waplog

Yeni telefon rabitəsi tariflərinin tətbiqinə başlanılıb


 Azərbaycan Respublikası Prezidentinin 28 mart 2013-cü il tarixli 2815 saylı Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2013-cü ilin “İKT ili” elan edilməsi ilə bağlı  Tədbirlər Planı”nın müvafiq bəndinə uyğun olaraq, Tarif (qiymət) Şurasında telefon rabitəsi tariflərinə baxılmışdı.
 
 
Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən “Sabit şəbəkə operatorları tərəfindən ölkə daxilində təşkil olunan rəqəmli rabitə kanallarından aylıq istifadə tariflərinin tənzimlənməsi barədə” 02 dekabr 2013-cü il tarixli 4 nömrəli, “Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqlarının tənzimlənməsi barədə” 02 dekabr 2013-cü il tarixli 5 nömrəli, “Mobil və sabit şəbəkə operatorlarının beynəlxalq telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 02 dekabr 2013-cü il tarixli 6 nömrəli, “Sabit şəbəkə operatorlarının şəhərlərarası telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 02 dekabr 2013-cü il tarixli 7 nömrəli, “Sabit şəbəkə operatorlarının telefon çəkilişi xidmətinin tarifinin tənzimlənməsi barədə” 02 dekabr 2013-cü il tarixli 8 nömrəli, “Faks aparatından istifadəyə görə aylıq abunə haqqının tənzimlənməsi barədə” 02 dekabr 2013-cü il tarixli 9 nömrəli, “Taksofonlardan həyata keçirilən telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 02 dekabr 2013-cü il tarixli 10 nömrəli, “Şəhərlərarası və beynəlxalq telefon danışıqları üçün “107” sifariş xidmətinin tarifinin tənzimlənməsi barədə” 02 dekabr 2013-cü il tarixli 11 nömrəli qərarlar qəbul olunmuşdur. Qəbul olunmuş qərarlarla əksər telefon rabitəsi tarifləri aşağı endirilib.
 
 
Yeni tarif dəyişikliyinə əsasən, rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılıb. 107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılıb, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla, 10 qəpik təsdiq edilib. Stasionar telefonlar üçün aylıq abunə haqqı əhali qrupu üzrə 2 manat 50 qəpik, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilib, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsində saxlanılıb.
 
 
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov sözügedən tariflərin qüvvəyə minməsi və tariflərin düzgün tətbiqinə nəzarət olunması məqsədi ilə müvafiq əmr imzalayıb. Əmrdə müəyyən edilən yeni tariflərin düzgün tətbiq olunmasının, yeni tariflərə dair məlumatların abunə və poçt şöbələrində, danışıq məntəqələrində asılmasının təmin olunması, daha çox abunəçilərin cəlb edilməsi məqsədilə reklam və digər zəruri tədbirlərin həyata keçirilməsi, yeni tariflərin tətbiqi ilə əlaqədar telekommunikasiya (telefon) qovşaqlarında və idarələrində seminar-müşavirələrin keçirilməsi və tariflərin tətbiqinin nəticələrinin təhlil edilməsi aidiyyəti üzrə rabitə birlik və müəssisələrinə və nazirliyin aidiyyəti şöbələrinə həvalə edilib.
 
 
Sözügedən tarif dəyişikliyi telefon rabitəsi xidmətlərinin əhali üçün əlçatan olmasının təmin edilməsinə və sərfəli qiymətlərlə istifadəsinə şərait yaradılmasına yönəldilib.
 
 
Qeyd edək ki, sözügedən tariflər 01 yanvar 2014-cü il tarixdən qüvvəyə minib.
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL