waplog

“Startup Azərbaycan 2014” layihəsinə start verilir


Bu gün milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək üçün nəzərdə tutulmuş "Startup Azərbaycan 2014" layihəsinə   start verilir.
 
Layihənin Təşkilat Komitəsindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, "Startup Azərbaycan" layihəsinin əsas məqsədlərindən biri bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə internet biznes mühitini yaxşılaşdırmaq, investorların sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.
 

Layihə çərçivəsində milli startupların müsabiqəsinin, startupçılar üçün təlimlərin, universitetlərdə Startup görüşlərinin, Startup günlərinin, investorlarla görüşlərin keçirilməsi nəzərdə tutulur. Müsabiqədə fərqlənən startuplara yerli və xarici ekspertlərin dəstəyi ilə xüsusi təlimlər keçiriləcək.
 
"Startup Azərbaycan 2014" çərçivəsində layihələr  "www.startup.az" resursunda may ayının sonunadək qəbul olunacaq. Layihələrlə bərabər investorlar, mentorlar , developerlər və İT mütəxəssisləri də bu resursda qeydiyyatdan keçə bilərlər.
 
 Yarışma 2 mərhələdə həyata keçirilir. "Startup Azərbaycan" çərçivəsində yarışmalarda iştirak edən startupların ekspert qiymətləndirilməsi təşkil olunur. Ekspertlər İT, maliyyə və marketinq sahəsində tanınmış təcrübəli mütəxəssislərdən ibarət olmaqla "Startup Azərbaycan" tərəfindən formalaşdırılıb. Ekspertlər özlərinə aid olan startupların qiymətləndirilməsində iştirak etmirlər.
 

Ekspertlərin dəyərləndirməsi əsasında 1-ci mərhələdə yarımfinalçılar müəyyən olunur, onların təqdim etdikləri biznes-planlar əsasında yenidən qiymətləndirmə həyata keçirilir və məhdud sayda qaliblər müəyyən olunur. Qaliblər qapalı formada keçirilən görüşdə investorlar qarşısında öz startuplarının təqdimatlarını edirlər. 

"Startup Azərbaycan" komandası layihənin yekununda uğurlu hesab edilən qalibləri Yekun Təqdimat mərasimində təqdim edir, qiymətli hədiyyələr və diplomlarla mükafatlandırır, onları investorlara təqdim edir. Qeyd edək ki, qalib startupların müəllifləri üçün Yüksək Texnologiyalar Parkında iş şəraiti yaradılacaq.
 

"Startup Azərbaycan" layihəsi çərçivəsində ənənəvi "Startup Azərbaycan 2014" Milli Konfransının iyun ayının sonunda keçirilməsi nəzərdə tutulur. Konfrans ölkədə İnternet-biznes üçün investisiya imkanları mövzusunu əhatə edəcək.
 
 Konfransda dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin nümayəndələrinin, xarici ekspertlərin, ölkənin tanınmış İT mütəxəssislərinin, uğurlu startup təmsilçilərinin və investorların iştirakı nəzərdə tutulur.

"Startup Azərbaycan" layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu dəstək verir.

 "Startup Azərbaycan"ın akademik partnyoru ADA Universitetidir. 

Yüksək Texnologiyalar Parkı, "İnfiPro", "SİNAM" və "Bakcell" şirkətləri "Startup Azərbaycan"a dəstək verir və sponsorluq edirlər.
 
Aynur  Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL