waplog

İngilis dili müəllimlərinin sertifikasiyası ilə bağlı İKT əsaslı layihəyə ərizə qəbulu yanvarın 31-də yekunlaşacaq


Təhsil Nazirliyi, “Microsoft” Korporasiyası, “Mədəd Azərbaycan” və “British Council” “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” üzrə birgə layihəyə start verib.
 
 Layihədə orta, ali,  pedaqoji kolleclərdə çalışan ingilis dili müəllimləri ilə yanaşı, magistratura pilləsində ingilis dilinin tədrisi üzrə ixtisaslaşan tələbələr də iştirak edə bilərlər. Layihədə iştirak etmək istəyənlər “www.madad.az”  veb-səhifəsinə daxil olub, “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” (http://www.madad.az/az/announcement41.php) bölməsindəki ərizə formasını (https://docs.google.com/forms/d/167To2I0LM_lF-XVqfAB7n_OEpv1vSn8gVXRrzWTqUsE/viewform) doldurmalıdırlar.
 
Ərizə forması ya onlayn, ya da “MS Word” formatında doldurulub, 31 yanvar 2014-cü il tarixindən gec olmayaraq “ecbs@madad.net”  ünvanına göndərilməlidir.
 
Nazirlikdən bildirilib ki, qəbul olunan bütün ərizə formalarına baxılacaq və seçim kriteriyalarına cavab verən müəllimlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
 
Müsahibə layihədə əməkdaşlıq edən dörd təşkilatın nümayəndələri tərəfindən aparılacaq və bu mərhələdə uğur qazanan namizədlər layihənin iştirakçısı seçiləcək. İştirakçıların seçim meyarlarına gəlincə, namizədlər pedaqoji təcrübə və müxtəlif metodologiyalardan təcrübi istifadə bacarıqları, ingilis dili fənni üzrə kurrikulum biliyi, müxtəlif qiymətləndirmə metodları ilə tanışlıq və təcrübə, informasiya-kommunikasiya texnologiyaları savadlılığı, informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi üzrə bilik və bacarıqlar, tədris prosesinin idarə edilməsi üzrə bilik və bacarıqlar kimi ümumi seçim meyarları üzrə qiymətləndiriləcək.
 
Həmçinin qiymətləndirilmədə peşəkarlıq səviyyəsinin artırılması üzrə şəxsi fəaliyyət planı, layihə əsaslı tədris yanaşması ilə tanışlıq və istifadə təcrübəsi, müxtəlif təhsil şəbəkələrində və beynəlxalq layihələrdə iştirak da nəzərə alınacaq.
 
 
Layihənin mərhələlərinə gəldikdə, seçim turlarından uğurla keçən namizədlər bir sıra təlimlərə cəlb olunacaqlar. Belə ki, “Mədəd” – “Intel ®”-in ”Gələcək üçün təhsil” təlimi, “British Council Cambridge ESOL”-un “Tədris Bilik və Bacarıqları” təlimi, “Microsoft”un “Texnologiyalarla Tədris” təlimi keçiriləcək ki, təlimlər də qarışıq (onlayn və üz-üzə) formatda 2014-cü ilin fevral-may ayları ərzində baş tutacaq.
 
Hər təlimin əvvəlində iştirakçıların hazırlıq səviyyəsi təyin olunacaq və fərdi inkişaf proqramı hazırlanacaq. Təlimlərin sonunda iştirakçılar 3 sertifikasiya imtahanında iştirak edərək, müvafiq sertifikasiya ilə təmin olunacaq. Sertifikasiya imtahanları müstəqil qurumlar tərəfindən həyata keçiriləcək və nəticədə uğurlu iştirakçılar beynəlxalq səviyyəli sertifikasiya ilə təmin olunacaqlar.
 
 
Qeyd edək ki, layihə çərçivəsində seçiləcək 300-ə qədər ingilis dili müəlliminin pedaqoji bilikləri və təhsildə informasiya texnologiyalarından istifadə bacarıqları qiymətləndiriləcək, fərdi peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi imkanları təmin olunacaq, beynəlxalq sertifikasiya həyata keçiriləcək və müəllimlərin motivasiya strategiyasında layihənin fəaliyyət və mexanizmlərinin inteqrasiyası müzakirə ediləcək.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL