“Caspian Telecom” “Bakutel 2013”-də yeni FTTH texnologiyasını təqdim edir
"Caspian Telecom" MMC Azərbaycan Respublikasında İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biridir. Şirkət 1997-ci ildə təsis olunub və artıq 16 ildir ki, bütün növ informasiya və kommunikasiya texnologiyaları xidmətləri təklif edir.
Korporativ şəbəkə operatoru və sistem inteqratoru kimi fəaliyyət göstərən şirkət "Ailə TV" və "Ailə NET" brendlərinin sahibidir və ölkəmizdə 19-cu dəfə keçiriləcək "Bakutel 2013" İnformasiya və Telekommunikasiya Texnologiyaları sərgisində iştirak edir. "CaspianTelecom" şirkətinin uğurlu fəaliyyətinin əsas komponentlərindən biri Azərbaycanda ən sıx və genişzolaqlı fiber-optik şəbəkəyə malik olmasıdır. Şirkətin öz müstəqil əsas şəbəkəsi var, bu da müştərilərə daha səmərəli korporativ xidmət göstərməyə imkan verir. "Caspian Telecom" müştərilərin fiber-optik şəbəkəsini "sıfır"dan ən qısa zamanda qurur. Bundan əlavə şirkət ən son qabaqcıl FTTH texnologiyasını və ödənişsiz şəbəkə infrastrukturunun monitorinq xidmətini təqdim edir. Təqdim olunan yeniliklər haqqında daha ətraflı bizə "Caspian Telecom" şirkətinin direktor müavini Mahizər Tağıyeva danışdı.
-
Mahizər xanım, şirkətin təqdim etdiyi xidmətlər arasında korporativ şəbəkələrin qurulması və onların sonrakı monitorinqi vacib rol oynayır. Bu xidmətin xüsusiyyəti nədən ibarətdir?
-
Öz fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə edən hər bir şirkət, vahid informasiya məkanının yaradılmasını yüksək qiymətləndirir. Korporativ şəbəkələrin qurulması şirkətdaxili və filiallararası böyük həcmdə təhlükəsiz məlumat mübadiləsinə, genişzolaqlı internetə çıxışa, videokonfransların keçirilməsinə imkan yaradır, şirkət əməkdaşlarının daha operativ işləməsi üçün şərait yaradır. "Caspian Telecom" Azərbaycanda ən sıx və genişzolaqlı fiber-optik şəbəkəyə malik olan şirkətlərdən biridir. Şirkətin öz müstəqil əsas şəbəkəsi var, bu da müştərilərə daha səmərəli korporativ xidmət göstərməyə imkan verir. "Caspian Telecom" müştərilərin fiber-optik şəbəkəsini "sıfır"dan ən qısa zamanda qurur.
-
"CaspianTelecom" da "Bakutel 2013"-ün əsas iştirakçılarındandır. Şirkət sərgiyə hansı yeniliklərlə qoşulur?
-
"Caspian Telecom" şirkəti artıq sayca ikinci ildir ki, "Bakutel" İnformasiya və Telekommunikasiya Texnologiyaları sərgisində iştirak edir. Hər il olduğu kimi, bu il də şirkət ən son və qabaqcıl texnoloji yeniliklər təqdim edir. Təqdim olunan yeniliklər arasında yeni FTTH texnologiyasını qeyd etmək olar. Sələfi FTTB (fiber-optik xətlərin birbaşa binaya qədər ötürülməsi) texnologiyasından fərqli olaraq, FTTH texnologiyasında fiber-optik xətlərin birbaşa mənzilə qədər ötürülməsi nəzərdə tutulur. FTTH texnologiyası ilə quraşdırılmış fiber-optik şəbəkə daha baha başa gəlsə də, yüksək rentabelliyə malikdir və istismar xərcləri daha azdır. Bu tip şəbəkədən istifadə edilən zaman texniki avadanlıq üçün tələb olunan yerə və elektrik enerjisinə qənaət olunur. Tələb olunan kommunikasiya avadanlıqlarının sayı nisbətən azalır. Əlavə olaraq FTTH texnologiyası bir nazik kabel vasitəsilə evdə və ya ofisinizdə 3 vacib xidmətdən, telefon, televiziya və internetdən yararlanmağa imkan verir.
-
Hazırda İKT bazarında bir çox şirkət korporativ şəbəkələrin qurulması üzrə xidmət göstərir. Operativ qoşulmadan savayı "Caspian Telecom"un müştəriləri daha hansı üstünlüklər əldə edirlər?
-
"CaspianTelecom" şirkəti müştərilərə göstərilən xidmətlərin keyfiyyəti və rahatlığının yaxşılaşdırılması istiqamətində daim inkişaf edir. Bizim şirkətin ən effektiv servis xidmətlərindən biri müştərilərə ödənişsiz olaraq təqdim olunan, şəbəkə infrastrukturunun monitorinq xidmətidir. Multi-funksional və çevik NMS sistemi vasitəsilə şirkətin əməkdaşları nəinki öz şəbəkələrinin, həm də ayrı ayrılıqda digər şəbəkələrin də sorğu ilə monitorinqini apara bilirlər. Hər bir müştəri hər hansı bir sual yarandıqda, öz login və parolundan istifadə edərək, bizim serverdəki "Help Desk" səhifəsinə daxil olub sorğu göndərə bilər. Sorğunu qəbul edən operator müştəriyə bu barədə məlumat verəcək və bundan sonra problemin həlli etapları hesabat şəklində müştərinin şəxsi səhifəsində göstəriləcək. Beləliklə, müştərilərin narahatlığına heç bir əsas qalmır, şirkət əməkdaşlarının davamlı monitorinqləri şəbəkədə yarana biləcək bütün problemləri ani surətdə təyin edib, onların ən qısa zamanda həll olunmasına imkan yaradır.
-
Necə hesab edirsiniz, "Bakutel 2013" İnformasiya və Telekommunikasiya Texnologiyaları sərgisi bu sahədə çalışan şirkətlər üçün hansı perspektivlər vəd edir? Ümumiyyətlə, sərgi barədə təəssüratlarınız necədir?
-
Bildiyiniz kimi, builki sərgi "İKT ili" devizi altında keçirilir və sərgidə rekord sayda şirkət iştirak edir. Sərgidə nəinki yerli, həm də xarici şirkətlərin də iştirak etməsi və İKT sahəsində ən son yenilikləri təqdim etməsi, əlbəttə ki, hər bir şirkətin qarşısına qoyduğu məqsədlərə çatmağa təkan verir, uğurlu biznes əlaqələrinin qurulmasına şərait yaradır. Sərginin keçirilməsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən olan dəstək isə bu sərginin nəinki əhəmiyyətini artırır, həm də bütün Şimali Qafqaz regionunda ən vacib tədbirlərdən birinə çevirir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL