“3D” televizorlar bazarının həcmi 19 dəfə artıb
Ötən il üçölçülü təsviri "3D" dəstəkləyən televizorların satış həcmi 8,3 faiz artıb. "DisplaySearch" analitik şirkətinin məlumatına görə, 2013-cü ildə dünya bazarına ümumilikdə 44,97 milyon belə qurğu tədarük edilib. 2012-ci ildə bu göstərici 41,51 milyona bərabər olub.
Analitiklərin hesablamalarına əsasən, dörd il əvvəl qeydə alınan rəqəmlərlə müqayisədə irəliləyiş daha çox nəzərə çarpır. Belə ki, 2010-cu ildə "3D" televizorların satışlarının 2,26 milyon ədəd səviyyəsində olmasını nəzərə alsaq bazarın həcmi 19 dəfə artıb.
Həmçinin qeyd olunur ki, "3D TV" 2013-cü ildə dünyada satılan düzpanelli televizorların ümumi sayının 20,6 faizini təşkil edib. Mütəxəssislər belə modellərin bazar payının ilk dəfə 20 faizlik həddi ötməsini xüsusi vurğulayırlar.
Mütəxəssislər müəyyən ediblər ki, "Samsung Electronics" şirkətinin televizor çeşidində "3D" funksiyalı televizorların payı 24,3 faizə bərabərdir. "LG Electronics" və "Sony" şirkətlərinin məhsullarında belə modellərin nisbəti müvafiq olaraq 25,9 və 19,5 faiz qiymətləndirilir.
"3D" formalı televizorlar bazarında Çin istehsalçıları da fəaliyyətlərini aktiv şəkildə genişləndirirlər. Məsələn, "Skyworth" şirkətinin TV qurğularının 35 faizi üçölçülü təsviri dəstəkləyir. Çinin digər "Hisense" və "TCL" şirkətlərində belə televizorların payı müvafiq olaraq 37,1 və 21,2 faizdir.
Ekspertlər bildirirlər ki, "3D" funksiyasını dəstəkləyən televizorların satışının artması displey sahəsinin daha perspektivli sektoru hesab edilən 3840×2160 təsvir ölçüsünə malik "Ultra HD" formatlı TV qurğular bazarında yüksəlişdən sonra başlayıb.
"DisplaySearch" ekspertləri əvvəlki araşdırmalarının birində 2013-cü ildə yüksək təsvir ölçüsünü dəstəkləyən maye-kristal televizorların dünya üzrə tədarükünün 1,6 milyon ədədə çatdığını qeyd edərək Çinin belə qurğular üçün nəhəng bazar olaraq qaldığını vurğulayıblar.
Şirkətin proqnozuna görə, 2014-cü ildə "UHD" formatlı televizor panellərinin satışı 2013-cü ildəki 3 milyondan 21 milyonadək artmalıdır, - "DailyComm" www.dailycomm.ru yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL