waplog

Pul sayan maşınlar


Mərkəzi Bankın tələbi: "Milli valyuta yalnız onun mühafizə elementlərini tanıyan avadanlıqlarda çeşidlənə bilər"
 
Bəşəriyyət tarixində ilk kağız pullar XII əsrdə Çində meydana gəlib. Ağır yüklü külçələr və başqa qiymətli metalların əvəzinə yaranan kağız pulların sayılmasına gedən vaxt itkisinin qarşısını almağa isə düz 8 əsr lazım olub. Beləliklə, iş vaxtının optimallaşdırılması və bank sahəsində çalışan işçilərin əməyinin yüngülləşdirilməsi məqsədilə 1908-ci ildə amerikalı mühəndis və ixtiraçı Çarlz Franklin Ketterinq dünyada ilk elektrik pul sayan aparatı icad edir. Bank qulluqçuları arasında sürətlə qəbul edilən bu yenilik o vaxtdan nağd pulun hesablanması üçün daha təkmilləşdirilmiş avadanlıqların hazırlanması məsələsini aktuallaşdıraraq gündəmə gətirdi.
 
Banknot sayğacı - sürətli, dəqiq və etibarlı 
 
İxtira dövründən etibarən özünü doğruldan banknot sayğacı və ya pul sayan aparatlar pulların təkrar sayılması üçün sürətli, dəqiq və etibarlı üsul hesab edilir. Təbii ki, müasir avadanlıqlar öz "əcdad"larından xeyli irəli gedərək, ölçü və çəkisini azaltmaqla, görünüş, etibarlılıq, istifadədə rahatlıq və s. kimi əlavə funksionallıq da əldə ediblər. Bundan başqa, pul üçün hesab maşınları hal-hazırda effektivliyə, istənilən müəssisə və ya təşkilatın maliyyə fəaliyyətinin optimallaşdırılmasına birbaşa təsir edir. Buna baxmayaraq, tələb və təchizatı ödəmək üçün bazara çoxsaylı çeşidlərlə təklif edilən bu avadanlıqların bəzi xüsusiyyətlərini də əvvəlcədən bilmək vacibdir.
 
Pul sayan maşınların növləri
 
Pul sayma mexanizmlərinin işləmə prinsiplərindən asılı olaraq, bütün pul sayan maşınlar vakuum və diyircəkli-sürtünmə mexanizmlərə ayrılır. Həm kağız, həm də metal pulları sayan maşınlara qarşı alıcı tələbi müəyyənləşərkən isə bir sıra amillər önə çəkilir. Bu amillər kağız pulları sayan maşınlarda müştəri üçün xarici displeyin önəmli olması, sayma sürəti, bunkerin həcmi, pulun ölçüləri, pulun qalınlığı, maksimum  displey tutumu, partiyanın görüntüsü, işləmə rejimi, o cümlədən sabit sayma rejimi, partiyanın sayma rejimi, əlavə rejim, ikiqat müəyyənetmə rejimi, ölcü müəyyənetmə rejimi, maqnitlə müəyyənetmə rejimi, ultrabənövşəyi deteksiya ilə müəyyənetmə rejimi, istehlak gücü, elektrik sərfiyyatını şərtləndirir. Maşınlarda diqqət edilən digər amillərə ölçülər, ətraf temperatur, nisbi rütubət, çəki və s. daxildir.
 
 
Azərbaycan bazarına da müxtəlif tipli pul sayan aparatlar təklif edilir
Ümumiyyətlə, bu gün Azərbaycan bazarına da müxtəlif tipli pul sayan aparatlar təklif edilir. Məsələn, özünü respublikada Avropa ölkələrində istehsal olan plombların və dünya standartlarına cavab verən  pulsayan maşınların satışı ilə məşğul olan, ixtisaslaşdırılmış yeganə şirkət kimi təqdim edən "Zaman-Co" LTD-nin Azərbaycan istehlakçılarına təklif etdiyi pulsayan maşınlar iki təyinatlıdır: kağız pulları sayanlar və metal pulları sayanlar. Kağız pulları sayanlara "MEE1202" və "MEE1303", metal pulları sayanlara "YBQD-10", "YBQD-20A", "MEE5101", "MEE5102", "YD-100", "YD-200", qəpik çeşidləyənlərə isə "YFJ-303" və "YFJ-503" maşınları aiddir.
 
Milli valyuta - manat xüsusi Dizayn Konsepsiyası əsasında hazırlanmış mühafizə fəlsəfəsinə malikdir
 
Müasir dövrdə kağız pulları sayan maşınlar eyni zamanda pulları deteksiya etməklə, pulların saxta olub-olmamasını da müəyyənləşdirir. Məsələn, bu gün daxili bazara  "İnk-pen dedektor"lar təklif edilir. Müxtəlif valyutaların saxtalığını müəyyən edə bilən xüsusi qələm - detektorlar realizə etdiyi pulsayan maşınların servisini  həyata keçirir. Bu baxımdan, Azərbaycanın bank sektorunda istifadə edilən pul sayan aparatlara qarşı hər hansı tələblər, standartlar varmı? Mərkəzi Bank tərəfindən banklara hansısa tövsiyələr verilirmi? "Rabitə dünyası"nın bununla bağlı sualına cavab verən Mərkəzi Bankdan bildirilib ki, Azərbaycanın milli valyutası - manat xüsusi Dizayn Konsepsiyası əsasında hazırlanmış mühafizə fəlsəfəsinə malikdir: "Müvafiq mühafizə fəlsəfəsi çərçivəsində pul nişanlarının saxtalaşdırılmasının qarşısının alınması məqsədilə mühafizə elementləri müəyyən edilib". Belə ki, respublika prezidentinin "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" fərmanına uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət oldu: "Azərbaycanın yeni nəsil əskinas və sikkələrin dizaynları vahid konsepsiya əsasında hazırlanıb. Yeni pulların dizayn mövzusu "Müstəqil Azərbaycan" müəyyən edilib.
 
Milli əskinasların keyfiyyəti xüsusi avtomatik avadanlıqlarla tək-tək yoxlanılıb
 
 
Yeni nəsil pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb. Pul nişanlarının keyfiyyəti ən yüksək beynəlxalq standartlara müvafiq və aparıcı ölkələrin pul vahidləri ilə müqayisə olunan səviyyədə müəyyən edilib. Belə ki, pul nişanlarının istehsalı İSO tələblərinə uyğun olaraq həyata keçirilib, həm istehsal, həm də istehsaldan sonra əskinasların keyfiyyəti xüsusi avtomatik avadanlıqlarla tək-tək yoxlanılıb: "Müasir dövrdə kompüter və surətçıxarma texnologiyalarının intensiv inkişaf etməsi, eyni zamanda əskinasların mühafizəsi üçün istifadə olunan texnologiyalar və mühafizə elementlərinin müxtəlif sahələrdə istifadə olunması saxtakarlıq ehtimallarını yüksəldir. Məhz bu səbəblərdən əskinaslarda yeni və müasir mühafizə elementlərinin və xüsusi mühafizə sistemlərinin tətbiqinin aktuallığı getdikcə artırdı. Saxtakarların uğurlu olmalarının əsas amili əhalinin pul nişanlarının mühafizə elementlərini tam müəyyən edə bilməməsi ilə səciyyələnir. Belə olan halda MB-nın əsas vəzifəsi yeni və ənənəvi texnologiyaların kombinasiyası olan mühafizə sistemini yaratmaqdan və ictimaiyyəti bunlarla yaxından tanış etməkdən ibarət olur".
 
Pul nişanlarının çeşidlənməsi və emalı avadanlıqlarına qarşı manatın mühafizə elementlərinin tanınmasına dair tələblər müəyyən edilib
 
Bunları nəzərə alaraq yeni Azərbaycan manatının mühafizə sistemi xüsusi "mühafizə fəlsəfəsi"nə uyğun İsveçrə Milli Bankı ilə əməkdaşlıq nəticəsində hazırlanıb. Belə ki, yeni nəsil əskinaslar 4 pilləli mühafizə sisteminə malikdir. 1-ci dərəcəli xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən, 2-ci dərəcəli ticarət müəssisələri tərəfindən sadə cihazlarla, 3-cü dərəcəli banklar tərəfindən xüsusi avadanlıqlarla və 4-cü dərəcəli yalnız bank-emitent (Mərkəzi Bank) tərəfindən müəyyən edilir. Burada əsas məqsəd əhali tərəfindən yeni əskinasların həqiqiliyinin xüsusi bilik və səriştə olmadan müəyyən edilməsini mümkün etməkdir. Eyni zamanda köhnə nəsil əskinaslardan fərqli olaraq yeni əskinaslarda optik dəyişən və s. müasir mühafizə elementləri də istifadə olunub: "Hazırda Mərkəzi Bank tərəfindən bank sektorunda pul nişanlarının çeşidlənməsi və emalı avadanlıqlarına qarşı manatın mühafizə elementlərinin tanınmasına dair tələblər müəyyən edilib. Bu tələblərə əsasən milli valyuta yalnız onun mühafizə elementlərini tanıyan avadanlıqlarda çeşidlənə bilər. Yalnız bu cür emal sistemlərinə malik banklar pul nişanlarını çeşidləyərək təkrar dövriyyəyə buraxa bilər. Digər hallarda banklar yalnız Mərkəzi Bank tərəfindən çeşidlənərək formalaşdırılmış pul nişanlarını dövriyyəyə buraxa bilər. Bununla əlaqədar olaraq, Mərkəzi Bank tərəfindən banklara mütəmadi olaraq tövsiyələr və göstərişlər verilir".
 
İl ərzində 250 dollarlıq səhv
 
Pul sayan aparatlardan söz düşmüşkən, xalq arasında geniş yayılan "Pulu saysan, azalar" deyiminin ardınca müasir dövrümüzdə "Bankomatdan çıxarılan pulu saymazlar" fikri də formalaşıb. Doğrudanmı, bankomat pul sayarkən qeyri-dəqiqliyə yol vermir? Bu suala bankomatların fəaliyyətinin dəqiqliyi ilə bağlı beynəlxalq aləmdə aparılan tədqiqatlar cavab verib. Məlum olub ki, bankomatlar il ərzində təxminən 250 dollarlıq səhvə yol verirlər və bu səhv həmişə bankomatın xeyrinə olur. Səbəbi daha dərindən təhlil etməyə cəhd göstərən tədqiqatçıların fikrinə görə, burada bankomatlarda qurulan proqram təminatı əsas rol oynayır və bu səhvlər heç də təsadüfi deyil. Araşdırma ilə məşğul olanlar səhvlərin daim bankomatın xeyrinə olmasını əsas götürərək, belə proqram təminatının məqsədli qurulması qənaətinə gəliblər. Amma onların ikinci variantı da var. Bu fərziyyəyə görə, yaranan səhvə bankomatda pul əməliyyatları həyata keçirilən zaman məbləğlərin yuvarlaqlaşdırılması da səbəb ola bilər.
 
Qızıl külçə və sikkələr verən bankomatlarla yanaşı, lal-kar və korlar üçün bankomatlar da mövcuddur
 
Yeri gəlmişkən, dünyada ilk bankomatın 1967- ci ildə Londonda qurulduğu söylənilir. "Barclay`s." bankına aid olan bu bankomatın dəyəri 18 min dollar, aparatın polad korpusunun qalınlığı isə 1,6 sm olub. Birinci bankomat xüsusi vauçerin əvəzinə nağd pul verirdi və bu, onun yeganə funksiyası idi. 1973-cü ildən isə kompüterləşmənin və elektron yaddaşlı plastik kartların sayəsində bankomatlar bütün dünyaya yayılmağa başladı. Artıq bu gün dünyada 2,3 milyondan artıq bankomat quraşdırılıb və təxminən hər 5 dəqiqədə yeni bankomat qurulur. Orta hesabla, bir bankomatda isə ay ərzində 6 400 əməliyyat həyata keçirilir. Bundan başqa, hazırda dünyada qızıl külçə və sikkələr verən bankomatlarla yanaşı, lal-kar və korlar üçün avtomatlar da mövcuddur. Bütün dünyada bankomatların ən populyar günü isə cümə günü sayılır.


Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL