Azərbaycan məktəblisinin İT uğuru
“Bakutel-2013” sərgisinin ən gənc iştirakçısı nəticələrdən razıdır.
Dekabrın 2-5 tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən "Bakutel-2013" - 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi bir sıra özəllikləri ilə əvvəlki sərgilərdən fərqləndi.
2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edildiyi üçün “Bakutel-2013” sərgisində son illər Azərbaycanda İKT sahəsində əldə olunan nailiyyətlər geniş şəkildə nümayiş etdirildi. O cümlədən, Azərbaycanda vüsət alan “startup” hərəkatına böyük diqqət yetirildi və ilk dəfə “Bakutel” sərgisində onların təqdimatı üçün xüsusi zonalar ayrıldı.
Sərgiyə qatılan milli startuplardan 17 yaşlı Bakı məktəblisi Rüfət Məmmədli isə nəinki həmkarları arasında, ümumiyyətlə, “Bakutel-2013”-də ən gənc iştirakçı oldu. O, sərgidə yüzlərlə kompüterin tək mobil cihazla idarə edilməsini təmin edən "Loupse" (loupse.com) layihəsini nümayiş etdirdi. Sözügedən layihə kompüterlərin mobil telefon vasitəsilə idarə edilməsi üçün proqram təminatının yaradılmasını nəzərdə tutur. Bu proqramın köməyilə istifadəçi öz kompüterində istənilən məsafədən müxtəlif əməliyyatları icra etmək imkanı qazanır.
Sözügedən layihənin yaranmasından danışan R.Məmmədli bildirdi ki, onun ideyası sırf maraqdan meydana gəlib: “Mən evdə və ya internet-kafelərdə əyləşərək dostlarımın mənzillərindəki kompüterlərinə daxil olmaq istəyirdim. Bunun üçün ilkin proqramlar hazırladım. Onun üzərində işlədim və bir müddətdən sonra artıq dostlarımın kompüterlərinə daxil ola bildim. Bir qədər keçdikdən sonra proqramı daha da genişləndirmək, onu kommersiya alətinə çevirmək, layihə formasında işləyib hər kəsin istifadə edə biləcəyi və xeyir verəcəyi məhsula keçirmək qərarına gəldim. Bu istiqamətdə işlərimi həyata keçirərək "Loupse"ni (loupse.com) yaratdım. Əlbəttə, bu layihənin dünyada oxşarları var. Lakin inanıram ki, Azərbaycanda bunu həyata keçirərək şirkətlərin, ofis sahiblərinin, eləcə də sıravi insanların köməyinə çatacağıq”.
Proqramı daha da genişləndirmək, ona “Ağıllı ev” layihələrini əlavə etməklə mənzillərdəki cihazları mobil telefonla işə salmaq üçün imkanlar yaratmaq niyyətində olduqlarını vurğulayan R.Məmmədli hazırladıqları proqramın təhlükəsizliyinin təmin edilməsinin vacibliyini söylədi: “Layihə üçün server lazımdır ki, layihə tam fəaliyyətə başladıqda hər hansı bir problemlə qarşılaşılmasın. Üstəlik, onun təhlükəsizlik məsələlərini də bu işlə məşğul olan hər hansı bir şirkətə həvalə etmək olar. Məsələn, “Facebook”un təhlükəsizliyini birbaşa olaraq onun rəhbərliyi deyil, başqa bir struktur təmin edir”.
R.Məmmədli sərgidəki iştirakının nəticələrindən razı qaldığını bildirdi. “Bakutel-2013” sərgisində startupçılara öz məhsullarını nümayiş etdirmək üçün tamamilə pulsuz şəkildə meydanın verildiyini qeyd edən məktəbli bundan məmnun qaldıqlarını ifadə etdi.
Onun sözlərinə görə, 4 gün davam edən sərgi zamanı “Loupse” layihəsinin stendinə 300-dən çox ziyarətçi, o cümlədən, 10-dan artıq yerli və xarici şirkətin nümayəndələri tamaşa edib. Layihə istər sıravi ziyarətçilərin, istərsə də iş adamlarının marağına səbəb olub.
Rüfət Məmmədli bildirdi ki, ziyarətçilər onunla söhbətində layihənin gündəlik iş həyatında faydalı olacağını söyləyib və tezliklə reallaşdırılmasını arzulayıblar.
İşgüzar dairələrdən isə “TeliaSonera”, “Reksoft”, “Paywast”, “Wisethink”, “Unimark”, “Cybernet”, “Simbrella” kimi İsveç, Rusiya, Əfqanıstan, Amerika, Azərbaycan şirkətlərinin nümayəndələri layihəni maraqla qarşılayıb və əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi məqsədilə əlaqələrin yaradılmasını təklif ediblər.
Rüfət Məmmədli sərgidə startupçılara yaradılan şəraitdən də razılığını bildirdi və növbəti sərgilərdə də iştirak etmək arzusunda olduğunu söylədi. Qeyd etdi ki, sərgi ona müəllifi olduğu “Loupse” layihəsinin ilk dəfə olaraq geniş işgüzar auditoriya qarşısında yüksək səviyyədə təqdimatına şərait yaratdı və layihə bir daha populyarlıq qazandı.
Bununla belə, gənc mütəxəssis layihənin təkmilləşdirilməsi üçün maliyyə problemlərinin həllinə müvafiq dairələrdən kömək göstərilməsini də arzu etdi.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL