waplog

2013-cü ildə ölkədə 22 yeni stansiya qurulub



2013-cü ildə Azərbaycanda 4 seysmo-telemetrik "Kinemetrics", 22 GPS, 15 "Tiltimetr" və 1 geokimyəvi yeni stansiya qurulub. Bu barədə AMEA Yer Elmləri Bölməsi (YEB) və Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) 2013-cü il üçün hesabatına həsr olunmuş iclasında bildirilib.
 
 AMEA-dan verilən məlumata görə, AMEA prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən tədbirdə AMEA Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya üzrə elmlər doktoru Dadaş Hüseynov həyata keçirilən tədqiqatlardan söz açıb. Bildirib ki, institutun alimləri yeni qrant layihələrinin hazırlanması istiqamətində işləri davam etdirib, müxtəlif fondların - Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, ARDNŞ-in Elm Fondu, Ukrayna Elmi Texnologiya Mərkəzi, Avropa İttifaqı, Təhsil və Tədqiqatlar üzrə Almaniya Federal Nazirliyi, İsveçrə Milli Elm Fondu və İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin müsabiqələrində iştirak etmək üçün 27 layihə təqdim ediblər. Layihələrdən 13-ü qrant dəstəyini alıb. D.Hüseynov qeyd edib ki, institut əməkdaşları tərəfindən Milli Atlas üçün xəritələrin tərtib edilməsində müvafiq işlər görülüb:
 
"1:1500000 miqyaslı 6 xəritə – Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası və Abşeron yarımadasının geoloji xəritələri, Azərbaycan Respublikası ərazisinin struktur rayonlaşdırılması, neotektonik gərginliyin nisbi qiymətləri və neotektonik mərhələnin geodinamik rejiminin aktivliyi xəritələri işlənib hazırlanıb".
 
 
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin illik hesabatını təqdim edən direktor, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli Azərbaycan ərazisində aparılan seysmik müşahidələr, qeydə alınan yerli və xarici zəlzələlər, eləcə də RSXM-in monitorinq şəbəkəsinin genişlənməsi, respublika ərazisində qurulan GPS stansiyaları haqqında ətraflı məlumat verib.
 
Mərkəzdə aparılan kompleks seysmoloji, geofiziki, geokimyəvi və geodinamik tədqiqatlar və əldə olunmuş elmi nəticələrdən söz açan Q.Yetirmişli kadrların hazırlanması, xarici ölkələrlə birgə əməkdaşlıq əlaqələri və digər məsələlərə də toxunub: "Tikinti sahələrinin seysmik ballığının müəyyənləşdirilməsi məqsədi ilə bağlanmış 8 müqavilə əsasında kompleks elmi tədqiqat işləri aparılıb. Cari ildə RSXM-nin əməkdaşları 6 qrant layihəsində iştirak ediblər".
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL