Rabitə və informasiya texnologiyaları sahəsinin “ən peşəkarları” məlum olacaq
6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü ilə əlaqədar rabitə işçiləri arasında ən peşəkarların müəyyənləşdirilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müsabiqə-yarış keçirilib.
Müsabiqədə ən yaxşı “mis” və “optik kabel calayıcısı”, “xətt qurğuları mantyoru”, “poçtalyon” və “əməliyyatçı” adını qazanmaq üçün iştirakçılar öz bilik və bacarıqlarını sınayıblar.
Yarışın açılış mərasimində Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Azərbaycanda rabitə sahəsində əldə olunan uğurlardan danışaraq əlavə edib ki, işçilər arasında peşəkarların müəyyənləşdirilməsi, rəqabətin gücləndirilməsi ümumi işə müsbət təsir edir.
İştirakçılara uğurlar arzulayan nazir müavini qeyd edib ki, 2 nəfər eyni bal toplayarsa, hər birinə birinci yer veriləcək.
Bildirilib ki, bu il yarışın şərtlərinə əlavələr edilib. Belə ki, bu il ilk dəfə olaraq “proqramçı” və “şəbəkə inzibatçısı” peşələri üzrə də yarış keçirilib. Artıq ən peşəkar “proqramçı” və “şəbəkə inzibatçısı” müəyyən edilib. Bugünkü yarışlar isə 2 mərhələdə keçirilir. Birinci mərhələdə iştirakçılar test sualları əsasında öz biliklərini göstərirlər.
İkinci mərhələdə isə praktiki suallar əsasında görülən işin nəticəsi, onun keyfiyyəti, düzgünlüyü üzrə qiymətləndirilir.
Ümumi yekun bal çıxarmaqla ümumrespublika üzrə ən yaxşı peşəkar rabitəçilər arasında I, II, III yerlər müəyyənləşdirilir. Bir qayda olaraq I yerə layiq görülən insanlara “rabitə ustası” fəxri adı və 1000 manat pul mükafatı verilir. II və III yerin sahiblərinə isə müvafiq olaraq 800 - 500 manat pul mükafatı təqdim ediləcək.
Məlumat üçün bildirək ki, sözügedən yarışların keçirilməsi ilə əlaqədar peşəkar kadrlardan ibarət münsiflər heyəti yaradılıb. Münsiflər heyətinin üzvləri də istər test suallarının hazırlanmasında, istərsə də praktik tapşırıqların seçimində iştirak ediblər.
Yekunda da münsiflər heyətinin ümumi rəyi ilə qiymətləndirmələr aparılaraq nəticələr müəyyənləşdiriləcək. Yarışlarda “Aztelekom” İB, BTRİB, Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və “Azərpoçt” MMC-nin poçt filiallarının əməkdaşları iştirak edir. Ümumilikdə 24 nəfər öz bilik və bacarığını sınayıb.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL