“Google Glass” eynəyinin sərnişinlərə xidmət imkanları sınaqdan keçirilir
Londonun Hitrou hava limanında “Google Glass” və “Sony SmartWatch” əlavə reallıq innovativ texnologiyalarından istifadə etməklə sərnişinlərə xidmətlərin göstərilməsi üzrə sınaqlara başlanıb. Sınaq mərhələsində yüksəktexnologiyalı xidmətlər göstərməyə imkan verən həlləri Böyük Britaniyanın "Virgin Atlantic” aviaşirkətinin birinci sinif sərnişinləri qiymətləndirəcək.
“Google Glass” eynəyi sərnişinlərin reys üçün qeydiyyatını sürətləndirəcək və asanlaşdıracaq. Belə ki, sərnişin üçün reysə qeydiyyat onu Hitrou aeroportunun “T3” terminalına gətirən avtomobildən düşəndə və ya hava limanının girişində öz adını deyəndə başlayacaq. Aviaşirkət nümayəndələri həmçinin sərnişinləri onların cari reyslərinin statusu və hava haqqında məlumatlandırmaq, təyinat məntəqələrində əsas hadisələri tövsiyə etmək və xarici dildə olan istənilən məlumatı tərcümə etmək imkanı əldə edəcəklər.
Yeni texnoloji həll Hitrou aeroportuna gələn sərnişinlərə xidmətin göstərilməsi qaydalarına da öz təsirini göstərib. Aviaşirkət əməkdaşlarının da təchiz edildiyi "Google Glass” eynəyi və “Sony SmartWatch” saatlarında “SITA” şirkəti tərəfindən hazırlanan və “Virgin Atlantic” aviaşirkətinin sərnişinlərə xidmət sisteminə qoşulmuş dispetçer əlavəsi quraşdırılıb. Əlavə təyyarənin işçi heyəti arasında bütün vəzifələrin bölüşdürülməsini həyata keçirir. Sərnişin aeroporta gələndə, əlavə dərhal onun fərdi məlumatlarını həmin sərnişinə xidmət göstərəcək aviaşirkət əməkdaşının əlavə reallıq qurğusuna göndərir.
“Virgin Atlantic” və “SITA” həmçinin Hitrou aeroportunun birinci sinif sərnişinlərinə xidmətin göstərilməsinin keyfiyyətinin yaxşılaşdırılması üçün “iBeacon” texnologiyasından istifadə imkanlarını sınaqdan keçirir. Aeroport ərazisində yerləşən kiçik “Bluetooth” ötürücülərindən “Apple” mobil qurğularına yaxınlıqdakı xidmətlər və mağazadakı endirimlər, eləcə də uçuş cədvəli tablosunda informasiyaların yenilənməsi haqqında məlumat daxil olur.
Qeyd edək ki, “Google Glass” eynəyinin başlıca xüsusiyyətlərindən biri istifadəçinin gözü qarşısında 640x360 piksel təsvir ölçüsünə malik bərkidilmiş ekrandır ki, bu da “Google” şirkətinin qiymətləndirməsinə görə, təxminən 2,5 metr məsafədə olan yüksək təsvir ölçülü 25 düymlü ekrana bərabərdir.
Quraşdırılmış 5 meqapikselli kamera 720p yüksək təsvir ölçülü videonu yazmağa imkan verir. Məlumat və əlavələrin saxlanılması üçün istifadəçi qurğudakı 16 giqabaytlıq yaddaşın 12 giqabaytından yararlana bilər. Akkumulyatorun enerjisi adi gərginlikdə bir gün kifayət etməlidir, lakin bəzi funksiyalar (məsələn, videonun yazılması) enerjidən daha sürətli istifadə edəcək.
Qurğu “Wi-Fi” və “Bluetooth” standartlı simsiz rabitə modulları ilə təchiz edilib. “Bluetooth”un köməyi ilə “Glass”ın smartfonla birlikdə işləməsi mümkün olur, - "Computerworld www.osp.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL