“Xaricdə təhsil almış məzunların 3-cü Təhsil Forumu” çərçivəsində innovativ təşəbbüslər dəstəklənəcək
İyunun 20-də Təhsil Nazirliyi, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA), Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi (MTTYM) və Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzinin təşkilatçılığı ilə “Xaricdə təhsil almış məzunların 3-cü Təhsil Forumu” keçiriləcək. Təşkilat Komitəsindən (TK) bildirilib ki, xaricdə müxtəlif təhsil proqramları çərçivəsində təhsil almış məzunlar forum çərçivəsində Təhsil Siyasəti (Təhsil Strategiyası) üzrə elmi tədqiqat layihələrini təqdim etməyə dəvət edilir.
Təhsil sahəsində innovativ təşəbbüslərin dəstəklənməsi istiqamətində “Azərbaycanda təhsilin inkişafı naminə beynəlxalq təcrübəyə əsaslanan yeni yanaşmaların təklif olunması: mövcud vəziyyət və innovativ təkliflər” adı ilə aparılan prosesdə müqəddimələrin göndərilməsi üçün son tarix 16 mart, tamamlanmış tədqiqat layihələrinin təqdim edilməsi üçün son tarix isə 5 may müəyyənləşdirilib. 3-cü Təhsil Forumunda təqdim olunmuş ən yaxşı 3 tədqiqatçı, moderator və möhtərəm qonaqların rəyləri tərəfindən seçilərək, 500 manat miqdarında hədiyyə ilə mükafatlandırılacaq.
Seçiləcək tədqiqatçılar Təhsil Nazirliyində məzunların elmi potensial/əqli mülkiyyət bazasına daxil ediləcək, həmçinin tədqiq olunmuş sahə istiqamətində görüləcək işlərin gerçəkləşməsində məsləhətçi qismində iştirak etmək imkanı əldə edəcəklər. Tədqiqatçılara yüksək keyfiyyətli tədqiqat layihələrinin beynəlxalq nüfuzlu elmi jurnallarda məqalə formasında çap olunması istiqamətində nəşriyyatlar ilə əlaqə yaratmaqda köməklik göstəriləcək. Mövzulara təhsil məzmununun təkmilləşdirilməsi, innovativ təlim metodları, təhsildə yeni idarəetmə sistemlərinin tətbiqi, təhsilverənlərin innovativ fəaliyyət üçün stimullaşdırılması, təhsildə texnologiya əsaslı infrastrukturun yaradılması, təhsildə İKT, distant təhsil, elektron məlumat bazaları və s. daxildir. Tədqiqat müraciətlərinə tələblərə gəlincə, burada tədqiqat üzrə mövzuları aydın şəkildə Təhsil Strategiyası ilə əlaqələndirmək, tədqiq olunan sahəyə innovativ yanaşmaq, tədqiqat obyektinin əhəmiyyətliliyi və s. aid edilir.
Qeyd edək ki, forumun əsas məqsədi xaricdə təhsil almış və təhsil sahəsində töhfə vermək istəyən məzunlara dəstəyi nümayiş etdirmək və onları geniş ictimaiyyətə tanıtmaqdır. TK-dən qeyd edilib ki, bu məqsədlə, İşçi Qrup ölkəmizdə təhsil siyasətini müəyyən edən dövlət məmurlarını və təcrübəli mütəxəssisləri məzunlarla bir araya gətirərək innovativ ideyaların tətbiqetmə mexanizmini konstruktiv olaraq birgə ərsəyə gətirməyə çalışacaq: “İnanırıq ki, qəbul olunmuş tövsiyələr dövlətin təhsil siyasətinin planlaşdırılması və icrası proseslərində qərar qəbuletmə zamanı nəzərə alınacaq”.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL