Sığortaolunanlar “Elektron hökumət” portalı vasitəsilə hər ay öz pensiya kapitalını izləyə bilərlər
2014-cü il yanvarın 1-i tarixinə olan statistikaya əsasən, ötən ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 15,8 faiz artıb.
Ötən il ərzində DSMF tərəfindən əlavə olaraq 425 283 sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 2 691 357 nəfərə yüksəlib. Fonddan bildirilib ki, DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Belə ki, istənilən sığortaolunan "Sığortaolunanlara məlumatların verilməsi" adlı elektron xidməti vasitəsilə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər.
Ötən ilin statistikasına əsasən, vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olunmasında mühüm rola malik olan bu xidmət "Elektron hökumət" portalı vasitəsilə ən çox müraciət olunan elektron xidmətlər sırasındadır.
Cari ilin yanvarın 1-nə olan məlumata əsasən, DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 58,7 faizi kişi, 41,3 faizi isə qadındır.
Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,7 faizini 30 yaşa kimi vətəndaşlar, 24,1 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 22,1 faizini 40-50 yaş aralığında olan vətəndaşlar, 21,4 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10,7 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.
Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixindən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL