waplog

Azərbaycanda ECDL milli test mərkəzlərinin təşkili üzrə müzakirələr aparılır


Azərbaycanın ali təhsil müəssisələrində ECDL milli test mərkəzlərinin təşkili üzrə müzakirələr aparılır. Qafqaz Universitetindən (QU) verilən məlumata görə, “E-NOTES” layihəsinin rəhbəri Üzeyir Bağırov təhsil naziri Mikayıl Cabbarov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.
 
Görüş zamanı layihənin məqsədi, tərəfdaş universitetlərdə ECDL milli test mərkəzlərinin təşkili, layihə vasitəsilə ölkənin ali təhsil müəssisələrində informasiya texnologiyaları bacarıqlarının inkişaf etdirilməsi və bununla milli təhsil sisteminin təkmilləşdirilməsi haqda məlumat verilib. Bildirilib ki, layihə təlim-tədris prosesində müasir metodlardan istifadə və informasiya texnologiyaları biliklərində beynəlxalq standartların tətbiqini nəzərdə tutur.
 
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) tərəfindən dəstəklənən “Tempus” və “Erasmus Mundus” layihələrində QU uğur qazanıb. Aİ-nin ali təhsil proqramı olan “Tempus” çərçivəsində Avropa universitetləri ilə tərəfdaş ölkələr arasında Avropa standartlarına dair təcrübə mübadiləsi, əmək bazarının tələblərinə uyğun kadr potensialının hazırlanması, təlim-tədris prosesində ən müasir metodlardan istifadə, universitetlərdə idarəetmənin təkmilləşdirilməsi, ali təhsildə islahatlar, yeni informasiya texnologiyalarının yaradılması və tətbiqi, eləcə də universitetdə qeyri-akademik heyətin hazırlığı kimi sahələrdə əməkdaşlıqlar qurularaq bu sahələrin inkişafı nəzərdə tutulur.
 
Bu proqramın tərkib hissəsi olan “E-NOTES” layihəsi üç il ərzində ölkənin müxtəlif bölgələrində ali təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək müasir təlim metodları ilə tədris vermək, ali təhsil müəssisələrində İKT təlimlərinin və tədris materiallarının  tərtibini və nəşrini Avropa standartlarına uyğunlaşdırmaq, ali məktəblərdə verilən xidmətlərin keyfiyyətini artırmaq, müasir  metodlardan istifadə edərək tədqiqatlara dəstək vermək, universitetlərdə akademik və inzibati heyətin kadr potensialının yaxşılaşdırılmasını nəzərdə tutur.
 
Azərbaycanla yanaşı, “E-NOTES” layihəsində İsveç, İspaniya, Latviya, Litva və Polşadan olan universitetlər tərəfdaş kimi iştirak edirlər.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL