waplog

“İntel” korporasiyasının dəstəyi ilə reallaşacaq “Sabahın alimləri” Respublika Müsabiqəsinə qeydiyyat müddəti uzadılıb


Amerika Birləşmiş Ştatlarında yuxarı sinif şagirdləri arasında keçirilən “İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi” çərçivəsində “İntel” korporasiyasının dəstəyi ilə Azərbaycanda reallaşacaq növbəti “Sabahın alimləri” Respublika Müsabiqəsinə qeydiyyat müddəti uzadılıb.
 
Müsabiqənin rəsmi saytında “Layihələrin qeydiyyatı” bölməsində aparılan qeydiyyat 15 yanvara qədər davam edəcək. “Sabahın alimləri” Respublika Müsabiqəsinin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Mədəd" təşkilatıdır. Tədbirə elmi dəstək isə Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti və Naxçıvan Dövlət Universiteti tərəfindən həyata keçirilir. Təşkilat Komitəsindən qeyd edilib ki, müsabiqə 2014-cü il 13-15 fevral tarixlərində təşkil olunacaq.
 
Hələlik isə müsabiqəyə layihələrin qəbulu davam edir: “Layihələr müsabiqəyə fərdi və ya kollektiv şəkildə təqdim olunur. Fərdi layihələrin qeydiyyatı layihəni hazırlayan şagird tərəfindən həyata keçirilir. Kollektiv layihələr isə kollektivin lideri olan şagird tərəfindən kollektivin digər üzvlərinin adı göstərilməklə qeydiyyatdan keçirilir. Hər layihə üzrə iki elmi rəhbər ola bilər. Ümumtəhsil məktəbində çalışan elmi rəhbər “Yaşlı sponsor”, ali təhsil müəssisələrində çalışan rəhbər isə “Mütəxəssis alim” adlanır”.
 
 
Komitədən qeyd edilib ki, “Intel ISEF” müsabiqəsi “Intel” korporasiyasının təhsil sahəsində həyata keçirdiyi çoxsaylı layihələrdən biridir. Müsabiqə 1950-ci ildən başlayaraq Elm və Xalq Naminə Cəmiyyət (Society for Science and the Public) qeyri-kommersiya təşkilatının himayəsi altında keçirilir. 1997-ci ildən etibarən “Intel” korporasiyası “ISEF”-in baş sponsoru kimi bu müsabiqəni özünün “Intel - Təhsildə novatorluq” korporativ proqramı çərçivəsində, habelə “Intel Foundation” Xeyriyyə Fondunun dəstəyi ilə təşkil edir. “Intel ISEF” və digər təhsil proqramlarının köməyi ilə “Intel” korporasiyası bütün dünyada uşaqların savadının yüksəldilməsinə və onların müxtəlif elmlərə, o cümlədən riyaziyyata və mühəndisliyə maraqlarının artırılmasına kömək etməyə çalışır.
 
 
Qeyd edilən müsabiqənin keçirilməsində də əsas məqsəd şagirdlərin elm və texnika sahəsində yaradıcılıq potensialının yüksəlməsini təmin etməyə, eyni zamanda “məktəb - ali təhsil müəssisəsi – doktorantura” triadası çərçivəsində fasiləsiz professional hazırlıq sisteminin təkmilləşdirilməsidir.
 
Məhz bu səbəbdən də müxtəlif ölkələrdə müsabiqələrin keçirilməsinə və məktəblərdə şagirdlər tərəfindən tədqiqatların aparılmasına ali təhsil müəssisələrinin elmi-pedaqoji potensialı cəlb olunur ki, bu da elmin bir peşə kimi populyarlaşmasına xidmət edir.
 
Azərbaycan “İntel İSEF”-ə 2011-ci ildə qoşulub. 2013-cü ildə Azərbaycan komandası ikinci dəfə “İntel İSEF”-də iştirak edib. Beynəlxalq sərgiyə seçim “Sabahın alimləri” Respublika müsabiqəsi tərəfindən həyata keçirilir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL