waplog

“Rabitə” idman klubunun boksçusu dünya çempionu oldu


Cari ilin 11-27 oktyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində böyüklər arasında boks üzrə Dünya çempionatı keçirilib. Çempionatda 10 nəfərdən ibarət Respublika yığmasının tərkibində “Rabitə” idman klubunun 3 boksçusu iştirak edib. Boksçularımız yüksək ustalıq və əzmkarlıq göstərib, dünya boksunun aparıcı idmançılarına qalib gələrək 1 qızıl və 1 bürünc medal əldə ediblər.
 
İdmançılarımız ən güclü boksçulara qalib gəlib
 
«Rabitə dünyası» qəzetinin redaksiyasına qonaq gələn idmançılarımız yarışlarla bağlı öz təəssüratlarını bölüşüblər. Öncə “Rabitə” idman klubunun icraçı direktoru, boks üzrə Azərbaycanın ilk dünya çempionu Fərhad Acalov sözügedən yarış və boksçularımız haqqında danışaraq bildirib ki, sonuncu Dünya çempionatı bütün çempionatlar kimi çox mötəbər xarakter daşıyıb. Burada 110 ölkədən 600-ə yaxın boksçunun iştirak etdiyini vurğulayan F.Acalov deyib ki, “Rabitə” idman klubunun yetirməsi olan Cavid Çələbiyev fəxri kürsünün ən yüksək pilləsini əldə edərək dünya çempionu adını qazanıb: “Cavid  çempion olmaq üçün 6 döyüş keçirdi. Qeyd edim ki, o, dörd qələbədən sonra artıq 3-cü yeri əldə etmişdi. Lakin buna baxmayaraq böyük əzmkarlığını ortaya qoyaraq, təlim-məşq prosesində keçdiyi hazırlığından maksimum dərəcədə istifadə edərək ən güclü boksçulara qalib gəldi və Azərbaycanın adını qaliblər sırasına yazdırdı. Qarşılaşdığı idmançıların hamısı dünyada tanınan, adlı-sanlı boksçular idi. Onlarla gərgin keçən döyüşlərin hamısında qalib kimi yumruqlarını havaya qaldırdı. Cavid bizim gənc və perspektivli boksçumuzdur”.
 
Hakim haqsızlığı yan keçməyib
 
Digər boksçumuz, bürünc medalın sahibi Teymur Məmmədov da dünya çempionluğunun bir addımlığında hakimlərin haqsızlığı üzündən uduzdurulub:
 
“İdmanda bəzən hakim haqsızlıqları olur. Teymur sonuncu döyüşünü italiyalı Klemento Russo ilə keçirdi. Bu döyüşdə üstün tərəf Teymur idi. Lakin hakimlər italiyalını qalib etdilər və o, dünya çempionu oldu. Qeyd edim ki, Teymur London olimpiadasında da Klementonu 2 dəfə nokdauna salmışdı. O zaman da bizim idmançıya qarşı haqsızlıq edilmişdi. Lakin bununla belə, idmançılarımızın yüksək çıxışı həm federasiyamız üçün, həm də ümumilikdə Azərbaycan xalqı üçün böyük nəticədir”.
Azərbaycan yetirmələrinin yüksək nəticə əldə etməsinin çox sevindirici hal olduğunu vurğulayan F.Acalov bildirib ki, boksçularımızın qələbə qazanmasının başlıca səbəblərindən biri ölkədə idmançılara yüksək şəraitin yaradılmasıdır: “Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə, onun idmançılarına göstərdiyi böyük diqqət və qayğının nəticəsində boksçularımız yarışlara böyük ruh yüksəkliyi ilə qatılırlar və dünyada öz sözlərini deyə və güclərini göstərə bilirlər. Bir idmançının ən böyük hədiyyəsi də onun qazandığı medalı, ucaltdığı bayraq və səsləndirdiyi himndir. “Rabitə” idman klubunun bu nailiyyətini cənab prezidentimizə hədiyyə kimi qəbul edirik. Fürsətdən istifadə edib Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova, “Rabitə” idman klubunun rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Cavan boksçularımız hər addımda nazirimizin diqqətini hiss edir. Cavanlarımız  getdikləri yarışlarda Azərbaycanın bayrağını qaldırır, himnimizi səsləndirirlər”.
 
“Mən bu qələbəmi prezident seçkilərində bir daha prezident seçilən İlham Əliyevə hədiyyə edirəm”
 
Dünya çempionu adını qazanan Cavid Çələbiyev (21 yaş, 56 kq. ) isə bu vaxta qədər Neft ölkələrinin dünya kubokunun çempionu, 19-23 yaşlar arasında Avropa üçüncüsü olub. İdmançımız bildirib ki, qarşılaşdığı idmançıların hamısı güclü olub: “Ümumiyyətlə, Dünya çempionatında zəif idmançı olmur. Çünki onların hər biri öz ölkələrində ən güclülərdir. Birinci döyüşüm Tacikistan idmançısı ilə oldu. Ona 2:1 hesabı ilə qalib gəldim. İkinci rəqibim monqolustanlı idmançı idi. O, London olimpiadasının 2-si olmuşdu. Lakin rəqibi 2:1 hesabı üstələ bildim. Daha sonra Keniya (2:1), Hindistan (3:0), Qazaxıstan (2:1) idmançıları ilə qarşılaşdım. Finalda isə rus boksçusu ilə görüşdüm. Ona da 3:0 hesabı ilə qalib gəldim. Beləcə dünya çempionu oldum. Qeyd edim ki, adətən boksda çempion olmaq üçün 5 görüş keçirilir. Mən Azərbaycan tarixində ilk dəfə olaraq 6 döyüş keçirdikdən sonra qalib gəlmişəm”.

Əldə etdiyi qələbəyə görə çox sevindiyini və bunun bütün Azərbaycanın qələbəsi olduğunu vurğulayan boksçumuz idmançılara göstərdiyi diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə  minnətdarlığını ifadə edib: “Mən bu qələbəmi prezident seçkilərində bir daha prezident seçilən İlham Əliyevə hədiyyə edirəm. Bu mənim üçün çox böyük şərəfdir”.

Gələcək planlarından danışan C.Çələbiyev qarşısına məqsəd qoyduğunu və 2015-ci ildə Azərbaycanda Avropa olimpiadasında çempion olmaq istədiyini söyləyib: “Bilirsiniz ki, bu yarışda qalib gələnlərə 2016-cı ildə Braziliyada keçiriləcək Olimpiya oyunlarına lisenziya veriləcək. Ən böyük arzum bu olimpiadada qalib gələrək çempion olmaqdır”.

Azərbaycanın boks üzrə əməkdar məşqçisi Yadigar Məmmədov da yetirməsinin uğur qazanacağına əvvəlcədən inandığını bildirib. Məşqçisi qeyd edib ki, Cavid çox zəhmət çəkib və bu nailiyyəti əldə etməyə onun mənəvi haqqı da çatıb: “Cavidin bu vaxta qədər uduzduğunu görməmişəm. Onun
bir sözü var ki, şlensiz (kaska) oyunlar başladısa, deməli, mənim dövranım gəlib. Çünki o, şlensiz daha yaxşı döyüşür”.
 
“Olimpiya çempionu olmaq istəyirəm”
 
Qazaxıstanda keçirilən Dünya çempionatında bürünc medal əldə edən boksçumuz Teymur Məmmədov (22 yaş, 91 kq.) da ona olan ümidləri doğruldub. Qeyd edək ki, bu vaxta qədər T.Məmmədov Olimpiya 3-cüsü, Dünya çempionatının 2-çisi,  Avropa çempionu və ikincisi olub.
22 yaş, böyüklər arasında keçirilən Dünya çempionatının bürünc mükafatçısı.
T.Məmmədov bildirib ki, yarışa qatılan zaman zədəli və formada olmamasına baxmayaraq dünyanın tanınmış boksçuları ilə üz-üzə dayanıb: “Formada deyildim. Hazırlıq müddətində  ayağımdan zədə almışdım. Ona görə də tam məşq edə bilmədim. Yarışda döyüşə-döyüşə formaya düşdüm. Birinci döyüşüm çox ağır idi. Nigeriyalı boksçu ilə görüşdüm. Ona 2:1 hesabı ilə qalib gəldim.

İkinci görüşüm Hindistan boksçusu ilə oldu. Onunla görüşdə bütün raundları qalib ayrıldım. Üçüncü döyüşüm Kuba boksçusu ilə oldu. 2:1 hesabı ilə qalib gəldim. Bu da çox güclü idmançı idi. Yarımfinalda 2 dəfə Olimpiya ikincisi, 2 dəfə dünya çempionu olan italiyalı Klemento Russo ilə görüşdüm. Bərabər döyüşdə hakimlər üstünlüyü ona verdilər. Ona görə də dünya üçüncüsü oldum”.

Gələcək planlarından danışan T.Məmmədov yarışdan sonra istirahət etdiyini və öz toyuna hazırlaşdığını söyləyib: “İnşallah, bu ayın 3-ü toyumdur. Hələlik bu məsələlərə diqqət ayırıram. Amma toydan dərhal sonra məşqlərə başlayacam. Çünki qarşıda məqsədlərim var. 2015-ci ildə Bakıda Avropa olimpiadası keçiriləcək. Burda da finala çıxan boksçu Braziliyada keçiriləcək Olimpiya çempionatına lisenziya qazanacaq. Ən böyük arzum Olimpiya çempionu olmaqdır”.
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL