Səlim Müslümov: “Ünvanlı dövlət sosial yardımının təyini ilin sonuna kimi avtomatlaşdırılacaq”
Ünvanlı dövlət sosial yardımının təyininin avtomatlaşdırılması istiqamətində işlər davam etdirilir. Bu ilin sonuna kimi prosesin yekunlaşdırılması qarşıya qoyulan əsas vəzifələrdəndir. Bu fikri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri səfir xanım Malena Mardı ilə görüşündə bildirib. Nazirlikdən verilən məlumata görə, görüşdə nazir S.Müslümov son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara toxunub.
“Bu islahatlar nəticəsində ölkədə yoxsulluq və işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına nail olunmuş, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilmişdir”- deyən S.Müslümov ölkəmizin artıq yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyduğunu və ölkə rəhbərliyi tərəfindən bu məqsədlə prioritetlərin müəyyən edildiyini, hər bir sahə üzrə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyini vurğulayıb:
“Ölkəmizdə sosialyönümlü iqtisadi siyasət həyata keçirildiyindən və hər zaman sosial sahəyə xüsusi önəm verildiyindən bizim də qarşımızda mühüm vəzifələr qoyulub. Başlıca məqsədimiz inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanaraq ölkəmizin inkişafı ilə uzlaşan, müasir tələblərə cavab verən sosial müdafiə sisteminin qurulmasıdır”. S.Müslümov nazirliyin fəaliyyət sahələri üzrə ciddi islahatların həyata keçiriləcəyini diqqətə çatdırıb.
“Nəzərdə tutulan institusional islahatlar və qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində şəffaflığın təmin olunması daha da reallaşacaq, əhaliyə göstərilən xidmətlər daha keyfiyyətli və əlçatan olacaq” - deyə nazir bildirib. S.Müslümov əmək və əməkhaqqı siyasəti, məşğulluq və demoqrafiya, ünvanlı dövlət sosial yardımı, müavinətlər, əlilliyin təyini, müxtəlif sosial xidmətlər sahələrində görüləcək işlər barədə də ətraflı məlumat verib.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL