waplog

Şaxta Babaya bu il dünyanın hər yerindən 8 milyon məktub ünvanlanıb


Uşaqlarla yanaşı, gənc və yaşlı şəxslərin də ismarış ünvanladığı Şaxta Babanın bu il də bütün dünyadan alacağı məktubların sayı milyonlarla ölçülür. Ümumdünya Poçt İttifaqının (ÜPİ) üzv ölkələrinə ünvanladığı sorğunun nəticələrinə görə, hər ölkədə özünəməxsus ad daşıyan bu mehriban qocaya göndərilən və hazırda emal prosesində olan məktubların sayı ümumilikdə 8 milyon olacaq ki, bu da 2007-ci ildə olan 6 milyonluq rəqəmi üstələyir.
 
Milli poçtların ötən il təqdim etdikləri rəqəmlərə əsasən, 2012-ci ildə göndərilən məktub sayı Avstriyada 6.500,  Avstraliyada 150.000,  Braziliyada 964.315,  Kanadada 1.350.000,  Almaniyada 300.000,  İspaniyada 300.000,  Amerika Birləşmiş Ştatlarında 1.000.000-dan çox, Finlandiyada 550.000 olub.
 
Bundan başqa, keçən il ilin ən sevimli qocasına Fransadan 1700000,  Böyük Britaniyadan 800.000-dən çox, Yunanıstandan 80.000,  Macarıstandan 3000,  İrlandiyadan 130.000,  İtaliyadan 130.000 , Livandan 8800, Portuqaliyadan 100.000,  İsveçdən 30.000,  İsveçrədən 17.000,  Rusiyadan isə 350.000 məktub ünvanlanıb. Ayrı-ayrı ölkələr üzrə cari il üçün göstərilən rəqəmlərə gəlincə, 2013-cü ildə Belçikada Müqəddəs Nikolaya göndərilən 122.000-dən çox məktub emal edilib. Kanada, Fransa və Amerika Birləşmiş Ştatları “Santa” üçün hər il bir milyondan artıq, Böyük Britaniya 800.000-dən çox, Finlandiya isə 550.000 -dən çox məktub aldıqlarını bildirirlər. Bu il bir çox ölkələrdəki poçtlar, o cümlədən Kanada, İrlandiya, Fransa, İspaniya “père Noël”, “Three Wise Men”, “Santa” kimi müxtəlif qocalara yazılmış məktubların sayının ötən ildən xeyli artdığı barədə məlumat veriblər. Eyni zamanda milli poçtlar qeyd edirlər ki,  2013-cü ildə ismarışların böyük hissəsi “Santa Claus” və “Father Christmas” adlı qocalara ünvanlanıb, amma “Three Wise Men”, Şaxta Baba kimi Yeni ilin digər əsas fiqurlarına göndərilən məktublar da az deyil.
 
 
Maraqlı faktlardan biri də bəzi ölkələrdə bu məktubların xüsusi şəkildə toplanmasıdır. Məsələn, İspaniyada “Los Reyes Magos”(“Three Wise Men”) adlı şən qocalara göndəriləcək məktubların toplanması üçün ölkə daxilində əsas poçt şöbələrində 174 xüsusi poçt qutusu mövcuddur.
 
Göndərilən məktubların üzərində göstərilən ünvan da diqqət çəkir. Belə ki, fantastik arzularını bu ismarışlarda dilə gətirən balacalar məktubların üzərində “Santa, North Pole” kimi sadə ünvan göstəriblər. Amma müxtəlif ünvanlara gedən məktublara da rast gəlinir. Dünyada təxminən 20 poçt ağsaqqalı qocaya göndərilən məktubları aldıqlarını və əsasən uşaqlar tərəfindən yazılmış bu məktublardakı arzuları reallaşdırmaq üçün xüsusi proqram həyata keçirdiklərini qeyd ediblər. O da qeyd olunur ki, bayram mövsümündə milyonlarla hədiyyə, açıqca, ümumiyyətlə, müxtəlif bağlamaları ünvanlarına çatdırmaq üçün bu gün Şaxta Babanın dünyada 5 milyondan çox elfi var.
 
Bir çox ölkələrdə isə bu bayramın göndərilən məktubların hesabına həm də xeyriyyə məqsədi daşıdığını demək olar. Sözügedən təcrübəyə Braziliyada rast gəlinir. Bu ölkədə 24 ildir ki, “Papai Noel dos Correios” həmrəylik kampaniyası davam edir. Kampaniyanın mahiyyəti uşaqların arzusunu həyata keçirmək kimi xeyriyyə fəaliyyətindən ibarətdir. Poçtlar bu məqsədlə daxil olan məktublar əsasında Yeni il ərəfəsində könüllülərə və sponsorlara müraciət edirlər.
 
Kampaniyaya qoşulanlar isə uşaqların Şaxta Babaya yazılan xüsusi oyuncaq, geyim və məktəb ləvazimatları ilə bağlı istəklərini reallaşdırırlar. Ötən il “Papai Noel dos Correios” həmrəylik kampaniyası çərçivəsində 450.000-dən çox məktub qəbul edilərək, oradakı istəklər həyata keçirilib. Nəzərə alsaq ki, Şaxta Babaya ünvanlanan məktubların heç də hamısı bütün ölkələrdə yerinə yetirilmir, Braziliyada sosial aksiya şəklini alan belə nümunələr digər ölkələrə də gözəl örnək ola bilər.
 
Milli poçtların Yeni ili daha rəngarəng etmək istəyən insanlara ənənəvi töhfəsi də var. Belə ki, istənilən şəxs xüsusi poçt markalarından istifadə edərək, göndərilən təbrikləri bayram mövsümünü xatırladan xüsusi adlarla möhürlədə bilər. Bunlara ABŞ-da “Christmas” (Florida), “Bethlehem” (Merilənd), “Hope”, “Nazareth” (Miçiqan), “Saint Joseph” (Missuri), “Snow Shoe” (Pensilvaniya), Kanadada: “Christmas Island” (Yeni Şotlandiya), Avropada “Berne”, “Bethlehem” (İsveçrə), “St. Nikolaus” (Almaniya), “Christkindl” (Avstriya) daxildir.
 
Ümumdünya Poçt İttifaqı uşaqlara Yeni ilin ən sevimli fiqurlarına lazımi qaydada müraciət etməyin qaydalarını öyrədən poçtlara öz minnətdarlığını bildirməyi də unutmayıb. Beləliklə, ÜPİ-nin sorğusu Şaxta Babaya məktub göndərməyin hələ də məşhur olduğunu üzə çıxarıb.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL