waplog

RİTN vətəndaşların rahatlığını təmin etmək məqsədilə yeni xidmət yaratdı


Mobil cihazların "IMEI" kodları vasitəsilə onlar barəsində məlumatların əldə edilməsi prosesində yeni xidmət yaradılıb. Qeyd edək ki, bu vaxta qədər mobil cihazların "IMEI" kodları barəsində informasiyanı yalnız internet vasitəsilə əldə etmək mümkün idi. 
 
Azərbaycan vətəndaşları beynəlxalq şəbəkədə "www.imei.az" saytına daxil olaraq istifadə etdikləri cihazlarının "IMEI" kodlarının statusları barəsində ətraflı məlumat götürə bilirdilər.  Bu gündən etibarən isə yeni sms xidməti sakinlərin istifadəsinə verilib. Belə ki, mobil telefon istifadəçiləri mobil cihazlar barəsində olan məlumatları sms vasitəsilə də əldə edə biləcəklər.
 
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Tənzimləmə şöbəsinin aparıcı məsləhətçisi Zakir Qasımov məlumat verib.
 
O bildirib ki, abunəçi mobil cihazın "IMEI" kodunu 1677 qısa nömrəsinə göndərməklə məlumat ala bilər: "Qeyd edim ki, bura təkcə abunəçinin istifadə etdiyi mobil cihazın "IMEI" kodunu deyil, digər mobil cihazların "IMEI" kodunu da göndərə və informasiya toplaya bilər. Məsələn, sakinlərimiz yeni mobil telefon alarkən onun  qəbul olunmuş beynəlxalq standartlar çərçivəsində istehsal edilib-edilmədiyini öyrənmək və ya həmin cihazın "IMEI" kodunun qeydiyyatdan keçdiyini, ölkəyə qaçaqmalçılıqla gətirilmədiyini, oğurluq olmadığını bilmək istəyir.
 
Bu zaman Azərbaycanın istənilən məkanından 1677 qısa nömrəsinə həmin mobil cihazın "IMEI"  kodunu sms-lə göndərməklə onu maraqlandıran suallara cavab tapa bilər. Bu xidmətdən bütün mobil operatorların abonentləri istifadə edə bilər.
 
Qeyd edim ki, xidmət pulludur və onun qiyməti cəmi 30 qəpikdir.  Bildiyiniz kimi, bu məlumatları internet vasitəsilə əldə etmək tamamilə pulsuzdur. Yeni sms xidməti isə sakinlərə əlavə bir rahatlığın yaradılması istəyi ilə formalaşdırılıb. Məlumat üçün bildirim ki, 1677-yə göndərilən sms-ə dərhal cavab mesajı gəlir və burada lazım olan məlumatlar əks olunur".
 
Z.Qasımov qeyd edib ki, bəzən insanlar mobil cihazların "IMEI" kodlarını öyrənməkdə çətinlik çəkirlər: "Ona görə də bildirirəm ki, istifadəçilər mobil telefonlarında "*#06#" yığmaqla "IMEI" kodu öyrənə bilərlər. Belə ki, sözügedən kod  yığıldıqdan dərhal sonra avtomatik olaraq ekranda "IMEI" kod açılır".
 
Seymur Qasımbəyli
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL