Gürcüstanın “DTH” platforması “Azərspace-1” peyki üzərindən yayıma başlayır
Azərbaycanın peyk operatoru "Azərkosmos" ASC və Gürcüstanda "DTH" (Direct-to-Home, birbaşa peyk yayımı) operatoru kimi fəaliyyət göstərən "Iveriasat" şirkəti arasında "Azərspace-1" peykinin tutumlarının uzunmüddətli icarəsinə və DTH platformasının peykə çıxarılmasına dair müqavilə bağlanıb.
Sözügedən qapalı platformanın peyk üzərindən yayıma çıxarılması platformaya daxil olan kanallara Gürcüstanla yanaşı, Avropa və Yaxın Şərq ərazisində də baxmaq imkanı verəcəkdir. "TV11", "Global Media Group" və "Viasat" kimi populyar kanal paketlərinin daxil olduğu platforma 60-dan çox kanalı özündə birləşdirəcəkdir.
"Iveriasat" şirkəti "DTH" xidmətlərini göstərərək Gürcüstanın SD (standard rezolyusiyalı) və HD (yüksək rezolyusiyalı) formatında olan televiziya və radio kanallarının "MPEG4" standartında kodlaşdırılmış yayımını təşkil edir. Sözügedən şirkətin cari ilin 11 aprel tarixində Tbilisi şəhərində keçirilmiş rəsmi açılış mərasiminə qatılan "Azərkosmos" ASC-nin nümayəndə heyəti ilə "Iveriasat" şirkəti arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə edilib.
Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli yayım, "VSAT" şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılmış və "Azərkosmos" tərəfindən idarə edilən "Azərspace-1" peyki 46 dərəcə Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL