Şahbuz Rayon Rabitə İdarəsinin yeni binası istifadəyə verilib
Fevralın 11-də Şahbuz Rayon Rabitə İdarəsinin yeni binası və Yeni Nəsil Texnologiyalı Avtomat Telefon Stansiyası istifadəyə verilib.
Ali Məclisin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov açılış mərasimində iştirak ediblər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov bildirib ki, son illər muxtar respublikada rabitə və informasiya texnologiyaları sahəsində mühüm tədbirlər həyata keçirilmiş, informasiya-kommunikasiya texnologiyalarının inkişafı yeni mərhələyə yüksəlib. Hazırda muxtar respublikada bu sahədə beynəlxalq təcrübəyə və qabaqcıl texnologiyalara əsaslanan fəaliyyət sayəsində müsbət nəticələr əldə edilmiş, ən müasir standartlara uyğun telekommunikasiya infrastrukturu formalaşıb. Yaşayış məntəqələrində fiber-optik kabel xətlərinin tikintisi aparılıb, Naxçıvan şəhərində evədək optika layihəsinin icrasına başlanılıb, muxtar respublikaya daxil olan internet trafikinin sürəti artırılıb. Son illərdə bu sahədə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verən Rövşən Məmmədov göstərilən qayğıya görə minnətdarlığını bildirib.
Çin Xalq Respublikasının Huawei şirkətinin Mərkəzi Asiya, Qafqaz və Türkiyə regionları üzrə prezidenti Sun Ming Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətəni Naxçıvanda ilk dəfə olduğunu və bundan məmnunluğu ifadə edərək deyib ki, bu gün Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları ölkə iqtisadiyyatının bütün sahələrinə uğurla tətbiq edilir. Artıq Azərbaycan dünyada həm də informasiya-kommunikasiya texnologiyaları ölkəsi kimi tanınır. Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafı prioritet təşkil edir. 2002-ci ildən etibarən Huawei şirkəti ilə muxtar respublika arasında əməkdaşlıq başlanıb, informasiya texnologiyaları sahəsində bir sıra layihələr icra olunmuşdur.
Sun Ming uğurlu əməkdaşlığa görə Huawei şirkətinin idarə heyəti adından minnətdarlığını bildirib və məhdud fiziki imkanlı uşaqların təhsil almasına qurumun kömək məqsədilə hazırladığı “Elektron təhsil” sistemini muxtar respublikaya hədiyyə edib.
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tədbirdə çıxış edərək deyib ki, bu gün Prezident İlham Əliyev tərəfindən rabitə və informasiya texnologiyalarının inkişafına hərtərəfli qayğı göstərilir. Artıq Azərbaycanın ümumdünya elektron məkanına inteqrasiyası təmin edilib, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan iqtisadiyyatın təşəkkülü istiqamətində mühüm addımlar atılmışdır. Həmçinin bu siyasət ölkəmizdə informasiya cəmiyyətinin inkişafına, milli informasiya və kommunikasiya infrastrukturunun mütərəqqi texnologiyalar əsasında müasirləşdirilməsinə səbəb olub.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmuş, ötən il fevralın 8-də ölkənin ilk telekommunikasiya peyki orbitə çıxarılıb. Bu gün Azərbaycan regionda informasiya texnologiyaları xidmətlərinin ixracatçısına çevrilib.
Rabitə və informasiya texnologiyaları sahəsində görülən işlər qədim tarixə malik olan Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Hazırda muxtar respublika ən müasir informasiya-kommunikasiya texnologiyaları infrastrukturuna malikdir. Əli Abbasov bu sahədə əldə olunan nailiyyətləri muxtar respublikanın sosial-iqtisadi inkişafının tərkib hissəsi kimi dəyərləndirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz rayonunda Rabitə İdarəsinin yeni binasının və Yeni Nəsil Texnologiyalı Avtomat Telefon Stansiyasının istifadəyə verilməsi nəticəsində rayonda 3500-dən artıq abonentə müasir tələblər səviyyəsində telekommunikasiya xidmətlərinin göstəriləcəyini bildirmiş, bu münasibətilə kollektivi və istifadəçiləri təbrik edərək deyib: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” təsdiq edilib. Həmin strategiyada nəzərdə tutulmuş vəzifələrin icrası üçün 2005-2008-ci və 2010-2012-ci illəri əhatə edən Dövlət proqramları qəbul olunmuş, bu sahədə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan kosmik sənaye ölkəsinə çevrilib.
Ali Məclisin Sədri bildirib ki, ölkəmizdə informasiya texnologiyalarının inkişafı sahəsində görülən işlər Naxçıvan Muxtar Respublikasını da əhatə edib. “Bu gün blokada şəraitində yaşayan muxtar respublikada telekommunikasiya sahəsində ən müasir sistemlər tətbiq olunur. 2006-cı ildən etibarən muxtar respublikada optik şəbəkələrin qurulmasına başlanıb. Artıq istismar olunan 146 avtomat telefon stansiyasından 136-sı optik arabağlantılarla təmin edilib, optik xətlərin ümumi uzunluğu 932 kilometrə çatdırılıb. Həmçinin muxtar respublikada istifadə olunan avtomat telefon stansiyalarının 80-i Yeni Nəsil Texnologiyaları əsasında fəaliyyət göstərir. Bu gün Şahbuz rayonunda istifadəyə verilən Yeni Nəsil Texnologiyalı Avtomat Telefon Stansiyası da uzun müddət istifadəçilərə keyfiyyətli telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet və digər xidmətlər göstərilməsinə imkan verəcəkdir”.
“Sürətli informasiya mübadiləsi inkişafın başlıca şərtlərindən biridir”, - deyən Ali Məclisin Sədri bildirib ki, muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür, bu sahədə yeni layihələr icra olunur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azərspace-1”in ehtiyat idarəetmə mərkəzi məhz Naxçıvan Muxtar Respublikası ərazisində qurulmuş və fəaliyyəti təmin edilib.
Ali Məclisin Sədri muxtar respublikada telekommunikasiya sisteminin inkişafı sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib, qarşılıqlı əməkdaşlığa və göstərdiyi köməyə görə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və Çin Xalq Respublikasının Huawei şirkətinə təşəkkürünü bildirib.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Çin Xalq Respublikasının Huawei şirkətinin Mərkəzi Asiya, Qafqaz və Türkiyə regionları üzrə prezidenti Sun Ming binanın rəmzi açılışını bildirən lenti kəsiblər.
İki mərtəbədən ibarət olan binada ən müasir rabitə və poçt avadanlıqları quraşdırılıb, ATS, poçt, mühasibatlıq, mühəndis otaqları və elektron köşk istifadəyə verilib. İş otaqlarında rabitəçilərin normal fəaliyyəti, əhaliyə nümunəvi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.
Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov Şahbuz rayonunda yaradılan Yeni Nəsil Texnologiyalı Avtomat Telefon Stansiyası barədə məlumat verib.
Qeyd olunub ki, bu gün muxtar respublikada istismar olunan avtomat telefon stansiyalarından 93,2 faizi optik arabağlantılarla təmin edilib. Optik şəbəkə qurulandan sonra yeni nəsil telekommunikasiya sisteminin tətbiqi üçün imkan yaranıb, 2010-cu ildən muxtar respublikada mərhələlərlə yeni nəsil texnologiyanın tətbiqinə başlanılıb. Hazırda Şahbuz rayonu üzrə 19 avtomat telefon stansiyası və 17 poçt bölməsi fəaliyyət göstərir. Şahbuz və Babək rayonlarını əhatə edən Yeni Nəsil Telekommunikasiya Sistemi abunəçilərə telefon, videotelefon, İP televiziya, genişzolaqlı internet və çox sayda əlavə xidmətlərin göstərilməsinə imkan verəcəkdir.
ATS otağına baxış zamanı Şahbuz və Şərur rayonları arasında videotelefon bağlantısı qurulub.
Binada “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şahbuz rayon filialı üçün də əlverişli iş və xidmət şəraiti yaradılıb. Burada teleqramların, məktub və baratların, bağlamaların qəbul edilib ünvanlara yola salınması, qəzet və jurnalların çeşidlənib abunəçilərə çatdırılması, kommunal xidmət haqlarının yığılması və digər bank-maliyyə xidmətlərinin göstərilməsi təmin edilib.
Binanın foyesində quraşdırılan yeni elektron köşk görüntülü telefon və internet danışıqlarının həyata keçirilməsinə, rabitə və internet xidmət haqlarının ödənilməsinə imkan verəcəkdir.
Binanın həyətində də abadlıq işləri aparılmış və yaşıllıqlar salınıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL