Bakının aktual məlumat bazasını özündə ehtiva edəcək daşınmaz əmlakın kadastrı tərtib ediləcək
2015-ci ilin sonuna kimi Bakının müasir tələblərə cavab verən aktual məlumat bazasını özündə ehtiva edəcək daşınmaz əmlakın kadastrı tərtib ediləcək. Bu barədə “ICTnews.az”a Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat xidmətindən məlumat verilib.
ƏMDK-dən bildirilib ki, 2014-cü ilin sonuna kimi isə respublikanın 53 rayon mərkəzinin, eyni zamanda onlara bitişik böyük qəsəbə və kəndlərin ərazisində elektron kadastr məlumat bazası yaradılacaq. Komitədən o da qeyd edilib ki, hazırda respublikada ünvanvermə işləri yeni qaydalara əsasən aparılır və ilin sonuna yekunlaşacaq: “Bakı şəhəri üzrə 1000-ə yaxın küçə və prospektdə giriş ünvanları təyin edilib. Sumqayıt şəhərində adı, başlanğıcı və sonu məlum olan 70 küçədə giriş ünvanlarının təyini işi yekunlaşıb. Bütün bu işlər vətəndaşların sosial-məişət şəraitlərinin, rifah hallarının yaxşılaşdırılmasına yönəldilib”.
Eyni zamanda ƏMDK tərəfindən şəffaflığın və vətəndaş məmnunluğunun təminatı sahəsində də bir sıra addımlar atılıb. Komitə görülən işlərin keyfiyyətinin əsas göstəricisi kimi şəffaflıq və ictimai etimadın təmin olunmasını mühüm prinsiplərdən biri elan edib:
“Daşınmaz əmlakın qeydiyyatı sahəsi sosial yönümlü sahə olduğu üçün vətəndaş müraciətlərinin operativ təminatı şəffaflıq və ictimai etimad tədbirlərinin mühüm tərkib hissəsidir. Bu məqsədlə, komitə tərəfindən 193, 148 nömrəli “qaynar xət”lər əhalinin istifadəsinə verilib, komitənin rəsmi internet səhifəsində vətəndaş müraciətlərinin elektron qəbulu üçün imkanlar yaradılıb. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mütəmadi hüquqi maarifləndirmə tədbirləri həyata keçirilir, vətəndaşların qarşılaşdıqları çətinliklərlə bağlı hüquqi məsləhətlər verilir, qanunvericiliyin tələbləri izah edilir”.
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 interaktiv və 3 informativ elektron xidmətin cəmləşdiyi Elektron Xidmətlər Portalı (e-emdk.gov.az) vətəndaşların və hüquqi şəxslərin istifadəsinə verilib. Bura daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması, məhdudiyyət (yüklülük) arayışının alınması, ipotekanın və lizinqin qeydiyyatı, daşınmaz əmlak obyektlərinin ünvanları barədə arayışların alınması üçün elektron müraciətlərin qəbulu, dövlət əmlakının qorunması və istifadəsi vəziyyəti barədə illik xüsusi hesabatların elektron qəbulu kimi xidmətlər daxildir.
Yaxın zamanlarda komitə tərəfindən vətəndaşların istifadəsinə yeni elektron xidmət veriləcək. Bu xidmət vasitəsi ilə əmlak sahibləri rüsum ödəməklə internet vasitəsi ilə elektron qaydada öz əmlakları barədə məlumat almaq imkanları əldə edəcəklər. Artıq bu xidmətlər sayəsində vətəndaşlar idarəyə getmədən, heç bir əlavə vaxt sərf etmədən daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün birbaşa internet vasitəsi ilə elektron müraciət edə bilirlər.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL