waplog

“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin açılışı olub


“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin ofisinin açılışı olub. Tədbirdə Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, ölkədə fəaliyyət göstərən Gənclər təşkilatlarının sədrləri, KİV nümayəndələri iştirak edib. 
 
 
Mərkəz Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət proqramına uyğun olaraq yaradılıb. Onun formalaşdırılmasında əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulmasıdır. Digər məqsəd isə Dağlıq Qarabağ bölgəsi haqqında, Ermənistanın işğalçılıq siyasəti və münaqişə barədə dolğun, obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
 
Rabitə və  İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ” Mərkəzinin yaradılması üzrə 5 tərəfdaş təşkilat fəaliyyət göstərib.
 
Bu barədə məlumat verən mərkəzin koordinatoru Nurəddin Mehdiyev bildirib ki, layihə çərçivəsində “virtualkarabakh.az” portalı hazırlanıb.  Onun sözlərinə görə, portalın məqsədi Qarabağ həqiqətlərinin internet məkanında  tanıdılmasına xidmət etməkdir: “Mərkəzdə Qarabağla bağlı müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, elektron kitabxana, foto-video studiya, işğal olunmuş rayonların adları ilə adlandırılmış otaqlar fəaliyyət göstərir.  Qeyd edim ki, “Virtual Qarabağ” layihəsi innovativ-kreativ formada Qarabağın tarixi, maddi-mənəvi, dini-mədəni dəyərləri, mədəniyyəti, tarixi abidələri, ədəbiyyatı, folkloru, insanları, bir sözlə, respublikamızın bu qədim bölgəsi haqqında olan məlumatların Azərbaycan və eləcə də dünyanın bir çox aparıcı dillərində mərkəzləşdirilmiş internet-şəbəkə resursu kimi düşünülüb. Əsas hədəflərimizdən biri Dağlıq Qarabağ münaqişəsi ətrafında Azərbaycanın haqlı mövqeyinin dünyanın ədalətli, sülhsevər sakinlərinə çatdırılmasına töhfə verməkdir”.
 
 
Sonra Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış edərək bildirib ki, RİTN bu istiqamətdə həyata keçirilən bütün layihələrə dəstək verir və bundan sonra da öz dəstəyini davam etdirəcək: “Yaradılan mərkəz olduqca əhəmiyyətli bir fəaliyyətlə məşğul olacaq. Virtual aləmdə gedən informasiya müharibəsində ən başlıca vasitələrdən birinə çevrilməsi üçün bütün imkanlar yaradılıb. İnformasiya mübarizəsində qalib gəlmək üçün bütün texniki imkanlar, gənclərimizin lazımi potensialı mövcuddur. Ən başlıcası  ondan ibarətdir ki, haqq bizim tərəfdədir. Biz yalanları deyil, reallıqları dünyaya çatdırırıq”.
 
 
Gənclər və idman nazirinin müavini İntiqam Babayev də bildirib ki, bu gün bütün dünya informasiya zamanında yaşayır və bu zamanın nəbzini tutaraq ondan lazımi səviyyədə istifadə etməliyik:
 
“Mən hesab edirəm ki, ölkəmizlə bağlı məlumatların yayılması təkcə dövlətin üzərinə qoyulmamalıdır. Eyni zamanda Azərbaycan gəncliyi də özünün asudə zamanından müəyyən vaxtlar ayıraraq vətəni ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıdır. Hesab edirəm ki, gənclərimiz virtual məkanda gedən forumlarda yaxından iştirak etməli və təmkinlə, eləcə də dəqiq faktlarla düşmənlərimizi susdurmalıdır. Zənnimcə, bu istiqamətdə “Virtual Qarabağ”  layihəsinin də böyük əməyi keçəcək”.
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL