Neft-qaz emalında innovasiyaların tətbiqi üzrə təlim keçirilib
İnformasiya-kommunikasiya texnologiyaları bir sıra sahələrdə olduğu kimi, neft-qaz sahəsində də uğurla tətbiq olunur. Neft və qazın çıxarılmasında və onların emalında istifadə edilən İT vasitələri işi asanlaşdırmaqla bərabər, təhlükəsizliyi təmin edir, keyfiyyəti, əmsalı yüksəldir, istehsalı artırır. Bu baxımdan dünya ölkələri sözügedən sahədə əldə olunan təcrübələri mübadilə etməyə böyük maraq göstərirlər.
“ICTnews” xəbər xidmətinin məlumatına görə, Azərbaycanın neft-qaz sahəsində uğurlu fəaliyyəti nəzərə alınaraq Bakıda “Neft mühəndisliyi və neftin emalı metodları üzrə innovasiyalar” mövzusunda 4-cü ixtisasartırma kursu keçirilib. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən Kolumbiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (APC-Colombia) və Azərbaycan Dövlət Neft Akademiyasının “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi Tədqiqat İnstitutu ilə birgə təşkil edilən kursda innovasiyalı metodlardan söz açılıb.
Qeyd edilməlidir ki, sözügedən ixtisasartırma kursu “Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu” əsasında birgə maliyyələşdirilərək reallaşdırılıb. Təlimdə ilk dəfə olaraq yüksək neft istehsalına malik 9 ölkədən – Azərbaycan, Çin, Hindistan, İndoneziya, İraq, Küveyt, Oman, Yəmən və Vyetnamdan 12 mütəxəssis iştirak edib. Belə ki, bu kurs Azərbaycan və həmin mütəxəssislərin təmsil etdikləri ölkələr arasında neft-qaz istehsalı sahəsi üzrə təcrübə və biliklərin mübadiləsinə geniş imkan yaradıb.
Onu da qeyd edək ki, ixtisasartırma kursunda iştirak edən Küveyt Elmi Tədqiqat İnstitutunun nümayəndələri və “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi Tədqiqat İnstitutu arasında gələcək əməkdaşlıqla bağlı müzakirələr və ilkin fikir mübadiləsi aparılıb. Müzakirələrin nəticəsi kimi iki institut arasında təcrübə mübadiləsinin davam etdirilməsinə dair yaxın zamanda Anlaşma Memorandumunun imzalanması qərara alınıb.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL