Fransa şirkətinin orbitə çıxarılacaq Azərbaycan peyki üzrə birgə kommersiya fəaliyyətinə qoşulmaq təklifi araşdırılır
Yer səthinin kosmosdan müşahidə edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində yüksək ayırdetməli aşağı orbitli peykin orbitə çıxarılması üzrə artıq tender elan olunub.Onun hazırlanması isə təxminən 30 ay davam edəcək.
Bu fikri jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib. Nazir qeyd edib ki,eyni zamanda orbitə çıxarılacaq peyklərdən birinin istismarı üzrə müştərək kommersiya fəaliyyətinə qoşulması üçün Fransanın “AirbusAstrium” şirkətindən “Azərkosmos” ASC-yə təklif gəlib və hazırda bu təklif məsləhətçi şirkətlər və ekspertlər tərəfindən araşdırılır. Kommersiya layihəsi üzrə verilən təklif iqtisadi cəhətdən “Azərkosmos” üçün əlverişli olduğu təqdirdə, qəbul olunacaq.
Tenderdə iştirak edən şirkətlərin sayının artması səbəbindən tender üçün nəzərdə tutulan müddətin bir qədər də uzadıldığını deyən nazir əlavə edib ki, şəffaf və dəqiqliklə təşkil olunmuş tenderin qalibləri yaxın vaxtlarda elan olunacaq.
Növbəti peyk layihələrindən də söz açan Ə.Abbasov bildirib ki, “Azərkosmos” ASC və ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında imzalanmış Qrant Müqaviləsinə uyğun olaraq keçirilmiş tenderin nəticəsinə əsasən qalib elan edilmiş “GlobalResources” şirkəti tərəfindən “Azərspace-2” ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanılıb. Bundan başqa,ötən müddətdə ilk telekommunikasiya peykinin tutumunun satışı üzrə işlər davam etdirilib. Bu gün “Azerspace-1” öz kommersiya fəaliyyətini getdikcə gücləndirməkdədir. Əgər peykin istismarı üzrə ötən il 10 milyon dollarlıq ixrac həyata keçirilibsə, bu il ixrac potensialının 15 milyon dollara qədər artacağı proqnozlaşdırılır. Peykin xidmətlərindən istifadə etmək məqsədilə ölkə daxilində də yeni müştərilərin artdığını deyən Ə.Abbasov qeyd edib ki, plana əsasən, “Azerspace-1” üzrə kreditlərin ödənilməsi üçün bu il də Maliyyə Nazirliyinin köməyindən istifadə ediləcək. Növbəti ildən isə peyk rentabelli fəaliyyətinə başlayacaq.
Qeyd edək ki, “Azerspace-1” və digər peyklərdən yayımı həyata keçirilən ümumrespublika, regional və xarici televiziya kanallarının həmçinin səs və datanın peyklərə ötürülməsini təmin etmək məqsədilə İdarəetmə Mərkəzinin ərazisində Yayım Mərkəzinin qurulması üzrə işlər davam etdirilib. Bu məqsədlə müvafiq avadanlıqlar gətirilərək quraşdırılıb. Yayım Mərkəzinin 2014-cü ilin II rübündə tam quraşdırılaraq istifadəyə verilməsi nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL