waplog

Peyk vasitəsilə Azərbaycanın geodinamik şəraitinə dair tədqiqatlar aparılıb


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu GPS (qlobal yertəyinetmə sistemi) texnologiyası ilə ölkə ərazisinin geodinamik şəraitinə dair tədqiqatlar aparıb və mühüm nəticələr əldə edib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin iclasında bildirmişdi ki, işlər 1998-ci ildən etibarən ABŞ-ın Milli Elm Fondunun dəstəyi ilə həyata keçirilir. Araşdırmalar “Ərəbistan-Avrasiya kolliziya zonasının kontinental deformasiyalarının interpretasiyası” layihəsi çərçivəsində Massaçusets Texnologiya İnstitutu ilə birgə aparılır.
 
AMEA Rəyasət  Heyəti  Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclasda Geologiya və Geofizika İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov və müəssisənin aparıcı elmi işçisi, “Gənclər üçün Prezident Mükafatı” laureatı Rafiq Səfərov “Azərbaycan ərazisinin GPS məlumatları əsasında müasir kinematikası və gərginlik analizi” mövzusunda məruzə ilə çıxış ediblər. Qeyd olunub ki, peyk vasitəsilə aparılan tədqiqatlar nəticəsində GPS şəbəkəsində horizontal hərəkətlərin paylanma qanunauyğunluqları öyrənilib və müasir geodinamik şərait haqqında yeni məlumatlar əldə edilib.
 
Bu məlumatlar kolliziya zonasındakı deformasiya prosesləri, regional qırılmaların dinamikası, enerji toplanan yerlərin proqnozlaşdırılması və Yerin blok quruluşunun yeni modelinə aiddir. GPS məlumatları əsasında yer qabığının Azərbaycana aid hissəsində meydana gələn deformasiya sürətləri hesablanıb, qeyri-bircins paylanmanın olduğu göstərilib, sıxılma və gərilmə oxlarının istiqamətləri müəyyən edilib.
 
Məruzədə vurğulanıb ki, sıxılmalar Böyük Qafqaz, Qobustan, Kür çökəkliyi, Naxçıvan və İranla həmsərhəd ərazilərdə müşahidə olunur. Gərilmələr isə Kiçik Qafqazda Gədəbəy və Şuşa rayonları yaxınlığında özünü büruzə verir. Məruzə müzakirə və sual-cavablardan sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib, Respublika Seysmoloji Xidmət Mərkəzi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birgə tədqiqat proqramı hazırlamaq tövsiyə olunub.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL