikası “Elektron hökumət” portalının infrastrukturuna inteqrasiyası təmin edilməli, vergi, rüsum, sosial sığorta haqları, kommunal xidmətlər, həmçinin digər ödəniş və yığımların nağdsız qaydada aparılması həyata keçirilməlidir.
Səbuhi Məmmədov elektron ödəniş alətlərindən və xidmətlərindən istifadənin kütləvi hal alması, əhalinin, kiçik və orta biznes subyektlərinin elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin daha da artırılması üçün banklar tərəfindən POS-terminalların quraşdırılmasının, bu istiqamətdə kompleks stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinin vacibliyini də iştirakçıların diqqətinə çatdırıb.

Sonra Azərbaycan Bank Tədris Mərkəzinin ekspertləri – Azərbaycan Respublikası Mərkəzi Bankının şöbə rəisi Ramil Mahmudovun, “Milli Kart” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Cəlal Orucovun nağdsız ödəniş xidmətlərinin əhəmiyyəti, təsərrüfat subyektlərində POS-terminalların qoyulması, habelə innovativ və yüksəkkeyfiyyətli xidmətlərin tətbiqi ilə bağlı çıxışları olub. Kursda Naxçıvan MR-da fəaliyyət göstərən banklar və kredit təşkilatlarının nümayəndələri ilə yanaşı, Naxçıvan MR Vergilər Nazirliyinin, Dövlət Energetika Agentliyinin, “Naxçıvanqaz” İstehsalat Birliyinin, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin bu sahəyə məsul şəxsləri də iştirak ediblər.
Sonda kurs iştirakçılarına sertifikatlar verilib. 

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL