waplog

Neft Fonduna məxsus daşınmaz əmlak telekommunikasiya sahəsində ən böyük şirkətlərdən olan “S&K Qrup”a icarəyə verilib


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən və dəyəri 447 milyon ABŞ dolları təşkil edən "PaynAvenyu A qülləsi" ofis kompleksini satın alıb.
 
Seulda əldə edilmiş daşınmaz əmlak kompleksi Neft Fondu tərəfindən Asiya və Sakit okean hövzəsində həyata keçirilən bu tipli ilk investisiyadır. Binanın ümumi ərazisi təqribən 65 000 kvadrat metr təşkil edir və bütünlüklə Cənubi Koreyanın ən böyük şirkətlərindən olan "S&K Qrup" tərəfindən icarəyə götürülüb.
 
 "S&K Qrup"-un əsas biznes istiqamətləri enerji və telekommunikasiya sahələridir.
 
Qeyd edək ki, bu qrup tərəfindən idarə edilən "SK Telecom" Cənubi Koreyanın ən böyük simsiz telekommunikasiya operatorudur. Hətta şirkət 2006-cı ildə mobil telefona baza stansiyasından məlumatların yüksək sürətli paket ötürməsini – HSDPA-nı (High-Speed Downlink Packet Access) dünyada ilk kommersiyalaşdıran qurum hesab edilir. 2004-cü ildə isə "SK Telecom" dünyada mobil qurğulara rəqəmli siqnalı ötürməyə icazə verən texnologiya əsaslı ilk DMB (Digital Multimedia Broadcasting) peykini -  "Hanbyul"-u orbitə buraxıb.
 
2008-ci ildən etibarən bazarda 50,5%-lik paya malik olan şirkətin cari xidmətlərinə simli və simsiz multi-internet xidmətləri, maliyyə xidməti, multimedia xidməti, telematik xidmətlər, "DigitalHome" və s. daxildir.
 
ARDNF-dən bildirilib ki, daşınmaz əmlakın alınması prosesi kompleksin dörd sahibinin adından (NongHyup Bank, NongHyup Həyat sığorta şirkəti, Vuri Bank və KDB Həyat sığorta şirkəti) çıxış edən Miraye Vəsaitlərin İdarə edilməsi şirkəti tərəfindən təşkil edilən auksion vasitəsilə həyata keçirilib.
 
"PaynAvenyu A qülləsi" Seulun biznes mərkəzində - aparıcı Koreya və beynəlxalq təşkilatların ofislərinin cəmləşdiyi ərazidə yerləşir. Binanın tikintisi 2011-ci ildə başa çatdırılıb və son dövrlər ərzində Seul biznes mərkəzində yerləşən ən cəlbedici investisiya aktivlərindən biridir.  Əmlakın A klass sinfinə aid olması icarədarların bütün tələblərini cavablandıraraq binanın uzun müddətdə dəyərinin artmasına zəmin yaradır.
Daşınmaz əmlak üzrə xalis illik icarə haqqı 23,4 milyon ABŞ dolları təşkil edir.
 
ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov Asiyada həyata keçirilmiş daşınmaz əmlak investisiyasından söz açıb:
 
 "Biz bir ilə yaxın müddətdir ki, Asiyanın ən böyük paytaxt şəhərlərində daşınmaz əmlaka investisiya imkanlarını nəzərdən keçirirdik və nəhayət bugün Seulda ilk belə yatırımın həyata keçirilməsini açıqlamaqdan məmnunluq duyuram. Bu əhəmiyyətli bir investisiyadır və bizim son dövrlərdə stabil gəlirlilik nümayiş etdirən Asiya daşınmaz əmlak bazarına olan etimadımızın göstəricisidir. Biz gələcəkdə də Asiya və Sakit okean hövzəsində investisiya imkanlarını dəyərləndirəcəyik".
 
Qeyd edək ki, Dövlət Neft Fondu 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı əsasında neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycanın əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə yaradılıb.
 
1 mart 2014-cü il tarixinə ARDNF-nin vəsaitlərinin ümumi həcmi 36 319 milyon ABŞ dolları təşkil edir. Qeyd edilən daşınmaz əmlaka investisiya "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a, bu qaydalara uyğun olaraq qəbul edilmiş yeni investisiya siyasətinə əsasən həyata keçirilib.
 
Yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri səhmlərə, 5 %-ə qədəri qızıla, eləcə də eyni həcmdə vəsaiti, yəni 5%-ə qədəri daşınmaz əmlaka investisiya edilə bilər.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL