waplog

Barak Obama, Şakira və Bill Qeyts


“Azərbaycan ACM” Bölməsi hər kəsi Barak Obama, Şakira və Bill Qeytsin dəstək verdiyi qlobal “Kod Saatı” təşəbbüsündə iştirak etməyə dəvət edir.

 
Proqramlaşdırmanı populyarlaşdıran “Code.org” hərəkatının 9-15 dekabr – İnformatika Təhsili Həftəsi (Computer Science Education Week) çərçivəsində keçirilən “Kod Saatı” (Hour of Code) təşəbbüsü bütün dünyada hər kəsi təşviq edir ki, bir saatını proqramlaşdırmanın əsaslarını öyrənməyə və ya öyrətməyə sərf etsin.
 
“Code.org” hərəkatının Azərbaycan dilində subtitrli təqdimat videosuna buradan baxmaq olar: http://www.youtube.com/watch?v=tvYyVF4pa-k
 
“Kod Saatında yaşından, ixtisas və təhsilindən asılı olmayaraq hər kəs əyləncəli onlayn dərsliklər vasitəsilə kod yazmağı öyrənə bilər. “Code.org” tərəfindən təşkil olunan bu təşəbbüsə “Apple”, “Google”, “Microsoft”, “Amazon” kimi məşhur İKT nəhəngləri ilə yanaşı informatika üzrə ən qədim qlobal elm və təhsil təşkilatı olan ACM də dəstək verir.
 
“Kod Saatı”nın Şakira, Əşton Kutçer və digər məşhurların çəkildiyi Azərbaycan dilində subtitrli təqdimat videosuna buradan baxmaq olar: http://www.youtube.com/watch?v=Nz23L_nAlos  9 dekabrda start verilmiş “Kod Saatı” münasibəti ilə ABŞ prezidenti Barak Obama Amerika xalqına xüsusi video-müraciət edərək, təşəbbüsdə iştirak etməyə çağırıb. Müraciətdə deyilir:
 
“Bir gənc oğlan və ya qız olun, şəhər və ya kənd yerində yaşayın, kompüterlər gələcəyiniz böyük bir hissəsi olacaq... və əgər var gücünüzlə işləmək və öyrənmək istəyirsinizsə, bu gələcəyi siz formalaşdıracaqsınız”. Müraciətin Azərbaycan dilində subtitrli tam videosuna buradan baxmaq olar: http://www.youtube.com/watch?v=6XvmhE1J9PY
 
“Azərbaycan ACM” Bölməsi təşəbbüs qrupunun rəhbəri Araz Yusubovun sözlərinə görə, həftə başlayandan bəri dünyanın 167 ölkəsindən 9,4 milyondan çox insan “Kod Saatı”nda iştirak edib, Azərbaycandan olan iştirakçıların sayı isə artıq 400 nəfəri ötüb:
 
 “Azərbaycanda informatika məktəbdə birinci sinifdən keçilir. Təşəbbüs çərçivəsində hazırlanan dərslik və videoları Azərbaycan dilinə tərcümə edərək, ölkəmizin də Kod Saatında iştirakına kömək etmək istədik”.
 
Tərcümə işində, həmçinin ACM üzvləri, İsveçrədə magistr təhsili alan Hüseyn Qasımov, Bakı Dövlət Universitetinin bakalavriatura tələbəsi Toğrul Cəfərli və Niderlandda bakalavr təhsili alan Tağı Əliyev iştirak ediblər. “Kod Saatı”nda təqdim olunan interaktiv onlayn dərsliklər sadə göstərişlərlə müşayiət olunan, əyləncəli tapşırıqlar vasitəsilə informatikanın əsas anlayışlarını öyrədir. İştirakçılar “Angry Birds” və “Plants vs. Zombies” kimi video-oyunların qəhrəmanları ilə tapmacaları həll etmək üçün Bill Qeyts və Mark Tsukerberqin iştriak etdiyi video-mühazirələrdən kod yazmağı öyrənir. İştirak etmək üçün kompüter və ya mobil telefondan  http://learn.code.org/   ünvanına daxil olmaq kifayətdir.
 
Bundan sonra səhifənin aşağısında Azərbaycan dilini seçərək özünüzü Kod Saatında sınamaq, yaxud “müəllim” və ya “şagird” kimi qeydiyyatdan keçərək bütün dərslikləri nəzərdən keçirmək olar.  
 
 
Qeyd edək ki “Azərbaycan ACM” Bölməsi Qafqazda ilk peşəkar ACM (Association for Computing Machinery – “ey-si-em” – Hesablama Maşınları üzrə Assosiasiya) bölməsidir. Əsası 1947-ci ildə qoyulmuş assosiasiya informasiya texnologiyalarının sənət, elm, mühəndislik və tətbiqi istiqamətlərini irəli aparmaq amalı daşıyan, informasiyanın azad mübadiləsinə şərait yaratmaqla, ən yüksək etik peşə standartlarını təbliğ etməklə həm peşəkar, həm də ictimai maraqlara xidmət edən beynəlxalq elm və təhsil təşkilatıdır.
 
Azərbaycanda ilk yerli ACM bölməsi olan Bakı Dövlət Universiteti ACM Tələbə Bölməsi 2011-ci ilin fevralından, Qafqaz Universitetindəki ACM Tələbə Bölməsi isə 2012-ci ilin yanvarından fəaliyyət göstərir. Azərbaycan ACM Bölməsi peşəkar ACM bölməsi olaraq 24 fevral 2012-ci ildə təsis olunub.
 
 
Həqiqət İSABALAAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL