Dövlət Gömrük Komitəsinin 2450-dən artıq əməkdaşı “elektron imza” kartları ilə təmin edilib
Azərbaycanın gömrük keçid məntəqələrində yaradılan şərait, tətbiq olunan müasir vasitələr Cənubi Qafqazın digər ölkələrində hələ ki, mövcud deyil. Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bu fikri öz məqaləsində qeyd edib.
Komitə sədrinin sözlərinə görə, komitə mükəmməl infrastrukturun yaradılması üçün mühüm addımlar atır: “Sərhədyanı ərazilərdə mallar daşınarkən yükləmə, boşaltma, yoxlama əməliyyatlarını operativ icra etmək üçün müasir terminallar və gömrük anbarları yaradılır. Bunu Prezident İlham Əliyevin iştirakı ilə ölkəmizin müxtəlif bölgələrində açılan sərhəd-buraxılış məntəqələri də təsdiqləyir. Ən müasir avadanlıqla təchiz edilən, o cümlədən, nəzarət kameraları, elektron lövhələr, proyektorlar və digər informasiya texnologiyaları ilə təchiz olunan bu obyektlərdə müxtəlif beynəlxalq görüşlərin, seminarların və tədbirlərin keçirilməsi üçün də geniş imkanlar yaradılıb. Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə, texniki nəzarət vasitələri, həmçinin statistika və informasiya texnologiyaları bölmələri qurulub”.
Komitə sədri qeyd edib ki, yüksək nəticələrin əldə olunmasında son illər Azərbaycan gömrük sistemində informasiya texnologiyalarından istifadəyə geniş yer verilməsi də mühüm rol oynayıb: “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2012-2016-cı illər üzrə inkişafına dair Fəaliyyət Planı”na uyğun olaraq ölkənin gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi - VAİS-in yaradılması, məlumatların yoxlanılması və emalı, informasiya texnologiyalarının tətbiqi, korporativ şəbəkənin genişləndirilməsi və təkmilləşdirilməsi, elektron gömrük xidmətlərinin təşkili, Azərbaycanın xarici ticarətinin təhlilinin aparılması və gömrük statistikasının təkmilləşdirilməsi sahələrində mühüm işlər həyata keçirilib”.
Belə ki, “e-gömrük ödənişləri” elektron gömrük xidməti istismara verilib:
“Gömrük xidmətinin informasiya sistemlərində elektron imzanın tətbiqi sahəsində işlər davam etdirilib və komitənin Aparatının, strukturuna daxil olan gömrük orqanlarının və tabeliyində olan digər qurumların 2450-dən artıq əməkdaşı “elektron imza” kartları ilə təmin edilib. “Azərbaycan Respublikasının gömrük ərazisində tranzit yüklərin daşınmasına avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemi” işlənilərək istifadəyə verilib. Bu sistem vasitəsilə sərhəd-gömrük buraxılış məntəqələrindən ölkə ərazisinə idxal və ya tranzit rejimində daxil olan yük daşıyan avtomobillər xüsusi mexaniki-elektron kilidlə - elektron plombla bağlanır və bu kilidlər eyni zamanda GPS sistemi ilə təmin olunduğu üçün yükə təyinat gömrük orqanına çatana qədər nəzarət edilməsinə imkan verir”.
Sədr bildirib ki, bu layihə komitə ilə BMT-nin İnkişaf Proqramının birgə maliyyələşdirdiyi DGK-nın Hədəf Mərkəzinin yaradılması layihəsinin davamı olaraq həyata keçirilib: “Hava Nəqliyyatında Baş Gömrük İdarəsində - Binə, Gəncə, Lənkəran və Zaqatala hava limanlarını əhatə edən “Hədəf” Mərkəzi istifadəyə verilib, DGK-da yaradılmış mobil gömrük bölmələrinin xüsusi avtomobillərində də yüklərin hərəkətinə elektron nəzarət sistemi quraşdırılıb və onlar müvafiq mobil kompüter avadanlıqları ilə təmin olunub. Komitənin mövcud “192 qaynar xətt”i beynəlxalq standartlara cavab verən və İP telefoniya sistemi üzərindən işləyən yeni “192 çağrı mərkəzi” ilə əvəz edilib. DGK-nın inzibati binasında istifadədə olan ATS və komitə ilə onun struktur bölmələrini birləşdirən birbaşa rabitə xətləri ləğv edilərək Dövlət Gömrük Komitəsinin Aparatını, strukturuna daxil olan gömrük orqanlarını və tabeliyində olan digər qurumları əhatə edən yeni İP telefon sistemi qurulub”.
Bundan başqa, “Elektron Azərbaycan” Dövlət Proqramının bir komponenti olaraq elektron gömrüyün təşkili istiqamətində elektron yük gömrük bəyannaməsinin tətbiqi mal və nəqliyyat vasitələrinin sərhəd-keçid məntəqələrindən keçməsini sürətləndirməyə xidmət edir: “2013-cü ildən etibarən respublikanın bütün sərhəd-buraxılış məntəqələrində quraşdırılmasına başlanılan “X-REY SMİT Heymann” rentgen avadanlığı dünyanın az sayda inkişaf etmiş ölkəsində tətbiq olunan ən müasir müayinə sistemidir. Müxtəlif növ yük avtomobillərinin 3 dəqiqə ərzində tam şəkildə rentgen müayinəsini aparan bu avadanlıq son illərin istehsalıdır. Təbii ki, belə yüksək texnologiyalı avadanlığın Azərbaycan gömrük orqanları tərəfindən əldə olunaraq ölkəmizə gətirilməsi və onun tətbiqi qaçaqmalçılıq hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır”.
Ümumilikdə, Azərbaycan gömrüyündə Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin yaradılması və tətbiqi post və keçid-buraxılış məntəqələrinin də veb-texnologiyalar əsasında tam modern olmasını tələb etməklə yanaşı, gömrük nəzarətinin daha müasir qaydada həyata keçirilməsinə imkan verir: “Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsi olan “www.customs.gov.az” informasiya resurslarından daha səmərəli istifadəyə, gömrük orqanları və biznes strukturları arasında əlaqələrin genişlənməsinə, əhalinin və sahibkarların maraqlarının daha çevik təmin olunmasına imkan verir. Artıq vahid avtomatlaşdırılmış informasiya sisteminin texniki bazasını təşkil edən korporativ şəbəkə də təkmilləşdirilib”. Azərbaycan gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi yaradılıb, “bir pəncərə” sistemi isə mal və yüklərin dövriyyəsinin sürətlənməsinə, idxal-ixrac əməliyyatlarının müasir tələblərə uyğun aparılmasına imkan verir və ölkənin sərhəd-buraxılış məntəqələrində həyata keçirilən nəzarət növləri 20 dəqiqə ərzində tamamlanır: “Elektron hökumət”in qurulması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərin uğurlarıdır ki, ötən ilin mayında Qəbələdə Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə “e-Hökumət: Gömrük sahəsində innovasiyalar” mövzusunda 5-ci beynəlxalq elmi-praktiki konfrans keçirilib”.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL