waplog

“Kod Saatı” “Bakutel 2013”-də təqdim olunacaq



 
Azərbaycan ACM Bölməsi “Bakutel 2013” sərgisində proqramlaşdırmanı populyarlaşdıran qlobal “Code.org” hərəkatının “Kod Saatı” təşəbbüsünü təqdim edəcək. Belə ki, 9-15 dekabr – İnformatika Təhsili Həftəsi (Computer Science Education Week) çərçivəsində keçirilən “Kod Saatı” (Hour of Code) bütün dünyada hər kəsi bir saatını proqramlaşdırmanın əsaslarını öyrənməyə və ya öyrətməyə sərf etməyə təşviq edir. “Code.org” hərəkatının təqdimat videosuna buradan baxmaq olar:  “http://www.youtube.com/watch?v=tvYyVF4pa-k
 
“Kod Saatı”nda uşaq bağçasından tutmuş, ibtidai sinif şagirdinə qədər, universitet tələbəsindən tutmuş, təqaüdçüyə qədər, ixtisas və təhsilindən asılı olmayaraq hər kəs əyləncəli onlayn dərsliklər vasitəsilə kod yazmağı öyrənə bilər. “Code.org” tərəfindən təşkil olunan bu təşəbbüsə “Apple”, “Google”, “Microsoft”, “Amazon” kimi məşhur İKT nəhəngləri ilə yanaşı, informatika üzrə ən qədim qlobal elm və təhsil təşkilatı olan ACM də dəstək verir.
 
Azərbaycan ACM Bölməsi təşəbbüs qrupunun rəhbəri Araz Yusubov deyir: “Təşəbbüs çərçivəsində hazırlanan dərslikləri Azərbaycan dilinə tərcümə edərək, ölkəmizin də “Kod Saatı”nda iştirakına kömək etmək istədik”. “Kod Saatı”nda təqdim olunan interaktiv dərsliklər sadə göstərişlərlə müşayiət olunan, əyləncəli tapşırıqlar vasitəsilə informatikanın əsas anlayışlarını öyrədir. İştirakçılar “Angry Birds” və “Plants vs. Zombies” kimi videooyunların qəhrəmanları ilə tapmacaları həll etmək üçün Bill Qeyts və Mark Tsukerberqin iştirak etdiyi videomühazirələrdən kod yazmağı öyrənəcək.
 
2-5 dekabr “Bakutel 2013” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə iştirak edən Azərbaycan ACM Bölməsi “Kod Saatı”nı 2012 nömrəli stenddə təqdim edəcək. Bundan başqa bölmə üzvləri sərgi çərçivəsində “OWASP nədir?” (Adil Əliyev), “OWASP Top 10 təhlükəsizlik təhdidləri” (Turqut Mehdiyev) və “Multikopter nədir?” (Nərgiz Qasımova və Aygün İlxaszadə) mövzusunda seminarlar keçirəcək. Sərginin axırıncı günü isə Azərbaycan ACM Bölməsi videooyunların yaradılması barədə ilk tammetrajlı sənədli film olan “Müstəqil oyun: kinofilm”in (Indie Game: The Movie) nümayişini təşkil edəcək. “Sandəns” Film Festivalının qalibi olmuş film orijinal ingilis dilində, azərbaycanca subtitrlərlə göstəriləcək. Filmin treylerinə buradan baxmaq olar: “www.youtube.com/watch?v=69htFBfywEQ”.
 
Daha geniş məlumatı “Bakutel”də Azərbaycan ACM Bölməsinin stendindən və ya “council@azerbaijan.acm.org” e-poçt ünvanı vasitəsilə əlaqə saxlanmaqla almaq mümkündür.
 
 
Qeyd edək ki, Azərbaycan ACM Bölməsi Qafqazda ilk peşəkar ACM (Association for Computing Machinery – “ey-si-em” – Hesablama Maşınları üzrə Assosiasiya) bölməsidir. Əsası 1947-ci ildə qoyulmuş assosiasiya informasiya texnologiyalarının sənət, elm, mühəndislik və tətbiqi istiqamətlərini irəli aparmaq amalı daşıyan, informasiyanın azad mübadiləsinə şərait yaratmaqla, ən yüksək etik peşə standartlarını təbliğ etməklə həm peşəkar, həm də ictimai maraqlara xidmət edən beynəlxalq elm və təhsil təşkilatıdır.
 
Veb-saytımz: “http://azerbaijan.acm.org/
 Azərbaycanda ilk yerli ACM bölməsi olan Bakı Dövlət Universiteti ACM Tələbə Bölməsi 2011-ci ilin fevralından, Qafqaz Universitetindəki ACM Tələbə Bölməsi isə 2012-ci ilin yanvarından fəaliyyət göstərir. Azərbaycan ACM Bölməsi peşəkar ACM bölməsi olaraq 24 fevral 2012-ci ildə təsis olunub.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL