waplog

Şəxsi istifadə üçün ölkəyə gətirilən mobil cihazın qeydiyyata alınması həm elektron, həm də yazılı müraciət etmə üsulları ilə aparılacaq


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda Nazirlər Kabinetinin 08.04.14 tarixli 99 nömrəli qərarı ilə dəyişikliklər edilib.
 
Dəyişikliyə əsasən, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil cihazları ölkəyə idxal edən hüquqi şəxslər tərəfindən qeydiyyatla bağlı tələb olunan sənədlərin sayı azaldılıb. Eyni zamanda, qeydiyyat üçün sənədlərə baxılma müddəti 3 (üç) iş günündən 2 (iki) iş gününə endirilib.
 
Yeni dəyişikliklərə əsasən, hüquqi və ya fiziki şəxslərə mobil telefon cihazlarından MCQS tərəfindən mobil (sellülar) telekommunikasiya operatorları ilə birgə təşkil edilmiş vahid nömrəyə qısa mesaj (SMS) göndərməklə mobil cihazların “IMEI” nömrələrinin mövcud statusu barədə məlumat alınması təmin edilir.
 
Bununla yanaşı, şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması şəxsin istəyinə uyğun olaraq həm elektron, həm də yazılı müraciət etmə üsulları ilə aparılacaq.  Elektron müraciət etmə üsulu  “Elektron hökumət” portalına daxil olaraq müvafiq avtorizasiya prosesini keçməklə mobil cihaza dair məlumatların daxil edilməsi yolu ilə yerinə yetirilir.
 
Yazılı müraciət etmə üsulu isə əvvəlki qaydada, yəni mobil cihazı ölkəyə gətirən şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların müştəri xidmətlərinə, yaxud poçt şöbəsinə müraciət edilməklə yerinə yetiriləcəkdir. Müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənədin əslini qeydiyyat mərkəzinə (mobil operatorların müştəri xidmətlərinə və ya poçt şöbəsinə) baxış üçün təqdim edir, gətirdiyi mobil cihazın markasını, modelini və “IMEI” nömrəsini bildirməklə yanaşı, mobil cihazının qeydiyyata alınması üçün ərizə formasını (3 nömrəli əlavə) doldurur.
 
Yeni dəyişikliyə əsasən, itirilmiş və ya oğurlanmış mobil telefon cihazının “IMEI” nömrəsi qara səhifəyə daxil edilməzdən əvvəl, bu halda həmin “IMEI” nömrəli mobil telefon cihazı ilə istifadə edilən nömrəyə “bu mobil cihaz itirilmişdir, yaxınlıqdakı polisə könüllü surətdə təqdim etməyiniz xahiş olunur” qısa mesajı da göndəriləcək.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL