Azərbaycanda ilk dəfə olaraq potensial rəqəmli eroziya xəritələri tərtib olunub
Azərbaycanda ilk dəfə olaraq müasir “LİSEM (Limburg Soil Erosion Model)” modelindən istifadə olunmaqla, İsmayıllı rayonunun şərq hissəsində yerləşən və hövzəsinin sahəsi 37 kv.km olan Mücüçay hövzəsi üçün torpaq eroziyasının fiziki modeli hazırlanıb və bu model əsasında hövzənin mövcud və potensial rəqəmli eroziya xəritələri tərtib olunub. Bundan başqa, müasir texnologiyalardan istifadə etməklə ilk dəfə Ağsu rayonu üçün aktual və potensial eroziya təhlükəlilik xəritələri işlənib.
Bu barədə AMEA Eroziya və Suvarma İnstitutunda (ESİ) keçirilən Elmi Şuranın növbəti iclasında ESİ-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Seymur Səfərli məlumat verib. Onun sözlərinə görə, hazırlanmış aktual və potensial eroziya təhlükəlilik xəritələri gələcəkdə baş verə biləcək proseslərin qarşısını almaq məqsədilə qabaqcadan müxtəlif aqrotexniki, aqromeliorativ və aqroekoloji tədbirlər planının gecikmədən işlənilib hazırlanmasına imkan verir:
“Boyük Qafqazın Azərbaycan hissəsində eroziya prosesinin qarşısını alan fəaliyyətlərin optimallaşdırılması məqsədilə AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dəstəyi ilə birinci mərhələ kimi buraya daxil olan rayonların torpaq xəritələri rəqəmliləşdirilib. Sonrakı mərhələdə mövcud və potensial eroziya xəritələrinin tərtibi nəzərdə tutulur. Cari ildə Quba və Xaçmaz rayonlarının rəqəmli torpaq xəritələri, Mucuçay hövzəsinin yerləşmə sxemi və yüksəklik xəritəsi, hövzənin torpaq və torpaqdan istifadə xəritələri, mövcud və potensial eroziya xəritələri hazırlanıb”. İnstitutun beynəlxalq əlaqələrindən də söz açan S.Səfərli Rusiyanın Raduqa İnstitutu və Ryazan Aqrar İstehsalat Mərkəzi, Belarusun Meliorasiya İnstitutu və Polşanın Texnoloji-Təbiətdən İstifadə İnstitutu ilə ikitərəfli müqavilələrin imzalandığını nəzərə çatdırıb.
AMEA-dan qeyd edilib ki, elmi müəssisə cari ildə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” çərçivəsində tədqiqatları davam etdirib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL