“Elektron hökumət”dən daha bir yenilik: portala daxilolma vasitələrinin sayı artırılıb
“Elektron hökumət” portalından istifadə imkanlarının genişləndirilməsi və elektron xidmətlərdən daha rahat istifadənin təmin edilməsi məqsədi ilə növbəti yenilik həyata keçirilib.
Belə ki, portaldan istifadə üçün təklif olunan autentifikasiya vasitələrinin sayı artırılaraq “www.e-gov.az”-a giriş imkanı verən artıq beşinci vasitə istifadəçilərin ixtiyarına verilib. Bu, “Asan imza ilə daxilolma” adlanır. İstifadəçi Vergilər Nazirliyinin sertifikat xidmətləri mərkəzi tərəfindən verilən “Asan imza” ilə daxil olmaq üçün, portala giriş bölməsində, “Asan imza ilə daxilolma” menyusuna daxil olmalı və mütləq təqdim olunan hər üç bəndi – “İstifadəçinin mobil nömrəsi”ni, “İstifadəçi ID”-ni və şəkildə göstərilən təhlükəsizlik kodunu doldurmalıdır.
Daha sonra aşağı hissədə “Asan imza” ilə giriş düyməsini basmalıdır. Bu zaman onun telefonuna pin-kod göndərilir. Əgər pin-kodun dürüstlüyü təsdiqlənərsə, istifadəçi telefonunda “Ok” düyməsini basır və onun şəxsiyyəti autentifikasiya olunur. Əgər istifadəçinin kimliyi doğrudursa, o, portala daxil olaraq, istədiyi elektron xidmətdən yararlana bilir.
Qeyd edək ki, Vergilər Nazirliyinin sertifikat mərkəzi 2013-cü ilin may ayında akkreditə olub və milli sertifikat xidmətləri mərkəzləri sisteminə daxil edilib. Hal-hazırda Vergilər Nazirliyi sertifikat xidmətləri mərkəzi tərəfindən 10 mindən artıq vergi ödəyicisinə “Asan imza” sertifikatları verilib. Bundan başqa, Vergilər Nazirliyinin informasiya sistemləri ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya sistemləri arasında qarşılıqlı elektron informasiya mübadiləsini təmin edəcək müqavilə imzalanıb.
Məqsəd 2 nazirliyin informasiya sistemləri arasında “Elektron hökumət” portalı vasitəsilə informasiya mübadiləsinin təşkil edilməsidir. Həmçinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nda müəyyən edilən Vergilər Nazirliyinin elektron xidmətlərin “Elektron hökumət” portalına inteqrasiyası üçün intensiv işlər aparılır və xidmətlərin portala tam inteqrasiya qrafiki hazırlanır. İlin sonuna kimi Vergilər Nazirliyi tərəfindən təqdim olunan bütün elektron xidmətlərin portala inteqrasiyasının başa çatdırılması planlaşdırılır.
“Asan imza” ilə yanaşı, hazırda “www.e-gov.az”-a giriş imkanı verən digər autentifikasiya vasitələrinə gəlincə, portala RİTN tərəfindən verilən e-imza kartı, “Elektron hökumət” sistemi tərəfindən vətəndaşa verilmiş kod, mobil autentifikasiya sertifikatı və smartfonla daxil olmaq mümkündür. “RİTN tərəfindən verilən e-imza kartı ilə daxil olmaq” bölməsində fiziki və hüquqi şəxslər RİTN tərəfindən onlara təqdim edilən e-imza sertifikatları vasitəsilə autentifikasiyadan keçərək xidmətlərdən istifadə edə bilərlər. “Elektron hökumət” sistemi tərəfindən vətəndaşa verilmiş kod ilə daxil olmaq” bölməsində fiziki və hüquqi şəxslər, o cümlədən dövlət qulluqçuları “Elektron hökumət” sistemi tərəfindən onlara təqdim edilən kod vasitəsilə autentifikasiyadan keçərək xidmətlərdən istifadə edə bilərlər.
“Mobil autentifikasiya sertifikatı ilə daxil olmaq” - bu bölmədə yalnız mobil imza sertifikatlarının sahibləri autentifikasiyadan keçərək xidmətlərdən istifadə edə bilərlər (smartfon və planşetlər üçün). “Smartfon ilə daxil olmaq” bölməsində isə yalnız mobil imza sertifikatlarının sahibləri smartfon vasitəsilə QR-kodu skan edib autentifikasiyadan keçərək xidmətlərdən istifadə edə bilərlər. Burada mobil imzası olan smartfon autentifikasiya vasitəsi kimi istifadə olunur. Eyni zamanda beynəlxalq təcrübədə elektron xidmətlərin cəmləşdiyi vahid portala daxil olmaq üçün kredit kartlarından da istifadə olunur ki, Azərbaycanda da müvafiq təcrübənin nəzərdən keçirilməsi mümkündür.
Qeyd edək ki, “Elektron hökumət” - dövlət qurumları tərəfindən əhaliyə xidmət göstərilməsinin yeni üsuludur. Vətəndaşlara dövlət tərəfindən verilən xidmətlər burada elektron mühitdə təqdim edilir. “Elektron hökumət” ilk növbədə insanların rahatlığına xidmət edir. Belə ki, dövlət xidmətləri vətəndaşa ən asan, ən qısa zaman ərzində çatdırılır. “E-hökumət” Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, o cümlədən hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətlərin göstərilməsinə şərait yaradır.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL