Azərbaycanda sahibkarların “bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatı aparılacaq
Dünyada mövcud olan ən qabaqcıl təcrübələr əsasında Azərbaycanda sahibkarların “bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatı aparılacaq. Eləcə də tikintiyə icazələrin verilməsi sahəsində prosedur və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili nəzərdə tutulur. Sadalanan tədbirlərlə yanaşı, daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması kimi zəruri tədbirlər yüksək səviyyədə həyata keçiriləcək. Bu fikir “Ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın rolu: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə səsləndirilib.
Qeyd edək ki, respublika prezidenti tərəfindən 3 mart 2014-cü il tarixli “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalanıb. Fərmanın mahiyyəti, aparılacaq islahatlar, eləcə də sahibkarların bu barədə məlumatlandırılması üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Bakıda və ölkə regionlarında bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. İqtisadiyyat və Sənaye Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində keçirilən “Ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın rolu: nailiyyətlər və perspektivlər” ilk belə tədbirdir.
Tədbirdə iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov qeyd etmişdir ki, Azərbaycanda sahibkarlığın inkişafı iqtisadiyyatın prioritet istiqamətlərindəndir, ölkədə innovativ sahibkarlığın stimullaşdırılması və inkişafı üçün özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri davam etdirilir. Bütün bunların nəticəsidir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, məşğulluqda özəl sektorun payı 73,9%-ə, vergi daxilolmalarında 72,4%-ə yüksəlmiş, ÜDM-də özəl sektorun xüsusi çəkisi 80%-i ötüb.
Qeyd edilib ki, dövlət başçısının “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli Fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahəyə verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir. Fərmana uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq araşdırmalar aparılmış və hər bir istiqamət üzrə nümunəvi modellər təhlil olunub. Biznesin qeydiyyatı və investorların maraqlarının müdafiəsi, tikintiyə icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlak hüquqlarının dövlət qeydiyyatı, kreditlərin verilməsi, idxal-ixrac əməliyyatları, müəssisələrin bağlanması sahəsində qabaqcıl ölkələrin təcrübəsi öyrənilib. Fərmanla müəyyənləşdirilmiş vəzifələrin icrası, həyata keçiriləcək tədbirlər Azərbaycanın xarici investisiyalar üçün cəlbediciliyini artırmaqla yanaşı, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən iqtisadi sahədə hazırlanan hesabatlarda da ölkəmizin mövqeyini daha da yaxşılaşdıracaq.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, vergilər nazirinin müavini Sahir Məmmədxanov, Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov, Dövlət Gömrük Komitəsinin idarə rəisi Cavad Qasımov, Gənc Sahibkarlar Şəbəkəsinin İctimai Birliyinin sədri Xaliq İldırımzadə və digərləri çıxışlarında ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasının, qanunların beynəlxalq standartlara və dövrün tələblərinə uyğunlaşdırılmasının, insan kapitalının inkişafının Prezident İlham Əliyev tərəfindən daim diqqətdə saxlanıldığını, bu sahələrdə işlərin davamlı olduğunu diqqətə çatdırıblar.
Tədbir çərçivəsində həmçinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL