waplog

Nazir müavini: “İKT-dən təhsildə daha geniş istifadə müəllim fəaliyyətini şərtləndirən əsas amillərdir”


Dekabrın 13-də 132-134 saylı təhsil kompleksində Təhsil Nazirliyi və "Samsung Electronics" şirkətinin dəstəyi ilə "Samsung Smart School" proqramı çərçivəsində elektron lövhə və planşetlərlə təmin olunmuş sinfin açılış mərasimi keçirilib.
 
Təhsil kompleksində yaradılmış xüsusi sinif 35 planşet, 1 noutbuk, müvafiq proqram təminatı ilə bir-biri ilə əlaqəli olan interaktiv lövhə və printerlə təchiz olunub.
 
Açılış mərasimində Təhsil Nazirliyi adından Koreya hökumətinə, Koreyanın Azərbaycandakı səfirliyinə və "Samsung Electronics" şirkətinə təşəkkür edən təhsil nazirinin müavini Ceyhun Bayramov elektron lövhə və planşetlərlə təmin olunmuş sinfin açılmasını yüksək dəyərləndirərək, korporativ sosial məsuliyyətə xüsusi önəm verən "Samsung Electronics" şirkətinin bu təşəbbüsünün təqdirəlayiq olduğunu bildirib.
 
 C.Bayramov qeyd edib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması mühüm əhəmiyyət daşıyır:
 
"Müasir, innovativ tədris metodlarının təcrübəyə gətirilməsi, İKT-dən təhsildə daha geniş istifadə müasir dərsi, çağdaş müəllimin fəaliyyətini şərtləndirən əsas amillərdir. İnnovativ təlim forma və üsullarını öz işində tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsinə nail olan səriştəli müəllimlərin hazırlanması və innovativ idarəetmənin tətbiqi məsələləri də mühüm əhəmiyyət kəsb edir".
 
 
Ümumtəhsil məktəblərində informasiya-kommunikasiya texnologiyalarına dair xüsusi hazırlıq kurslarından keçmiş pedaqoji kadrların sayının ölkə üzrə 100 000 nəfərdən çox olduğunu söyləyən nazir müavini bildirib ki, təhsil müəssisələrində İKT əsaslı təlim metodologiyasına uyğun infrastrukturun inkişaf etdirilməsi prioritet məsələlərindəndir.
 
Bu baxımdan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil müəssisələrinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklər yüklənmiş kompüter-planşetlə təmin olunmasının nəzərdə tutulması mühüm əhəmiyyət kəsb edir.
 
 
Tədbirdə çıxış edən Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in və "Samsung Electronics" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sanq Pil Çan "Samsung Smart School" proqramının əhəmiyyətindən söhbət açıb, qarşılıqlı əməkdaşlığa verdiyi dəstəyə görə Təhsil Nazirliyinə minnətdarlıqlarını bildiriblər.
 
Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL