Heydər Əliyev Fondunun dəstəyi ilə əlilliyi olan şəxslərin İKT-dən istifadə imkanlarının yaradılması üçün 3 Regional İnformasiya Mərkəzi yaradılıb
Heydər Əliyev Fondunun dəstəyi ilə əlilliyi olan şəxslərə İKT-dən istifadə imkanlarının yaradılması üçün respublikamızın artıq 3 bölgəsində Regional İnformasiya Mərkəzi yaradılıb. Bu mərkəzlərdə əlilliyi olan şəxslərə Brayl əlifbası ilə nəşr olunmuş kitablar təqdim olunur, həmçinin nitq və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün filmlərin nümayiş olunduğu kinozallar, əqli cəhətdən zəif insanlar üçün zehni inkişaf etdirən kompüter oyunları otağı fəaliyyət göstərir.
Bu sahədə artıq hökumətin qətiyyətli mövqeyi var və əvvəllər yaradılmış infrastrukturun imkanlar daxilində əlilliyi olan şəxslərin istifadəsinə uyğunlaşdırılması ilə yanaşı, yeni istifadəyə verilən obyektlərdə bu məsələ nəzərə alınır və həllini tapır. Əmək və əhalinin sosial müdafiəsi naziri, iqtisad elmləri doktoru, professor Səlim Müslümov bu fikri YAP-a müsahibəsində qeyd edib.
Nazirin sözlərinə görə, artıq 2 aydan çoxdur ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni Qanun layihəsi hazırlanaraq nazirliyin rəsmi internet saytında (http://www.mlspp.gov.az) yerləşdirilib: "Həm ictimaiyyətin, həm də qeyri-hökumət təşkilatlarının müvafiq rəyləri nəzərə alınmaqla layihənin son variantı hökumətə təqdim olunacaq.
"Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni Qanun layihəsinə və "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Proqramı"nın layihəsinə bununla bağlı xüsusi maddələr daxil edilib. Həmin maddələrdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların İKT-dən istifadəsi üçün şəraitin yaradılması, mövcud infrastruktur obyektlərinin, yaşayış binalarının, iş yerlərinin, mədəni-tamaşa müəssisələrinin və idman qurğularının həmin insanların istifadəsi üçün uyğunlaşdırılması və s. ifadə olunub".
Nazir qeyd edib ki, hazırda Azərbaycan əhalisinin 5,6 faizi, yəni 530 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Azərbaycanda 62 860 nəfərə yaxın sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq var.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL