waplog

“İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və perspektivləri” mövzusunda elmi konfrans keçirilib


Bu gün “Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri” İctimai Birliyinin (RİTM İB) təşkilatçılığı ilə Beynəlxalq Rabitə Akademiyası (BRA) ilə birlikdə “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və perspektivləri” mövzusunda elmi konfrans keçirilib.
 
Tədbirdə RİTM İB sədri Siruz Abasbəyli Azərbaycanda İKT sahəsində görülən işlərdən danışaraq ölkədə bu sektor üzrə böyük inkişafın müşahidə olduğunu söyləyib.
 
O bildirib ki, artıq respublika əhalisinin 70 faizindən çoxu internet istifadəçisidir. Ölkə ərazisinin hər bir nöqtəsində beynəlxalq şəbəkəyə qoşulmağın mümkünlüyündən söz açan birlik sədri qeyd edib ki, bu gün nəinki böyük şəhərlərdə, eləcə də hər bir ucqar kənddə internetə çox rahat formada daxil olmaq mümkündür:
 
 “Azərbaycan höküməti ölkədə İKT sahəsinin daha da inkişaf etdirilməsində maraqlıdır. Bu məqsədlə aprel ayının 2-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edildi. Bu strategiya qarşımıza bir sıra hədəflər qoyub. Mən əminəm ki, əldə olunan uğurlar və tutulan inkişaf yolu müəyyən edilən hədəflərə çatmaqda yardımçı olacaq”.
 
 
Azərbaycanda “2013-cü ilin “İKT ili” elan edildiyini və bu il çərçivəsində ölkədə çox mühüm işlərin görüldüyünü deyən S.Abasbəyli ilk telekommunikasiya peykinin orbitə çıxarıldığını və hazırda geniş  xidmətlər təqdim etdiyini xatırladıb.
 
 
 “Elektron hökumət” quruculuğu istiqamətində naliyyətlərin əldə edildiyini də vurğulayan birlik sədri qeyd edib ki, hazırda bütün dövlət orqanlarının göstərdiyi xidmətlər “Elektron hökumət” portalında cəmləşib və əhali ondan rahat formada istifadə edir.
 
Azərbaycanda elektron  imzanın tətbiq olunduğunu, eləcə də “e-imza” sahiblərinin sayının gündən-günə artdığını deyən S.Abasbəyli bu istiqamətdə qanunvericilik sahəsində də mühüm  addımların atıldığını bildirib:
 
 “Bu gün Azərbaycan yüksək texnologiyalar sahəsində naliyyətlər əldə edir. Əldə olunan nəticələr tətbiq olunur. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanda texnoparklar yaradılıb. Burada yeni fəaliyyətə başlayan şirkətlər üçün geniş imkanlar yaradılıb. Üstəlik, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bütün bunlarla yanaşı, startupların da inkişafı üçün böyük imkanlar yaradıb.  Nazirliyin nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu startuplara qrantlar və eləcə də kiçik faizli kreditlər verir”.
 
 
Beynəlxalq Rabitə Akademiyasının prezidenti, xanım Ositis Anastasiya Petrovna çıxış edərək bildirib ki, Azərbaycanın əldə etdiyi naliyyətlər sevindiricidir. Bakıya hər gəlişində müxtəlif yeniliklərlə qarşılaşdığını söyləyən BRA prezidenti artıq gördükləri inkişafın onları təəccübləndirmədiyini deyib: “Çünki Azərbaycan sürətli inkişaf yolu tutub. Onun  regionda nüfuzu artmaqdadır. Ölkədə internetin yayılması, elektron xidmətlərin genişlənməsi, heç bir məhdudiyyətin qoyulmaması, azad elektron KİV-in genişlənməsi birbaşa olaraq əhalinin rifahı üçün nəzərdə tutulub”.
 
Daha  sonra Azərbaycan Texniki Universitetinin kafedra müdiri, texnika elmləri doktoru Famil Məmmədov çıxış edərək ölkənin İKT sahəsində əldə etdiyi nailiyyətlərdən və bu istiqamət üzrə inkişaf strategiyasından danışıb: 
 
“Bu gün İKT iqtisadiyyatın inkişaf etdirilməsində, cəmiyyətin informasiyalaşdırılmasında, korrupsiya ilə mübarizədə, cəmiyyətin demokratiyalaşmasında  əsas vasitədir. Hazırda informasiya-kommunikasiya texnologiyaları təhsil, səhiyyə, biznes, dövlət idarəçiliyi sahələrinin tərkib hissəsini təşkil edir”.
 
 
Sonda bir neçə yeni üzv BRA-ya qəbul edilərək onlara xüsusi diplomlar və döş nişanları təqdim olunub.
 
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL