Sosial xidmət sahələri üzrə avtomatlaşdırma işləri davam etdiriləcək
“Azərbaycanda innovasiyanın və məşğulluğun inkişafı” layihəsi çərçivəsində Bakıda və Sumqayıtda yaradılan SYSLAB mərkəzləri iş axtarışı bacarıqlarının inkişafına, işaxtaranların əmək bazarına inteqrasiyasına öz töhfəsini verir. Yaxın vaxtlarda Gəncə şəhərində də belə bir mərkəzin açılacağı gözlənilir.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bruk arasında keçirilən görüşdə məlumat verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, S. Müslümov ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatlarda BMT-nin İnkişaf Proqramı ilə həyata keçirilən əməkdaşlığın önəmini diqqətə çatdırıb. Xüsusən innovasiyanın və məşğulluğun inkişafı sahələrində birgə icra olunan layihənin uğurlu nəticələrindən söz açılıb.
Antonius Bruk ötən dövrdə əldə olunmuş müsbət əməkdaşlıq təcrübəsinin əmək bazarının tədqiqi üzrə institusional potensialın gücləndirilməsi, qeyri-neft sektoru üzrə müasir bilik və bacarıqlara malik işçi qüvvəsinin hazırlanması, sosial xidmət sahələri üzrə avtomatlaşdırma işlərinin davam etdirilməsi, növbəti dövr üçün yeni milli məşğulluq strategiyasının hazırlanması və s. istiqamətlərdə davam etdirilməsi barədə təkliflərini diqqətə çatdırıb.
Səlim Müslümov qeyd olunan sahələrlə yanaşı, ilk növbədə ünvanlı dövlət sosial yardımı və əlilliyin müəyyən olunması sistemlərində məmur-vətəndaş əlaqələrinin aradan qaldırılması və şəffaflığın təmin edilməsinin prioritet vəzifə olduğunu deyib. Nazir bildirib ki, bunun üçün ayrı-ayrı ölkələrin mövcud təcrübəsi əsasında həmin sahələrdə avtomatlaşdırmanın tətbiqi, ilk növbədə isə müvafiq qanunvericilik bazasının avtomatlaşdırma işlərinə uyğunlaşdırılması tələb olunur və İnkişaf Proqramının gələcəkdə bu sahədə dəstəyi daha bir uğurlu əməkdaşlıq nümunəsinə çevrilə bilər.
Görüşdə qeyd olunan sahələrdə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL