Mobil nömrələrin daşınması sisteminin bu ayın sonunadək istifadəyə verilməsi gözlənilir
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Mobil rabitə şəbəkələrində nömrələrin daşınması sisteminin (Mobile number portability - MNP) istifadəyə verilməsi tarixini açıqlayıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, sistem təqribən bu ayın sonunadək istifadəyə veriləcək.
Mobil rabitə operatorlarında ötən ilin sonunda sistemin bu ilin əvvəlində istifadəyə veriləcəyi haqda verdikləri proqnozları nəzərə alsaq, artıq yaxın zamanda mobil rabitə istifadəçilərinin gözlədikləri sistemin təqdim edəcəyi imkanlardan yararlana biləcəklər.
Mobil rabitə şəbəkələrində nömrələrin daşınması sisteminin əsas məqsədi mobil rabitə abunəçilərinə operator seçimində daha geniş imkanlar və azadlıq verməkdir.
Belə ki, artıq abunəçi mobil rabitə operatorunu dəyişdikdə istifadə etdiyi on rəqəmli (050 XXX XX XX) nömrəsi dəyişilməyəcək, sadəcə, ona gələn zənglər seçdiyi mobil rabitə operatorunun şəbəkəsinə yönləndiriləcək. Xidmət “Azerfon”, “Bakcell” və “Azercell Telekom” mobil rabitə operatorları ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında imzalanmış müvafiq müqavilə əsasında göstəriləcək.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun təsdiq etdiyi qaydalara əsasən, mobil telefon nömrəsinin bir operator şəbəkəsindən digər şəbəkəyə daşınması abunəçinin müraciəti əsasında 5 gün müddətində həyata keçirilir. Abunəçinin hesabında borcun olması, nömrənin daşınması ilə bağlı məlumatların natamam olması, daşınması tələb olunan nömrə abunəçiyə aid olmadıqda, nömrənin bir şəbəkədən digər şəbəkəyə daşınmasına maneə törədə bilər.
Daşınması tələb olunan nömrə mövcud olduqda və nömrə daşınması üçün təqdim olunmuş ərizə və sənədlər düzgün olduğu halda abunəçi istifadə etdiyi şəbəkə operatoru ilə müqaviləni dayandırır və şəbəkəsinə keçmək istədiyi operatorla müqavilə bağlayır. Abunəçinin müqaviləsi və digər sənədləri Mərkəzi baza sisteminə daxil edilir və üç gün ərzində operatordan nömrənin onun şəbəkəsinə daşınması imkanının olub-olmaması haqda abunəçi cavab almalıdır.
Daşınmış nömrənin digər şəbəkəyə yenidən daşınması, sonuncu nömrə daşınması tarixindən 3 (üç) ay müddət keçdikdən sonra yerinə yetirilə bilər.
Bu sistemi ötən ilin dekabr ayından etibarən istifadəyə verən qonşu Rusiya, abunəçilərə ilkin mərhələdə, bu ilin aprel ayınadək sistemdən o qədər də aktiv istifadə etməməyə çağırıb, çünki ilkin mərhələdə sistem təzə olduğundan problemlərin çıxması Rusiya operatorları tərəfindən istisna edilmir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL