waplog

Azərbaycanda rəqəmsal xəstəxana yaradılır


Səhiyyə sistemində xidmətlərin elektronlaşdırılması çərçivəsində Azərbaycanda rəqəmsal xəstəxana yaradılır. Bu sahədə aparılan işlərin bir hissəsi olaraq, cari il ərzində Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası (MNX) fəaliyyətini tam rəqəmsallaşdırmaq niyyətindədir. Qurumdan qeyd edilib ki, hazırda xəstəxana məlumat sistemi və səhiyyə sahəsində informasiya texnologiyalarına malikdir:

"Məhz MNX-də ilk dəfə olaraq səhiyyə sahəsində İnformasiya Texnologiyaları infrastrukturunun Təkmilləşdirilməsi layihəsinə imza atılıb. Belə ki, 800 çarpayılı xəstəxanada 2010-cu ildən etibarən "Microsoft Azerbaijan" şirkətinin tərəfdaşı olan Türkiyənin "Esim Software" şirkəti tərəfindən idarə edilən xəstəxana sözügedən layihənin həyata keçirilməsinə başlayıb. Eyni zamanda uğurla tətbiq edilən OTOMATİP xəstəxana informasiya sistemi artıq xəstəxananın tam istifadəsinə verilib".

Belə ki, sistem müasir xəstəxana idarəetməsində və digər xəstəxana informasiya sistemlərində mövcud idarəetmə modullarının hamısını, həmçinin, xəstəxanaya müraciət edən pasiyentlər və onların yaxınları üçün məlumat ekranı sistemini özündə birləşdirir. Toxunuşla çalışan şəbəkə köşkü pasiyentlərin görüş almasını və növbə gözləmədən qeydiyyatdan  keçməsini təmin edir. Eyni zamanda, "Ağıllı kart" sisteminin tətbiqi vasitəsilə xəstəxana personalının giriş-çıxışına nəzarət edilir. Xəstəxanada istifadə edilən sistemin istifadəçi pəncərəsi sadə, qrafik və standart ekranları ilə  proqramın istifadəsini çox asanlaşdırıb. Proqram tam şəkildə Azərbaycan dilində tərtib olunduğundan yerli ehtiyaclara və tələbatlara uyğunlaşdırılıb.  "NFC xəstə biləkliyi" və xəstələrin yataqlarının başında quraşdırılmış planşet tipli kompüterlər vasitəsilə hər bir xəstə haqqında məlumatları əlçatandır və müxtəlif əməliyyatlar həyata keçirmək imkanları mövcuddur.

Bundan başqa, xəstəxanada simsiz tibb bacısı çağırış sistemi və xəstənin təcili çağırışlarında istifadə edə bildiyi ilk kömək çağırış sistemi də var.

"Xəstəxananın miqyasına görə tənzimlənə bilən "Microsoft .NET" texnologiyası üzərində qurulan OTOMATİP xəstəxana sisteminin içərisində radioloji görünüşlərin araşdırılması üçün "Siemens RIS/PACS" ilə inteqrasiya edilmiş interfeys çalışır. Bu da xəstəxananın bir filialında əldə edilmiş məlumatların digər filialda və hətta internet üzərindən təhlükəsiz bir formada digər xəstəxanada təhrif edilmədən istifadəsinə şərait yaradır."

Müəssisənin baş direktoru Leyla Seyidbəyovanın sözlərinə görə, xəstəxana yeniliklərə tam açıqdır:

"Sözügedən layihənin tətbiqi buna əyani sübutdur. Layihə xəstəxananın fəaliyyətinin effektivliyini artırıb. Məsələn, hazırda MNX qələmlə yazı işindən 80-85 faiz imtina edib. Hədəfimiz xəstəxananı tam kompüterləşdirməkdir və düşünürəm ki, cari ilin sonunadək bu proses tam başa çatacaq. Ümumiyyətlə, məqsədimiz müəssisəni tam rəqəmsal xəstəxanaya çevirməkdir".

Direktor qeyd edib ki, əgər bundan öncə xəstəxanada müalicə alan hər bir xəstənin kağız qovluğunda saxlanılan ayrıca uçot kitabçası var idisə, hazırda bütün uçot kitabçaları elektronlaşdırılıb və bu da həkimin vaxt itkisini minimuma endirib. Direktorun sözlərinə görə, xəstəxanada mindən artıq işçi çalışır  və onların hamısı müasir avadanlıq və sistemdən istifadə etmək üçün lazımi təlimlərdən keçib. Hazırda xəstəxanada 8 şöbə fəaliyyət göstərir və bu ilin sonunadək sözügedən layihə bütün şöbələri tam əhatə edəcək:

 "Bu gün biz layihə çərçivəsində statistik, texniki və 20-dən artıq digər modulların tətbiqinə başlamışıq, yaxın gələcəkdə isə layihənin bütün 30 modulu tətbiq olunacaq. Bir çox inkişaf etmiş ölkədə fəaliyyət göstərən müasir xəstəxanada tapa biləcəyiniz İKT həllini Azərbaycanda məhz Mərkəzi Neftçilər Xəstəxanasında tapa bilərsiniz. Hətta daha irəli gedərək bu xəstəxanada istifadə edilən müasir İT arxitekturaları əsasında çalışan səhiyyə həllərinin digər inkişaf etmiş ölkələrdəki bir çox xəstəxanadan daha irəli bir səviyyədə olduğunu qətiyyətlə söyləyə bilərəm. Artıq bir neçə ölkə bizim təcrübədən yararlanmaq niyyətindədir".

Qeyd edək ki, OTOMATİP xəstəxana informasiya sistemi də "Esim Software" şirkəti tərəfindən həyata keçirilib. "Microsoft Azerbaijan" şirkətinin tərəfdaşı olan "Esim Software" şirkəti səhiyyə sahəsində ixtisaslaşıb və 24 illik təcrübəsi ilə Türkiyənin Tətbiqi Proqramlar sektorunda bir sıra nailiyyətlər əldə edib. Şirkətin Mərkəzi Neftçilər Xəstəxanasında həyata keçirdiyi layihə çərçivəsində göstərilən xidmətlərdən 90 minə yaxın dövlət neft işçisi və onların ailələri yararlana bilir.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL