AMEA-nın akademik-katibi: “Davamlı elmi inkişafın təmin olunmasında əsas vəzifələrdən biri beynəlxalq elmi informasiya məkanına inteqrasiyadır”
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), "Thomson Reuters" Agentliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) təşkilatçılığı ilə İTİ-də "Azərbaycanın qlobal elmi bazaya çıxışı" (Azerbaijan`s access to Global Science Base) mövzusunda seminar keçirilib.
Seminarda "Thomson Reuters"in strateji əməkdaşlıq meneceri Filip Pörnel, "ULAKBİM"-in (Ulusal Akademik Ağ ve Bilgi Merkezi) Türkiyə Elmi və Texniki Araşdırma Qurumunun direktoru Ahmet Kaplan, "MiKRO Bilgi Kayit ve Dagitim" şirkətinin layihə və beynəlxalq satış üzrə direktoru Metin Tunc, həmin şirkətin nümayəndəsi Mehmet Haseki, "Tomson Reuters"in regional satış mərkəzinin meneceri Şahruz Şarifrazi, AMEA institutlarının rəhbərləri, alim və mütəxəssislər, o cümlədən gənc tədqiqatçılar, KİV nümayəndələri iştirak ediblər.
Azərbaycan elmi ictimaiyyətinin sözügedən qlobal elmi bazaya çıxışı, bu bazanın təklif etdiyi xidmətlərin təbliği, AMEA və "Tomson Reuters" arasındakı əməkdaşlıq əlaqələrinin Azərbaycan elmi üçün perspektivləri və digər məsələlərin müzakirəsinə həsr olunan tədbirdə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev seminarın əhəmiyyətindən danışıb: "Müasir dövrdə davamlı elmi inkişafın təmin olunmasında əsas vəzifələrdən biri beynəlxalq elmi informasiya məkanına inteqrasiya olunmaqdır".
Alim 2013-cü ilin ölkədə "İnformasiya-kommunikasiya ili" elan olunduğunu vurğulayaraq, bununla bağlı Tədbirlər Planında elmi məqalələrin dünyanın nüfuzlu yüksək indeksli jurnallarında dərcinin təşkili, bu sahədə əməkdaşlıq əlaqələrinin davamlı inkişafının xüsusi qeyd olunduğunu diqqətə çatdırıb. İnnovativ elmi nəticələrin əldə olunması baxımından dünya səviyyəsində səmərəli elmi axtarışların aparılmasının vacibliyini önə çəkən AMEA rəsmisi Azərbaycan Milli Elmlər Akademiyasının Avropa elmi mühitinə inteqrasiya etdiyini, müxtəlif nüfuzlu elmi təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğulayaraq, "Tomson Reuters", "IEEE", "Springer", "Elseiver" və s. kimi nüfuzlu təşkilatlarla əməkdaşlıq əlaqələrindən söhbət açıb.
Qlobal elmi istinad bazasının (Web of Science) alimlər və elmi qurumlar üçün təqdim etdiyi imkanlar haqqında ətraflı məlumat verən "Thomson Reuters"in strateji əməkdaşlıq meneceri F.Pörnel dünyanın 100-dən çox ölkəsindən 30 milyon tədqiqatçının bu bazaya elmi, iqtisadi və sosial problemlərin həlli mövzuları ilə əlaqədar müraciət etdiyini bildirib. O, bazanın elmi tədqiqat, elmi əməkdaşlıq və analitik təhlillər məqsədilə effektiv istifadəsinin mümkünlüyünü vurğulayıb: "Bazanın yüksək impakt-faktorlu jurnallarının son araşdırmalarına görə, Azərbaycanda aparılan tədqiqatlar, innovasiya fəaliyyəti sürətlə inkişaf edir və bu tədqiqatlara olan istinadlar araşdırmaların qlobal təsirə malik olduğunun göstəricisidir".
"Thomson Reuters"in Türkiyə təcrübəsindən danışan "ULAKBİM"-in Türkiyə Elmi və Texniki Araşdırma Qurumunun direktoru A.Kaplanın sözlərinə görə, Türkiyədə elm və təhsilin keyfiyyətini artırmaq və elmi nəticələri dünyaya çatdırmaq mərkəzin əsas hədəflərindəndir: "Qurum Türkiyənin akademik təşkilatlar və təhsil müəssisələrini birləşdirən milli şəbəkə kimi fəaliyyət göstərir. Hazırda şəbəkənin öz istifadəçilərinə 17 minə yaxın jurnal və 1200-dən çox kitabdan yararlanmaq imkanını verir".
"MiKRO Bilgi Kayit ve Dagitim" şirkətinin layihə və beynəlxalq satış üzrə direktoru M.Tunc isə qeyd edib ki, "Thomson Reuters" elmi tədqiqatların nəticələrini təhlil edərək ölkədə innovasiya fəaliyyətinin, impakt faktorlu və patent nəşrlərin inkişafını nümayiş etdirən son tədqiqatları təqdim edir: "Əsas məqsədimiz Azərbaycanın alim və mütəxəssislərinin bu bazadan səmərəli istifadəsini təmin etmək, onun qlobal məkanda rəqabət gücünü artırmaq və elmi potensialını dünya ictimaiyyətinə tanıtmaqdır".
Daha sonra məruzəçilər çoxsaylı sualları cavablandırıblar.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL